Marneulidə keçirilən etirazlar illərlə yığılıb qalmış narazılığın nəticəsidir" - Aqil Mustafayev
Son günlər Marneuli şəhərində və kəndlərində keçirilən etiraz aksiyaları təkcə infrastruktur problemləri ilə məhdudlaşmır. Yerli sakinlərin fikrincə, bu aksiyalar illər ərzində yığılıb qalmış narazılığın, boğulmuş səslərin və cavabsız qalmış ümidlərin nəticəsidir.

Müəyyən yollar, içməli su, ədalət tələb olunur. Amma ən vacibi – xalq özünə dəyər verilməsini istəyir!” – deyə partiya “Lelo Gürcüstan üçün”ün üzvü Aqil Mustafayev
sosial şəbəkədə yazır.

Onun sözlərinə görə, hazırkı yerli hakimiyyətin büdcəsi 70 milyon lariyə qədər artıb – bu isə Marneuli tarixində bəlkə də ən yüksək göstəricidir. Lakin Mustafayev hesab edir ki, bu vəsaitin insanlar üçün real faydası hələ də görünmür.

Şəhərin daxili yolları bərbad vəziyyətdədir. Avtomobillər çuxurlardan keçə bilmir, piyadalar isə toz-torpağın içində hərəkət edirlər. Kanalizasiya sistemi illər əvvəl başlayıb, amma bu günə qədər tam başa çatdırılmayıb. Yağış yağan kimi küçələr gölə çevrilir, çirkab suların küçələrə axması artıq adi hal alıb”, – deyə o qeyd edir.

Aqil Mustafayev bildirir ki, şəhər mərkəzində nəqliyyat sıxlığı gündən-günə artır və artıq bu kiçik şəhər üçün ciddi problemə çevrilib. Kəndlərdə isə yol və ictimai nəqliyyatın yoxluğu insanları şəhərdən təcrid edir.

Bu qədər büdcə ilə niyə bu qədər problem hələ də qalır?” – deyə o sual edir.

Mustafayev yerli bələdiyyə deputatlarını da tənqid edir. Onun sözlərinə görə, onların əksəriyyəti nəinki problemləri həll etmir, hətta səsləndirməyə də cəsarət etmir.

Onlar xalqın deyil, rəhbərliyin göstərişlərinə əməl edirlər. Onların susqunluğu bizim səsimizin boğulması deməkdir”, – deyə o yazır.

Mustafayev şəffaflıq və ictimai nəzarətin olmamasından da danışır. Onun fikrincə, qərarlar qapalı otaqlarda, gizli razılaşmalarla qəbul edilir və cəmiyyətə bu proseslər məlum olmur.

Alternativ səslər ya susdurulur, ya da gözdən salınır. Bu sistem xalqın deyil, hakimiyyətin maraqlarını qoruyur”, – deyə o vurğulayır.

Sonda isə Aqil Mustafayev vətəndaşlara müraciət edərək qeyd edir ki, əgər eyni sistemi dəstəkləməyə davam edirlərsə, sonra eşidilmədiklərindən də şikayət etməməlidirlər:

“Əvvəlcə özümüzü dinləməliyik. Bizə dəyər verməyənlərə səs verərək gələcəyimizi əlimizdən alırıq.”
Print Email
FaceBook Twitter Google