Qapalı təşkilatlar, məhdud məlumat və dayandırılmış inkişaf – Marneulidə “Rus qanunu”-nun gözlənilən nəticələri
16:40 / 11.07.2024
“Xarici təsirin şəffaflığı haqqında” “rus qanunu”nun tətbiqi
nəticəsində Marneuli sakinlərinin müzakirələr aparmaq üçün boş
yerləri olmayacaq,
zorakılığa məruz qalan qadınlara yardım göstərilməyəcək,
azərbaycandilli abituriyentlər milli imtahanlara pulsuz hazırlaşa
bilməyəcək və onlara imtahanlara qeydiyyatdan keçməyə köməklik
göstərilməyəcək. Marneulidə “Gürcü arzusu”-nun xoşuna gəlməyən
bütün qeyri-hökumət və media qurumlarının işi
məhdudlaşdırılacaq.
Xuldərə və Mollaoğlu kəndləri Marneulidən 30 kilometr məsafədə,
Ermənistanla sərhəddə yerləşir. Burada yaşayan gənclərin gürcü
dilini öyrənmək və Gürcüstanda təhsilini davam etdirmək üçün imkanı
az idi. Buna görə, iki müəllim icma mərkəzi təsis etmək və uşaqlar
üçün milli imtahanlara pulsuz hazırlıq xidməti yaratmağa qərar
verdilər. “Yeni Düşüncə İnstitutu” Xuldərə kəndində Avropalı
donorlardan alınan maliyyə ilə yaradılıb. Kəndin inkişafı üçün
işləməyə başlayıblar – qadınların iqtisadi baxımdan
güclənləndirilməsi üçün işlər görüblər, kənddə park yaradıblar,
vətəndaşlara dövlət strukturları ilə ünsiyyət qurmağa kömək
edirlər, gənclərə qeyri-formal təhsil verirlər və ən əsası
abituriyentlərə imtahanlara hazırlaşmaqda, qeydiyyatdan keçməkdə və
universitet seçməkdə kömək edirlər.
İcma təşkilatı vətəndaşlara xidmətləri pulsuz göstərir, çünki
təşkilat özü müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlardan
maliyyə əldə edir. Qeyd olunan xidməti Sadaxlı icma sakinlərinə nə
yerli, nə də mərkəzi hakimiyyət göstərir. “Gürcü Arzusu” tərəfindən
qəbul edilən “rus qanunu”nun qüvvəyə minməsi halında isə
vətəndaşlar ola bilsin, bu xidmətdən də yararlana bilməsinlər.
“Gürcüstanda fəaliyyət göstərən bütün qeyri-hökumət
təşkilatları kimi biz də qanunla bağlı prosesləri gözləyirik, lakin
bununla bağlı hələlik heç bir qərar qəbul etməmişik. Çünki görüləsi
işlərimiz çoxdur, xüsusən də imtahanlar yaxınlaşır, həyəcanlanırıq.
Çünki gələn ildən özümüzə dəstəkçi tapmasaq və ya bu layihəni
həyata keçirə bilməyəcəyimiz mühit yaranarsa, abituriyentlər, eləcə
də gənclər çoxlu resurs itirəcəklər”, – “Yeni Düşüncə
İnstitutunun” həmtəsisçisi Ariz Daşdəmirov bildirdi.
Təşkilat 2018-ci ildə abituriyentlərin hazırlanması və qeydiyyatı
ilə bağlı yardım proqramına başlayıb. 6 il ərzində onlar 200-dən
çox abituriyenti ümumi qabiliyyət imtahanı üçün hazırlayıblar.
“Mən sizə nə qədər abituriyentin ölkə vətəndaşları üçün
ilkin sınaq imtahanlarından keçdiyi barədə dəqiq rəqəm deyə
bilmərəm, çünki bu rəqəm çox yüksəkdir. Gürcüstanda yaşayan bütün
azərbaycandilli abituriyentlər öncədən imtahanlarımızda iştirak edə
bilərlər”.
“Gürcü Arzusu” tərəfindən qəbul edilmiş “rus qanunu”nun qüvvəyə
minməsi halında Marneuli “Mülki Məşğulluq Mərkəzi” kimi sərbəst
məkanları itirəcək. Mülki Məşğulluq Mərkəzi 12 ildir, Marneulidə
fəaliyyət göstərir və vətəndaşlara, siyasi partiyalara, media və
qeyri-hökumət təşkilatlarına Marneuli üçün lazımı mövzularda
müzakirə, görüşlər keçirməyə məkan verir.
Büdcənin ictimai müzakirəsi məhz ilk dəfə Mülki Məşğulluq
Mərkəzində baş tuutb. Özünüidarə nümayəndələrinin də iştirak etdiyi
görüşlərin təşkil edilməsinə başlanıldı. Marneuli Mülki Məşğulluq
Mərkəzinin koordinatoru Mariam Samxaradzenin sözlərinə görə,
mərkəzdə hər ay 15 görüş keçirilir və 300-ə yaxın Marneuli sakini
onların xidmətindən yararlanır.
Marneuli Mülki Məşğulluq Mərkəzi indiki mərhələdə fəaliyyətinə
davam edir və Marneuli sakinlərinə yenidən müxtəlif növ xidmətlər
təklif edir, ancaq “rus qanunu” qüvvəyə mindikdən sonra onlar
bağlanacaq.
“Rus qanunu” qüvvəyə minərsə, “Marneuli Demokrat Qadınlar
Cəmiyyəti” də Marneulidə fəaliyyətini dayandıracaq. Marneulidə
qadınların hüquqları ilə məşğul olan, zorakılığa məruz qalmış
qadınların təhsil almasına və iş tapmasına kömək edən təşkilat
bələdiyyə səhiyyəsinin inkişafı, sosial təminat və fiziki imkanları
məhdud şəxslər üçün xidmətlər və Marneuli əhalisi üçün aktual olan
digər mövzular üzərində işləyir.
“Marneuli Demokrat Qadınlar Cəmiyyəti” 18 ildir, fəaliyyət göstərir
və bələdiyyədə məktəbəqədər hazırlıq mərkəzlərini yaradan ilk
təşkilatdır. Təşkilatın rəhbəri Olqa Endeladzedir. O, deyir ki,
qanuna əsasən, təşkilat zorla “agent” adlanan şəxslərin reyestrində
qeydiyyatdan keçməlidir, lakin onlar fəaliyyətini dayandıracaq və
bağlanacaqlar.
2011-ci ilə qədər Marneulidə bir dənə də olsun məktəbəqədər
hazırlıq mərkəzi yox idi. Olqa qeyd edir ki, uşaqların məktəbəqədər
təhsilə əlçatanlığını təmin edən heç bir qanun yox idi və yerli
özünüidarə orqanlarında heç kimin bələdiyyədəki uşaq bağçalarının
vəziyyəti barədə məlumatı yox idi.
“O zaman mən özüm uşaqlı ana idim, əlbəttə ki, bu mövzu
mənə şəxsən təsir etdi və problemin təkcə mənim şəxsi problemim
deyil, həm də hər kəsə təsir etdiyini, ictimai problem olduğunu
başa düşdüm. Məktəbəqədər yaşda uşaqları olan hər bir ailə
narahatdır. Biz bu kampaniyaya başlayanda kifayət qədər ciddi
proqram hazırladıq. Proqram həm əlçatanlığın artırılmasını, həm də
strateji baxışı nəzərdə tuturdu – ona mütəxəssislər, məktəbəqədər
təhsil müəssisələri birliyinin nümayəndələri və s. qoşulmuşdular.
Problem çoxşaxəli idi – infrastruktur komponenti, məktəbəqədər
təhsil müəssisələrinin əlçatanlığı, avadanlıq problemi var idi. Biz
çalışdıq və bu sahənin inkişafında bizə kömək edəcək donor
proqramları gətirdik”.
Olqanın təşkilatı 2011-2015-ci illərdə Marneulidə uşaq bağçalarının
və məktəbəqədər hazırlıq müəssisələrinin inkişafı üçün çalışıb.
Təşkilat dörd il ərzində Polşa, Estoniya və Yaponiya
səfirliklərinin köməyi ilə Marneulinin Kəpənəkçi kəndindəki uşaq
bağçasını tamamilə təmir edərək avadanlıqla təchiz edib. Polşa və
Yaponiyadan 126 981 lari, yerli büdcədən isə 22 857 lari ayrılıb.
Ağməmmədli kəndində məktəbəqədər hazırlıq mərkəzi açılıb, eləcə də
Kosalı, Təzəkənd, Qaçağan, Araflı, Candar kəndlərində və Marneuli 6
saylı ictimai məktəbində məktəbəqədər hazırlıq mərkəzi açılıb.
Olqa hesab edir ki, “Gürcü arzusu” tərəfindən “xarici təsirin
şəffaflığı haqqında” “rus qanunu”nun qəbulu, təşkilatlara “xarici
gücün maraqlarını daşıyan” damğası vurulması ictimai təşkilatlara
inamı azaltmaq və onları nüfuzdan salmaq məqsədi daşıyır.
“Gürcü arzusu” qanunu “şəffaflıq” əsasında qəbul etdiyini deyir.
Onlar bildirirlər ki, ictimaiyyət təşkilatların xaricdən aldığı
qrantları nəyə xərclədiyini bilməlidir. Lakin qrantın alınması və
xərclənməsi prosesi indiyə kimi də şəffaf idi və qanun bunu onsuz
da tənzimləyirdi. Qeyri-hökumət təşkilatları, müstəqil media və
vətəndaş sektoru əmindir ki, qanun yalnız tənqidi fikirlərin
qarşısını almaq məqsədi daşıyır.
Qrant almaq üçün media və qeyri-hökumət təşkilatları açıq elan
edilən qrant müsabiqəsinə ərizə göndərirlər, bununla yanaşı
müsabiqəyə büdcə və təşkilatın nə üzərində işləmək istədiyi, nə
qədər lari xərcləməyi planlaşdırdığı barədə şifahi təsvir də təqdim
olunur. Donor təşkilatlar müraciəti qəbul etdikdən sonra həmin
qrantın verilib-verilməməsi barədə qərar qəbul edirlər. İctimai
müsabiqədə qalib gəldikdən sonra Gürcüstan mediası və ya
qeyri-hökumət təşkilatı layihəni həyata keçirməyə başlayır. Donor
təşkilatla bağlanmış müqavilədə hesabatın – aralıq və yekun
hesabatların təqdim edilmə müddətləri müəyyən edilir. Bu hesabatlar
təşkilatın həyata keçirdiyi bütün fəaliyyətləri və həmçinin, layihə
çərçivəsində xərcləməli olduğu vəsaitləri təsvir edir. Maliyyə
hesabatına həm müqavilələr, həm də vergi öhdəliyi hesabatları
daxildir. Donor təşkilat vergi öhdəliklərinin vicdanla yerinə
yetirilməsinə böyük diqqət yetirir. Bundan əlavə, media qurumları
hər rübdə bir dəfə Milli Kommunikasiya Komissiyasına gəlir və
xərclər barədə məlumat təqdim etməli, maliyyə hesabatları üzrə
audit hesabatını dərc etməlidirlər.
“Gürcü Arzusu” “xarici təsirin şəffaflığı haqqında” “rus qanunu”nu
28 may tarixində qəbul edib. Media və qeyri-hökumət təşkilatlarının
“xarici təsir daşıyıcısı” təşkilatı kimi qeydiyyatdan keçmək
öhdəliyi yarandı. Sentyabrdan isə öz istəkləri ilə reyestrdə
qeydiyyatdan keçməyən təşkilatlar cərimələnəcək.
Avropa İttifaqı illərdir, Gürcüstan hökuməti və vətəndaş sektorunu
maliyyələşdirir ki, ölkədə demokratik strukturlar yaransın və
Gürcüstan daha asan şəkildə Avropa İttifaqına üzv olsun. 2019-24-cü
illərdə Avropa İttifaqı Gürcüstan hökumətinə 517,82 milyon avro
ayırıb, vətəndaş sektorunu 46,1 milyon, özəl sektor isə 6,1 milyon
maliyyələşdirib. Avropa İttifaqından Gürcüstan hökumətinə ayrılmış
məbləğin əksəriyyəti, 111,55 milyon avro Regional İnkişaf və
İnfrastruktur Nazirliyinə, yerli özünüidarələrə ayrılıb. 101,40
milyon avro Maliyyə Nazirliyi, 62,75 milyon avro Müdafiə Nazirliyi,
57 milyon Ekologiya Nazirliyi alıb. Həmçinin, müxtəlif nazirliklərə
də vəsait ayrılıb.
Gürcüstanda “rus qanunu”nun qüvvəyə minməsi halında ölkə azad media
və qeyri-hökumət təşkilatlarının böyük hissəsini itirəcək. Bu isə
öz növbəsində ölkədə demokratik proseslərin inkişafına mane olacaq.
“Rus qanunu”nun qüvvəyə minməsi Gürcüstanın Avropa İttifaqına
inteqrasiyasına mane olacaq – Avropa ittifaqının Gürcüstandakı
səfiri Pavel Herçinski Gürcüstanın Avropa ittifaqına üzv olması
prosesinin geri getməsi və maliyyənin dayandırılması haqqında
danışıb. O, bildirib ki, “hazırda Gürcüstanın Avropa ittifaqına
üzvlüyü prosesi dayandırılıb”.