Tetritskaro rayonunun Kosalar kəndi bələdiyyə mərkəzindən uzaqda
yerləşir. Kənddə içməli su və qaz var,
bəzi daxili yollar asfaltlanıb, lakin əhali hələ də infrastruktur
və sosial problemlərdən əziyyət çəkir.
Kosalar kəndinin sakinləri kənddəki həyat şəraiti barədə
fikirlərini bizimlə bölüşüblər – kənddə uşaq bağçası yoxdur, bəzi
torpaq yollar hələ də bərbad vəziyyətdədir, təbii zibilliklər
mövcuddur, ictimai nəqliyyat təmin
olunmayıb, otlaq sahələri və
suvarma suyu çatışmır.
“Kəndimizdə mikroavtobus yoxdur. Bu gün getməli idim,
amma gedə bilmədim. Piyada yola çıxıram, Tsisğaridə mikroavtobusa
minirəm, kartım var, 1 lari ödəyib ora gedirəm. Geri isə taksi ilə
qayıdıram – 20 lariyə. Bu istidə Marneulidə dayanmaq mümkün
deyil”, – Tərlan Qocayeva deyir.
“İndi demək olar ki, hamının maşını var. Maşını
olmayanlara isə çətindir. Yola çıxırıq, gedən olarsa, maşınla
aparırlar. Ancaq daimi nəqliyyat yoxdur. Tsisğari-Tetritskaro
mikroavtobusu Marneulidən gəlir. Amma Kosalar-Marneuli və ya
Kosalar-Tetritskaro istiqamətində mikroavtobus yoxdur. Bu baxımdan
maşını olmayan üçün vəziyyət ağırdır”, – Turqut Özal
Qocayev bildirir.
Kosalar kəndində uşaq bağçası fəaliyyət göstərmir. Əhali hesab edir
ki, kənddə bağçanın olması həm uşaqlar üçün təhsil baxımından, həm
də valideynlərin işləməsi üçün şərait baxımından faydalı
olardı.
“Bizim kənddə bağça yoxdur. Qonşu kənddə var, uşaqları
mikroavtobusla ora aparırlar. Bizim kənddə də olsa, çox yaxşı
olardı”, – kənd sakini bildirir.
Kosalar sakini Tərlan Qocayeva kənddə evinin yaxınlığında yerləşən
zibillikdən narahatdır. O, deyir ki, bu səbəbdən nəfəs almaqda
çətinlik çəkir.
“Burada qala bilmirəm. Hava yoxdur, pis qoxu gəlir. Xəstəyəm, yaşlı
adamam. Qonşumda nə vaxta qədər qala bilərəm? Səhər-axşam
arabalarla zibil gətirirlər. Burnumu əlimlə tuturam. Boğuluram,
həyətimdə otura bilmirəm”, – Qocayeva bildirir.
“Marneuli” radiosu Kosalar kəndində uşaq bağçasının
tikilib-tikilməyəcəyini, ictimai nəqliyyatın təyin
olunub-olunmayacağını və təbii zibilliklərlə bağlı planlarını
öyrənmək üçün Tetritskaro meriyası ilə əlaqə saxlaydı. Meriya
müraciətimizə yazılı şəkildə cavab verdi. Rəsmi məktubda bildirilir
ki, Kosalar kəndində uşaq bağçasının tikintisi nəzərdə
tutulmur.
“Kosalar kəndində uşaq bağçasının tikintisi
planlaşdırılmır, çünki gürcü və azərbaycanlı uşaqların
inteqrasiyası məqsədilə əhali ilə razılaşdırılaraq Tsintskaro
kəndində 175 yerlik yeni tikilmiş uşaq bağçası onlara xidmət
göstərir”, – deyə Tetritskaro meriyasının cavabında
qeyd olunur.
Meriyadan onu da qeyd edirlər ki, “Tetritskaro Məktəbəqədər Təhsil
və Aztəminatlılara Dəstək Mərkəzi” uşaqların Kosalardan
Tsintskaroya daşınmasını təmin edəcək.
Rəsmi məktubda qeyd olunur ki, Tbilisi və Marneuli istiqamətlərində
ictimai nəqliyyatın təyin olunması planlaşdırılır, lakin dəqiq
tarix göstərilməyib.
“İctimai nəqliyyatla bağlı olaraq, meriya yaxın zamanda
“JAC” tipli mikroavtobuslar almağı planlaşdırır. Bundan sonra
Kosalar kəndinin sakinləri Tbilisi və Marneuli istiqamətində
bələdiyyə nəqliyyatından istifadə edə biləcəklər”, –
deyə məktubda qeyd edilir.
Kənddəki qeyri-qanuni zibilliklərin təmizlənməsi planı ilə bağlı
suala Tetritskaro meriyası belə cavab verir:
“Bizdə
belə zibilliklər yoxdur.”