Marneuli bələdiyyəsinin Qızılhacılı uşaq bağçasında qalan işlərin
həyata keçirilməsi və bağçanın həyətinin abadlaşdırılması üçün
üçüncü dəfə tender elan olunub.
May ayında elan edilmiş birinci tenderdə heç kim iştirak etməyib.
İkinci tenderdə isə yalnız bir şirkət – “Hidrogas”-ın Gürcüstan
filialı iştirak edib. Meriya texniki sənədlərə görə, həmin şirkəti
tenderdən kənarlaşdırıb.
Marneuli meriyası Qızılhacılı bağçasının bərpasını 478 909 lariyə
həyata keçirməyi planlaşdırır. Tenderdə iştirak etmək istəyən
şirkətlər 11-14 iyul tarixlərində öz təkliflərini təqdim edə
bilərlər.
Sənədlərə əsasən, qeyd olunan vəsaitlə Qızılhacılı bağçasında dəmir
hasar çəkilməsi və darvaza düzəldilməsi planlaşdırılır. Həyətdə
kanal, bordürlər, dekorativ daşlarla cığırlar, yaşıllaşdırma və s.
salınacaq.
Təxminən iki ildir ki, bağçanın təmir işləri aparılır. Zaur Kərəmov
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bağçanın yeni
tədris ilində açılması planlaşdırılır.
Vəsaitin 24%-i mərkəzi büdcədən, 76% isə yerli özünüidarədən
maliyyələşdirilir.