Marneuli meriyası Yer Kürəsi Günü ilə bağlı 10 məktəbə 900 lari dəyərində ağcaqayın tingləri verib
Marneuli yerli özünüidarəsi Yer Kürəsi Günü ilə əlaqədar olaraq təmizlik və yaşıllaşdırma aksiyaları keçirib. Marneuli meriyası ənənəvi olaraq ekoloji tədbirlərin təşkil edilməsi barədə “Marneuli” radiosuna məlumat verməyib. Amma özünüidarə sosial şəbəkədə tədbirlərin əks olunduğu fotolar yayımlayıb.

“Marneuli yerli özünüidarəsinin təşkilatçılığı ilə Yer Kürəsi Günü ilə əlaqədar bələdiyyədə yaşıllaşdırma və təmizlik aksiyası keçirilib.

Yaşıllaşdırma aksiyası çərçivəsində Marneuli meri Kənan Ömərov və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze meriya binası ərazisinə tinglər əkiblər. Eləcə də kampaniya çərçivəsində Tamarisi, Şulaveri və Şaumyan ictimai məktəblərinin həyətlərində tinglər əkilib. Aksiya çərçivəsində Tamarisinin 9 aprel parkı, Marneuli-Sadaxlı avtomobil yolunun Tsereteli hissəsi, Şulaveri və Şaumyan ictimai məktəblərinin ərazisi təmizlənib”,
– meriyanın yayımladığı məlumatda qeyd olunub.

Marneuli meriyası ekoloji kampaniya çərçivəsində yaşıllaşdırma aksiyasının keçirilməsi üçün 90 ədəd ağcaqayın tingini sadələşdirilmiş qaydada “Aqronet” MMC-dən 900 lariyə alıb. Müqavilə sənədlərində qeyd olunub ki, 90 ting bələdiyyənin 10 ictimai məktəbinə bölünüb.
Candar, Təzəkənd 1 saylı, Saimerlo, Kəpənəkçi, Keşəli və Şaumyan 1, 2, 3 saylı ictimai məktəblərinin hər birinə 10 ədəd, Tamarisi, Şulaveri ictimai məktəblərinə isə hər birinə 5 ədəd ting verilib.

Müqavilə ilə birlikdə Şaumyan kənd 1, 2, 3 saylı ictimai məktəblərinin məsləhətçi-müəllimlərinin ərizəsi də var. Ərizə 2023-cü ilin 6 aprel tarixində, Marneuli meri Cəbab Zaur Darğallının adına yazılıb. Qeyd edək ki, Zaur Darğallı 2020-2021-ci illərdə Marneuli meri vəzifəsini tuturdu. Hazırda Marneuli meri Kənan Ömərovdur.

Məsləhətçi-müəllimlər ümumi ərizədə merdən Yer Kürəsi Gününün qeyd edilməsi üçün onlara ağac tingləri, təmizlik aksiyası üçün lazımı ləvazimatlar verilməsini tələb edirlər.

Print Email
FaceBook Twitter Google