Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti Bolnisi, Marneuli və
Tetritskaro bələdiyyələrində
su və kanalizasiya sistemlərinin tikinti və yenidənqurma işləri
nəticəsində zədələnmiş yol örtüyünün bərpası ilə bağlı xidmətlərin
satın alınması üçün tender elan edib.
Tenderin ümumi dəyəri 96 000 lari təşkil edir və Kvemo Kartli
bölgəsinin üç bələdiyyəsində yol infrastrukturunun bərpasını
nəzərdə tutur.
Sənədlərə əsasən, podratçı yol örtüyünün
mövcud vəziyyətini yerində
qiymətləndirməli və müvafiq olaraq bərpa işlərini həyata
keçirməlidir. Bura bütün zəruri və əlaqəli proseslər daxildir. Yeni
salınan örtük əvvəlki səviyyəyə uyğun olmalı, çökməməli və yolun
profilinin pozulmaması təmin edilməlidir.
Tikinti prosesi zamanı texnoloji ardıcıllıq və keyfiyyət
standartları qorunmalı, işçi heyətinin təhlükəsizliyi təmin
olunmalıdır. Tender sənədlərində xüsusi olaraq vurğulanır ki,
tikinti sahəsində çalışan fəhlə və mühəndis-texniki heyət müvafiq
qoruyucu geyim – dəbilqə və xüsusi uniforma ilə təmin olunmalı,
xüsusi işlər yalnız lazımi texniki avadanlıqla icra edilməlidir.
Tikinti sahəsində təhlükəsizlik qaydalarının pozulmaması və işlərin
sistemli şəkildə təşkili təmin olunmalıdır.
Tenderdə göstərilən xərclər planına əsasən, görüləcək işlərin əsas
hissəsi yol çalalarının doldurulmasını nəzərdə tutur.
Marneuli və kəndlərində su təchizatı və kanalizasiya layihəsinə
2019-cu ildə start verilib. Layihə çərçivəsində yollar qazılıb,
infrastruktur zədələnib, ictimai nəqliyyat vasitələrinə və şəxsi
avtomobillərə ciddi ziyan dəyib. İlkin olaraq layihəni "Akelik
Group" şirkəti 2021-ci ilin martına qədər tamamlamalı idi, lakin
öhdəliklər yerinə yetirilmədiyindən 55.940.022 ABŞ dolları
dəyərindəki layihə dayandırılıb.
Daha sonra Su Təchizatı Şirkəti yeni müqaviləni Türkiyə və Çin
şirkətləri ilə bağlayıb. Tikinti işlərini hazırda "China Geo -
Engineering Corporation" (CGC) və "POLAT Yol Yapı Sanayi ve Ticaret
A.Ş." həyata keçirirlər.
Layihənin ümumi dəyəri 135 milyon laridən artıqdır və o, Asiya
İnkişaf Bankının dəstəyi ilə maliyyələşdirilir. Layihə çərçivəsində
Marneulidə yeni su təchizatı şəbəkəsi, nasos stansiyası, su
anbarları, kanalizasiya sistemi və müasir standartlara uyğun
təmizləyici qurğu tikilir.
Layihənin tamamlanmasından sonra Marneuli əhalisinin 24 saatlıq su
təchizatı və yenilənmiş kanalizasiya infrastrukturu ilə təmin
olunması nəzərdə tutulur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415