Azad Kərimovun döyülməsi il bağlı heç kim saxlanılmayıb – Ramal Əhmədov
15:48 / 01.11.2024
Bu gün, 1 noyabr tarixində “Birlik – Milli Hərəkat”-ın Marneuli
ofisində Ramal Əhmədov brifinq keçirdi.
Əhmədov brifinqdə qeyd etdi ki, 26 oktyabr tarixində keçirilən
seçkilər zamanı partiyanın Marneuli qərargahının rəhbəri Azad
Kərimovun döyülməsi faktı ilə bağlı heç kim saxlanılmayıb.
O, bildirdi ki, Azad Kərimov Marneuli Bələdiyyə Məclisinin üzvü
Ceyhun Çovdarov tərəfindən döyülüb. Onun qeyd etdiyinə görə, nə
Daxili İşlər Nazirliyi, nə də Prokurorluq heç bir reaksiya
göstərməyib.
“Azad Kərimov Gürcü Arzusu partiyasının deputatı Ceyhun
Çovdarov tərəfindən döyüldü. Hal-hazırda Azad Kərimov
xəstəxanadadır. O, burun nahiyəsindən əməliyyat olundu. Üzündə də
qırıqlar var. 5 gün keçməsinə baxmayaraq, bu işə nə DİN, nə də
Prokurorluq reaksiya verməyib. Mən bir deputat olaraq burdan Daxili
İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edirəm ki, orda Azad
Kərimova qarşı neçə nəfər zorakılıq törədibsə, fiziki güc
göstəribsə, onlar dərhal cinayət məsuliyyətinə və istintaqa cəlb
olunmalıdırlar. Yəni bu onu göstərir ki, Ceyhun Çovdarov hansısa
Gürcü Arzusundan və ya kimdənsə aldığı tapşırıqlara görə Kərimovu o
günə salıb. Biz bu məsələnin axırına kimi gedəcəyik”.
Əhmədov onu da bildirdi ki, Azad Kərimovun vəziyyəti stabildir və
hal-hazırda xəstəxanadadır.
Bələdiyyə Məclisinin deputatı onu da qeyd etdi ki, 26 oktyabrda baş
tutan seçkilər Rusiyanın Gürcüstanda keçirdiyi xüsusi bir əməliyyat
idi.