Tələbələr Marneuli-Qırmızı Körpü istiqamətində hərəkət edən
avtobusun vaxtı-vaxtında işləməməsindən şikayətlənirlər.
Səidə Abdullayeva bacısı ilə birlikdə Tbilisidə təhsil alır. Onlar
ailəsini görmək üçün kəndə gəldikləri zaman çətinliklərlə
qarşılaşırlar. Abdullayeva Kirəç Muğanlı kəndində yaşayır, o, hər
dəfə Tbilisidən Marneuliyə, Marneulidən də kəndə getməli olur.
Səidənin sözlərinə görə, hər dəfə kəndə gəlmək istədiyində ictimai
nəqliyyat tapmır və yolda
qalmamaq üçün qonşu kəndlərin ictimai
nəqliyyatından istifadə edir. Bu isə Səidə üçün vaxt itkisi olur,
eyni zamanda yol xərclərini də artırır.
“Son zamanlar nəqliyyat qaydasında işləmir. Marneulidən
Qırmızı Körpüyə avtobuslar 10-da, 12-də, 2-də və 4-ün yarısı
çıxırlar. Son bir- iki həftədir ki, öz vaxtlarında hərəkət
etmirlər. Bizim dərslərimiz 1-də bəzən də 3-də bitir. Tbilisidən
Marneuliyə gedirik, ancaq 4-ün yarısında çıxana çata bilirik. Amma
o da işləmir. Deyirlər ki, 4-ün yarısı gəlmirsə, 6-nı gözləyin.
Gözləyirik, o da gəlmir. Bu halda isə məcbur olub Qaçağan
marşrutuna minirik. O da Qaçağana qədər gəlir. 7-in yarısı
Qaçağanda oluruq. Ya atam, ya da qohumlardan kimsə gəlir, bizi evə
aparır”.
Səidə deyir ki, hər dəfə başqa kəndlərin nəqliyyatından istifadə
etmək onun yol xərclərinin artmasına gətirib çıxarır. Onun
sözlərinə görə, yol xərclərinin artması tələbə üçün çətin
haldır.
“Başqa bir kənddə düşməyimiz narahatçılıqdır. Qaçağan
marşrutunu tapa bilməyəndə isə İkinci Kosalı marşrutuna minirik.
Əgər onu da tapmasaq, məcbur qalıb taksi tuturuq. Qaçağan marşrutu
ilə 2.50 lariyə gəlirik. Taksi ilə bir nəfər 5 lariyə. Öz
marşrutumuzla gəlsək, cəmi 2 larimiz çıxır. Onlar işləmədiyinə görə
hər dəfə yola 7-10 lari pulumuz çıxır”.
Səidə bildirir ki, onun kimi Tbilisidə qalıb, kəndə gəlmək istəyən
tələbələrin hamısı eyni çətinliklə qarşılaşırlar.