Marneuli miqyasında 14 bağçadan yalnız 11-i fəaliyyət göstərir. Üç
bağçada isə tədris prosesi dayandırılıb.
Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosuna
bildirdi ki, üç bağçanın birində təmir işləri aparılır. İkisində
isə binaları qəzalı vəziyyətdə olduğuna görə yenidən tikilir.
“Artıq Tsereteli bağçasının təməli atılıb və
tikintisinə başlanılıb. Şulaveri bağçasının təməlinin atılması üçün
hazırlıq işləri aparılır. Amma orada problem var. Belə ki, bağça
ərazisindən boru keçir. O boru başqa əraziyə köçürüldükdən sonra
oranın da təməli atılacaq və işlərə başlanacaq. Artıq tender elan
olunub və qalib şirkət müəyyənləşib. Candar ərazisində də bağcanın
tikintisinə başlanımalıdır”.
Uşaq Bağçaları Birliyinin rəhbərinin sözlərinə görə, Marneuli
bələdiyyəsinin 19 ərazi vahidliyində 32 məktəbəqədər hazırlıq
mərkəzi fəaliyyət göstərir.
“İndi də məktəbəqədər hazırlıq mərkəzlərinin artırılma
ehtimalı var. Çünki Təhsil Nazirliyi yeni layihə həyata keçirir. 10
məktəbdə məktəbəqədər hazırlıq qrupları üçün otaqlar təmir
edilib”.
Kərəmov onu da bildirdi ki, növbəti illərdə Marneuli ərazisində 10
yeni bağçanın tikintisi planlaşdırılır. Onlardan üçünün tikintisi
2024-cü ildə nəzərdə tutulub.
İstifadə olunan əsas şəkil "Marneuli" radiosunun arxivdən
götürülüb.