Marneuli, Bolnisi və Dmanisi USAİD-in qarşılıqlı anlaşma memorandumunu imzalayıblar
Bu gün, 19 aprel tarixində Marneulidə qarşılıqlı anlaşma memorandumunun imzalanması tədbiri keçirilib.

Memorandum ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) yerli özünüidarə proqramı və Marneuli, Bolnisi, Dmanisi bələdiyyələri arasında bağlanıb. Qarşılıqlı anlaşma memorandumları ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyinin (USAİD) yerli özünüidarə proqramı və bələdiyyələr arasında əməkdaşlığın əsasını əks etdirir. Bu qeyd olunan bələdiyyələrin fəaliyyətinin və bələdiyyənin yaşayış məntəqələrində yaşayan sakinlərin yaşam tərzinin yaxşılaşdırılmasına dəstək olacaq. USAİD-in Gürcüstan Demokratiya, İnsan Hüquqları, İdarəetmə ofisinin Demokratiya və İdarəetmə məsələləri üzrə baş müşaviri Korin Rotblum “Marneuli” radiosuna bildirdi ki, əməkdaşlıq yerli özünüidarə, vətəndaşlar, QHT, özəl sektor arasında dialoqa, tərəfdaşlığa, dövlət xidmətlərinin yaxşılaşdırılmasına dəstək olacaq.

“Artıq qeyd olunduğu kimi, bu proqram dil maneəsinə baxmayaraq bütün vətəndaşlar üçün nəzərdə tutulub. Onlar yerli özünüidarənin proseslərində iştirak edə bilərlər. Ehtiyaclarını bildirə və onların ehtiyaclarının nəzərə alınması üçün bütün qurumlarla, eləcə də yerli özünüidarə, vətəndaş və özəl sektorla işləyə bilərlər. Bizim bütün proqramlarımız maksimum dərəcədə vətəndaşlar, onların tələbləri, fiziki imkanları məhdud şəxslər, qadınlar üçün nəzərdə tutulub”,
– Korin Rotblum bildirdi.

Qarşılıqlı anlaşma memorandumunun imzalanması zamanı Marneuli meri Kənan Ömərov USAİD-in proqramına qoşulduqları üçün minnətdarlığını bildirib və ümid edib ki, onlarla işləmək bələdiyyə üçün səmərəli olacaq.



Sevinirəm ki, USAİD-in yeni proqramı çərçivəsində bizim bələdiyyə də seçilib. Düşünürəm ki, bizim əməkdaşlığımız daha uğurlu və səmərəli olacaq”.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze də çıxış edib və bildirib ki, Marneulidə 5 il ərzində həyata keçiriləcək proqram vətəndaşların yerli özünüidarəyə qoşulmasına mühüm dərəcədə dəstək olacaq.

“Bizim bələdiyyə üçün beynəlxalq təşkilatlarla effektiv əməkdaşlıq mühümdür. Sevinirəm ki, Gürcüstan miqyasında Marneuli USAİD-in yerli özünüidarə proqramlarını həyata keçirəcəyi 11 bələdiyyə arasında yer alıb. Bu bizim ölkədə aparılan desentralizasiya və dövlət idarəsi islahatlarının həyata keçirilməsinə dəstək olacaq. Eləcə də vətəndaşların proseslərdə iştirakına kömək edəcək”.




USAİD-in yerli özünüidarə proqramı 5 illik təşəbbüsdür və vətəndaş cəmiyyəti, özəl sektorla Gürcüstanın desentralizasiya strategiyasının məqsədlərinə nail olmaq üçün mərkəzi hakimiyyəti, yerli özünüidarə nümayəndələrini birləşdirir. Proqram yerli özünüidarə səviyyəsində hesabatlılığın gücləndirilməsi istiqamətində işləyir və müvafiq mərkəzi dövlət qurumlarına desentralizasiya, dövlət idarəçiliyi islahatını həyata keçirməkdə dəstək olur. Proqram vasitəsilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ən az 22 bələdiyyəni dəstəkləyəcək və əlavə bələdiyyələrin təhsil, təcrübənin bölüşülməsi, məlumat mübadiləsi-yayımlanması fəaliyyətlərinə qoşulmasını təmin edəcək.


Memorandumun imzalanması mərasimində Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Bolnisi meri Davit Şerazadişvili, Bolnisi Bələdiyyə Məclisinin sədri Tamaz Jorjoliani, Dmanisi meri Koba Muradaşvili, Dmanisi Bələdiyyə Məclisinin sədri Paata Kuliaşvili, eləcə də qeyd olunan bələdiyyələrdən dövlət məmurları iştirak edirdilər. Tədbiri USAİD-in Gürcüstan Demokratiya, İnsan Hüquqları və İdarəetmə ofisinin Demokratiya və İdarəetmə məsələləri üzrə baş müşaviri Korin Rotblum, Gürcüstanın Regional İnkişaf və İnfrastruktu nazirinin müavini Mzia Qiorqobiani və USAİD-in yerli özünüidarə proqramının rəhbəri Kevin Makloklin açıblar.

Print Email
FaceBook Twitter Google