Marneuli bələdiyyəsinin Qızılhacılı kənd sakinləri təxminən 5
aydır ki, içməli su olmadan yaşamağa məcbur olurlar.
Kənd sakinləri bildirirlər ki, qış fəslində içməli su fasilələrlə
verilsə də, hazırda demək olar ki, ümumiyyətlə verilmir. Yerli
sakin Ləmiyə Zeynalova “Marneuli” radiosuna açıqlamasında bildirdi
ki, məsələ ilə bağlı kəndin deputatına zəng vuraraq vəziyyəti izah
etsə də, indiyədək heç bir
tədbir görülməyib.
“Bir həftədir bizə su verilmir. Sonuncu dəfə bir həftə
əvvəl motoru işə saldım, çəni doldurdum. Deputatlara zəng edirəm,
heç biri telefonumu açmır. Su şirkətinə zəng vururam, cavab
vermirlər. Beləcə qalmışıq. İçməli suyumuz yoxdur. Qonşudan bir
dəfə su ala bilirsən, ikinci dəfə utanırsan”, – deyə
Ləmiyə Zeynalova bildirdi.
Kənd sakini Sevda Əsgərova isə su problemi ilə yanaşı, yeni su
xətləri çəkilərkən yolların qazıldığını, bu yolların sonradan
sakinlərin öz hesabına bərpa olunduğunu vurğuladı.
“Yeni su xətti çəkiblər. Gecə saat 12-də, ya da 1-də
gəlir. O da çox zəif – 10 dəqiqəlik su gəlir, sonra kəsilir. Nə
çəni doldurmaq olur, nə də normal istifadə etmək. Təzyiq o qədər
zəifdir ki, heç bir işə yaramır. Köhnə su xəttini də açmırlar. Bu
gün qoşacağıq, sabah qoşacağıq deyirlər, amma irəliləyiş yoxdur. Bu
yayın istisində bu millətə bu cür zülm etmək günah deyilmi? Nəzarət
etmirlər, diqqət göstərmirlər. Əgər vaxtında diqqət etsəydilər,
vəziyyət bu həddə çatmazdı, camaat da narazı qalmazdı.
Su yalnız həftədə iki dəfə – bazar ertəsi və cümə günləri verilir.
Yolları 5 dəfə qazıblar. Biri çəkib, sonra yenidən qazıblar.
Aylarla bu vəziyyətdir. Yay gəlir deyə ümid edirdik ki, düzələr.
Yumaq üçün suyu arxdan götürürük. Çən olmayanda qonşulardan
daşıyırıq və ya maşınla başqa yerdən gətiririk. Su maşınları
əvvəllər 60 lari idi, indi 100 lariyə qaldırıblar. Əhali ilə
maraqlanmaq lazımdır, bu insanlar necə dolanır? Kəndin icra
nümayəndəsi vəziyyəti bilir. Deyirlər, müvəqqəti məsələdir,
düzələcək,” – deyə Sevda Əsgərova dedi.
Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin Kvemo Kartli regional
filialının rəhbəri Kaxaber Çoqovadze “Marneuli” radiosuna verdiyi
açıqlamada bildirdi ki, Qızılhacılıda içməli su probleminin səbəbi
boru xətlərinin bir hissəsinin hələ tam yenilənməməsidir.
“600-lük boru xəttində müəyyən hissələr qalıb. Tikinti
şirkəti bu hissələrin qoşulmasını mərhələli şəkildə həyata keçirir.
Bu proses başa çatdıqdan sonra vəziyyət düzələcək. Hazırda mümkün
qədər, təxminən 2 saat su veririk. Tikinti şirkəti bizə söz verib
ki, gələn həftənin sonuna qədər problem aradan qalxacaq.
Qızılhacılının tam su təchizatının bərpası isə avqustun ortalarına
planlaşdırılır. Bu məlumat podratçı şirkət tərəfindən verilib. Yeni
su şəbəkəsi o vaxta qədər işə salınacaq”, – deyə
Çoqovadze bildirdi.
Marneuli və onun kəndlərinin su təchizatı və kanalizasiya
layihəsinə 2019-cu ildə başlanılıb. Layihə çərçivəsində yollar
qazılıb, infrastruktur köhnəlib, ictimai nəqliyyata və şəxsi
avtomobillərə ziyan dəyib. Əvvəlcə “Akelik Group” şirkəti layihəni
2021-ci ilin mart ayına kimi başa çatdırmalı idi, lakin
öhdəliklərini yerinə yetirə bilmədi və bu səbəbdən 55 940 022
dollar dəyərində layihə dayandırıldı.
Su təchizatı şirkəti Türkiyə və Çin şirkətləri ilə yeni müqavilə
imzalayıb. İşlər "China Geo - Engineering Corporation" (CGC) və
"POLAT Yol Yapı Sanayi və Ticarət Anonim Sirkei" tərəfindən həyata
keçirilir.
Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən artığa
başa gələcək. Buraya yeni su təchizatı şəbəkəsinin, nasos
stansiyasının, su anbarlarının, yeni kanalizasiya şəbəkəsinin və
müasir standartlara cavab verən təmizləyici qurğunun tikintisi
daxildir.
Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saat su təchizatı
və yeni kanalizasiya infrastrukturu ilə təmin edilməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415