"Vahid Milli Hərkat" partiyasının Marneulidən majoritar deputatlığa
namizədi Nərgiz Əliyeva 2 və 85 saylı seçki məntəqələrində qayda
pozuntularının davam etdiyini deyir.
O, "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, "Gürcü
Arzusu"-nun 2 saylı seçki məntəqəsinin sədri bir neçə dəfə
səsvermədə iştirak edib. Bu zaman "VMH" partiyasının müşahidəçisi
onun bu addımını telefonla videoya çəkmək istəyib. Məntəqə sədri
xanım müşahidəçinin mobil teelfonunu yerə ataraq onun video
çəkməsinə mane olub.
Əliyeva həmçinin 85 saylı seçki məntəqəsində də qayda
pozuntularının olduğunu qeyd etdi. Onun sözlərinə görə, 85 saylı
seçki məntəqəsində kişilər qadınların yerinə səsvermə prosesində
iştirak edirlər.
Bu gün, 2 oktyabr tarixində Gürcüstanda yerli özünüidarə seçkiləri
keçirilir. Marneulidə 91 seçki məntəqəsi var.