“Lelo” Marneulidə brifinq keçirdi: Seçkilər mübarizə meydanıdır, boykot çıxış yolu deyil (VİDEO)
Bu gün, 10 iyul tarixində Marneulidə “Lelo-Güclü Gürcüstan” partiyasının ofisində brifinq keçirildi. Brifinq zamanı “Lelo”-nun Siyasi Şurasının üzvü Aqil Mustafayev partiyanın əsas istiqamətlərindən, hədəflərindən və planlarından danışdı. O, yerli özünüidarə seçkilərinə diqqət çəkdi və bu seçkilərdə iştirak etməyi “mübarizə” adlandırdı. Onun sözlərinə görə, partiya olaraq digər müxalif qruplarla birlik simvolu yaratmaq üçün lazımi addımlar atıblar.

“Bildiyiniz kimi,
son günlər artıq Gürcüstanda siyasi proseslər yeni bir mərhələyə keçir. Bu gündəmdə, əlbəttə ki, biz müxalif partiyalar arasında seçkilərdə mübarizə və qeyri-mübarizə ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəzi partiyalar bu mübarizədə, seçkilərdə iştirak etməmək kimi qərarlar qəbul ediblər. Biz isə “Lelo-Güclü Gürcüstan” siyasi koalisiyası, düşünürük ki, bu seçkiləri hal-hazırda mübarizə metodu kimi istifadə etməliyik. Biz digər müxalif partiyalarla dialoqlara girdik və təəssüflər olsun ki, bizim birlikdə iştirakımız bu gün alınmadı”.


Aqil Mustafayev çıxışında müxalif partiyaların qərarlarına hörmətlə yanaşdıqlarını və onların da müvafiq olaraq “Lelo” partiyasının qərarlarına hörmətlə yanaşmalı olduqlarını vurğuladı.

“Ölkədə sağlam siyasi mühitin formalaşması üçün müxalif fikirlərə qarşı dözümlü münasibət əsas prinsipə çevrilməlidir. Biz hesab edirik ki, boykot çıxış yolu deyil. Çünki bu, əksinə, saxtakarlıq üzərində qurulmuş bir sistemi daha da möhkəmləndirir”.

O, məqsədlərinin meydanı tək buraxmamaq və xalqla təşkilatlanaraq mübarizəni yenidən davam etdirmək olduğunu bildirdi.

“Düşünürük ki, seçkilərdə iştirak etmək yalnız bir hüquqi forma deyil, mübarizənin vacib bir platformasıdır, ama bu o demək deyil ki, seçkilərdə iştirak etməklə biz başqa mübarizə yollarını dayandırırıq. Hakimiyyət seçkiləri saxtalaşdırır. Bu saxtalaşdırma hər zaman olub. Həmin saxtakarlığı ifşa etmək lazımdır. Hakim partiya qeyri-legitim və qeyri düzgün seçkilərlə bizi qarşı-qarşıya qoyur”, – Aqil Mustafayev bildirdi.

Mustafayev brifinq zamanı partiyanın liderlərindən olan Badri Caparidze və Mamuka Xazaradzenin əsassız ittihamlarla təqiblərə məruz qaldıqlarını da dilə gətirdi.

Mustafayev merliyə namizədlərlə bağlı məsləhətləşmələrin hələ aparılmadığını və qərarların partiyanın mərkəzi və yerli strukturları ilə razılaşdırıldıqdan sonra açıqlanacağını bəyan etdi.

Hazırda seçkilərdə iştirakını “Qaxaria- Gürcüstan naminə” partiyası da təsdiqləyib.

Son həftələrdə mübahisəli Parlamentin yaratdığı müvəqqəti istintaq komissiyasına (“Tsulukiani komissiyası”) ifadə verməkdən imtina etdiklərinə görə səkkiz müxalif siyasətçi saxlanılıb; onların arasında “Lelo” liderləri Mamuka Xazaradze və Badri Caparidze də var.

Buna baxmayaraq, partiya seçkilərdə iştirakda israrlıdır və həbs olunmuş liderlər prezident Mixeil Kavelaşvilinin təklif etdiyi əfv variantından imtina ediblər.

Eyni zamanda, “Dəyişiklik naminə Koalisiya” və “Ağmaşenebeli Strategiyası”nın liderləri həm əfvdən, həm də seçkilərdə iştirakdan imtina ediblər.

Prezident Kavelaşvili bəyan edib ki, əfv yalnız müxalif partiyalar 4 oktyabr seçkilərinə qatılacaqlarına təminat verdiyi halda nəzərdən keçirilə bilər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google