Bələdiyyə Məclisi yaşıllığa qulluq göstərilməsi ilə bağlı yeni qərar qəbul edib
Marneuli Bələdiyyə Məclisinin növbədənkənar iclasında yaşıllığa qulluq göstərilməsi ilə bağlı yeni qərar qəbul edilib.

Məsələni meriyanın inzibati xidmətinin rəhbəri Mamuka Şubitidze müzakirəyə çıxarıb və qeyd edib ki, qərar bələdiyyədə hansı bitkilərin əkiləcəyi, hansı ağacların budanacağı və ya kəsilməli olacağını müəyyən edən məsələləri əhatə edir.

“Bələdiyyə tərəfindən bələdiyyə ərazisində yaşıllığa və yaşıllaşdırılacaq ərasilərə qulluq göstərilməsi, bərpa qaydasının təsdiqlənməsi haqqında təşəbbüs irəli sürülüb. Qeyd olunan qaydada hansı növ bitkilərin bələdiyyə ərazisində əkiləcəyi, hansı ağacın kəsilməli olduğu və budanma işlərinin necə həyata keçiriləcəyi yazılıb”,
– Mamuka Şubitidze bildirib.

Deputatlar qeyd olunan məsələni dəstəkləyiblər. Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, qərar qəbul olunduqdan sonrakı mərhələ müvafiq xidmət üçün yazılacaq müddəalardır.

“Yaşıllığa qulluq göstərilməsi ilə bağlı çox mühüm və maraqlı qərar qəbul olundu. Bu qərardan irəli gələrək bitkilərə qulluq, budanma işləri ilə bağlı müddəa yazılacaq”.

Bələdiyyə Məclisinin 21 aprel tarixində baş tutan növbədənkənar iclasında ümumilikdə 10 məsələ müzakirə olunub. Onlar arasında Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsinin təsdiqlənməsi, Marneuli Bələdiyyə Məclisinin 2022-ci il 29 dekabr tarixli 10 saylı sərəncamında dəyişiklik edilməsi haqqında, Marneuli meriyası üçün yanacaq və danışıq limitlərinin müəyyən edilməsi, sosial məsələlərlə bağlı müzakirə aparılır.

Bütün məsələlərlə bağlı müsbət qərar qəbul olunub.
"Marneuli" Radiosu



Print