Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Tbilisi
Apellyasiya Məhkəməsi prokurorluğun apellyasiya şikayətini tam
şəkildə qəbul edib
və Rustavi Şəhər Məhkəməsinin hökmünə dəyişiklik edib. Bacısını
qətlə yetirməkdə təqsirli bilinən şəxsə Rustavi Şəhər Məhkəməsi
əvvəlcə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdi.
Lakin Prokurorluq bu qərarı şikayət edib və cinayətkarın ömürlük
həbs cəzasına məhkum edilməsini tələb edib.
Nəticədə Apellyasiya
Məhkəməsi prokurorluğun tələbinə əsasən hökmə dəyişiklik edərək
təqsirləndirilən şəxsə ömürlük həbs cəzası təyin edib.
Prokurorluğun açıqlamasında qeyd olunur ki, Daxili İşlər Nazirliyi
tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən
şəxs bacısının şəxsi həyatı ilə bağlı qərar vermək hüququnu
məhdudlaşdırırmış və onun həyat yoldaşından ayrılmasını ailənin
şərəfinə xələl gətirən hal kimi qiymətləndirirmiş. Bu səbəbdən,
2024-cü il mayın 16-da Qardabani şəhərində o, əvvəlcə bacısını
avtomobillə vurub, sonra isə ona bıçaqla həyati təhlükəli, ağır
bədən xəsarətləri yetirib. Cinayətdən sonra hadisə yerindən qaçsa
da, elə həmin gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını
dəyişib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Gürcüstan Cinayət
Məcəlləsinin 11 prima və 109-cu maddəsinin “e” (qəsdən, qabaqcadan
düşünülmüş şəkildə, müdafiəsiz vəziyyətdə olan şəxsin öldürülməsi),
“t” (gender əsaslı qəsdən adamöldürmə), “k” (ailə üzvünü qəsdən
öldürmə) və “m” (xüsusi qəddarlıqla adamöldürmə) bəndləri üzrə
ittiham irəli sürülüb.