“2023-cü ildə Böyük
Bəylər kəndində “Kəndə dəstək proqramı” çərçivəsində keçirilmiş
ümumi toplantıda iştirak edən vətəndaşlar səs çoxluğu ilə idman
meydançasında trenajorların quraşdırılması layihəsini
dəstəkləyiblər”,
- Marneuli meriyası “Marneuli” radiosunun məktubuna cavab olaraq
yazır. Biz məktubda Mareuli Bələdiyyə Məclisinin cari ilin 4
aprelində qəbul etdiyi qərarın aydınlaşdırılmasını tələb edirdik.
Marneuli Bələdiyyə Məclisinin Məkan-Ərazi Planlaşdırılması və
İnfrastruktur Komissiyasının sədri Adil Əliyev Bələdiyyə Məclisinin
iclasında çıxışı zamanı deputatlara bildirdi ki, məktubla 2023-cü
ilin kəndə dəstək proqramı çərçivəsində layihənin dəyişdirilməsini
və bəyənilməsini tələb edirlər.
Söhbət Böyük Bəylər kəndindən gedir. Əliyevin sözlərinə görə, əhali
suvarma kanalı üzərində körpünün əvəzinə yola çınqıl tökülməsini
tələb edib. Demək olar ki, Əliyevin sözləri meriya tərəfindən
göndərilmiş cavaba uymur və Bələdiyyə Məclisində qəbul edilmiş
qərar əhalinin istəyi deyil.
Aprelin 6-dan sonra Böyük Bəylər kəndində layihənin dəyişdirilməsi
ilə bağlı 2023-cü il aprelin 4-də Bələdiyyə Məclisinə çıxarılan
məsələnin məzmununu və həqiqiliyini öyrənmək üçün Marneuli
meriyasından cavab gözləyirdik.4 aprel tarixində məlum olub ki,
Böyük Bəylərdə suvarma kanalı üzərində körpünün tikilməsi əvəzinə
əhalinin xahişi ilə yola çınqıl töküləcək.
“Marneuli” radiosu yerli sakinlərdən layihənin dəyişdirilməsi
barədə məlumatlarının olub-olmadığını soruşub. Sorğuda iştirak
edənlərin əksəriyyəti inanırdı ki, körpünün tikilməsi yaxın zamanda
onsuz da başlayacaq. Çünki onun düzəldilməsini ötən il
dəstəkləyiblər və layihənin dəyişdirilməsi barədə heç nə
eşitməyiblər. O zaman meriya bu məsələ ilə bağlı ünsiyyət olaraq
ənənəvi yazılı ünsiyyəti seçib.
Meriyadan nə soruşduq:
“4 aprel tarixində qeyd olunan məsələyə nəyin əsasında
səs verilib, sakinlər meriyaya məktub vermişdilər, yoxsa yox,
məktubda neçə imza var və nə vaxt qeydiyyatdan keçirilib. Xahiş
edirik, həmçinin, Böyük Bəylər kəndində 2022-ci ilin kəndə dəstək
proqramı çərçivəsində hansı layihənin həyata keçirildiyi barədə
məlumat da verəsiniz”.
Bizə nə yazıblar:
“Cari ildə Böyük Bəylər kəndində “Kəndə dəstək
proqramı” çərçivəsində keçirilmiş ümumi toplanıtda iştirak edən
vətəndaşlar səs çoxluğu ilə idman meydançasında trenajorların
quraşdırılması layihəsini seçiblər. 2022-ci ildə qeyd olunan
proqramla ayrılmış vəsait daxili yollara çınqıl tökülməsi üçün
nəzərdə tutulub”.
Cavab natamamdır və bizim yazdığımız suala cavab verilmir. Yeganə
cavab verilən məsələ olaraq 2022-ci ilin kəndə dəstək proqramı ilə
həyata keçirilmiş layihənin adını hesab edə bilərik. Ancaq heç o da
meriyanın veb-səhifəsində yayımlanmış rəsmi sənədə uyğun gəlmir.
Marneuli bələdiyyəsinin 2022-ci il “kəndə dəstək proqramı”
çərçivəsində həyata keçiriləcək layihələrin siyahısında yazılıb ki,
Böyük Bəylərdə əhali kanal üzərində körpünün tikilməsini
dəstəkləyib.
Bütün bunları nəzərə alaraq hələ də suallar cavabsız və anlaşılmaz
olaraq qalır, Bələdiyyə Məclisi Böyük Bəylərdə layihənin
dəyişdirilməsinə nəyin əsasında səs verib, ərizədə neçə imza var
idi, ötən il kəndə dəstək proqramı ilə nə edilib - məlum deyil.