Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə alınmış tullantılar toplayan texnika neçə kəndə xidmət göstərir
Marneuli meriyası Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tullantıları toplayan texnika alıb. Qrant dəyəri 82 243 ABŞ dollar təşkil edib. Texnika “Təmiz Marneuli”-yə verilib və bir neçə kəndə xidmət göstərəcək. Şirkət rəhbəri Leri Mumladze bizimlə söhbət zamanı bildirdi ki, kəndlərdən həftədə bir neçə dəfə tullantılar daşınır.

“Tsereteli, Saimerlo, Norqiul, Tamarisi, Hallavar, Dioqnisi, Şaumyan, Xixani, Tserakvi, Sioni, Ağkula – bunlar yeni texnika ilə tullantılar daşıdığımız kəndlərdir. Elə kəndlər var ki, həftədə iki dəfə, bəzən üç dəfə gedirik”, – Leri Mumladze bildirdi.

Mumladzenin sözlərinə görə, bələdiyyədə yeni, 800 ədəd zibil qabı var. 350 artıq Marneuli şəhəri və bir neçə kəndə bölünüb. Qalan zibil qablarını isə mərhələ ilə paylayacaqlar.

Qeyd edək ki, 6 aprel tarixində, Yaponiyanın Gürcüstanda Fövqəladə və Tamhüquqlu səfiri İmamura Akira Marneuliyə səfər etmişdi.

Meriya tərəfindən yayımlanmış məlumata görə, səfərin məqsədi Yaponiya səfirinin insan təhlükəsizliyi qrant proqramı çərçivəsində əldə edilmiş maliyyə ilə alınmış, tullantıları toplayan texnikanın meriyaya təqdim edilməsi idi.

Görüşdə Marneuli bələdiyyə meri Kənan Ömərov, Kvemo Kartli dövlət qubernatoru Qiorqi Doxturişvili, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və bələdiyyənin başqa rəhbər şəxsləri iştirak edirdilər.

Print Email
FaceBook Twitter Google