Qorxu, şübhə, məlumatsızlıq və ümid – Marneulidə peyvənd vurulması prosesi
“Peyvənd barədə yalnız onu bilirəm ki, xəstəliyə qarşıdır və təsir də göstərir. Azərbaycan kanallarından dinləyirəm ki, hamı könüllü peyvənd vurdurur. Pis olsa, vurdurmazlar”, – İmir kəndində yaşayan 72 yaşlı Veysəl Həsənov və faktiki olaraq Marneulidə yaşayan bütün etnik Azərbaycanlılar üçün Azərbaycan kanalları yeganə məlumat mənbəyidir. Kəndlərdə koronavirusa qarşı hansı vaksinlərin olması, vaksinin yan təsirləri və necə peyvənd vurdurmalı olduqları barədə məlumatları yoxdur.

Veysəl Həsənov üçün koronavirus pandemiyası iqtisadi və mənəvi baxımdan ən ağır dövr olub. Əksər Marneuli sakinləri kimi o, da öz əkib becərdiyi məhsulu sata bilməyib və ailəsi gəlirsiz qalıb. Ailəsinin vəziyyətinin düzəlməsi üçün yeganə çıxış yolunun koronavirusun bitməsi olduğunu düşünür. İndi çıxış yolunu yalnız peyvənddə görür. Ancaq Gürcüstana gətirilmiş peyvəndlər və onun təsirləri barədə heç nə bilmir. Heç peyvəndin vurulmasının 15 mart tarixindən başladığı barədə də məlumatı yoxdur.

“Hansı peyvəndlər gətirilib, bilmirəm. Məlumatım yoxdur. Çünki bizdə hələ heç nə etmirlər. Peyvəndə başlasalar, ilk yəqin mən vurduraram. Çünki 72 yaşım var. Bəzisi deyir ziyandır, bəzisi deyir əhalinin sayını azaltmaq istəyirlər. Peyvəndi haradan gətirdiklərini bizə heç demirlər də. Azərbaycan, Türkiyə kanallarına baxırıq. Gənc nəsil gürcü dilini bilir və baxırlar. Biz dil bilmirik, məktəbdə gürcü dili müəllimimiz yox idi.”

İmir əhalinin informasiya vakuumunda olduğu yeganə kənd deyil. Marneuli bələdiyyəsinin 10-a yaxın kəndinin “birjasında” bəziləri şəxsi söhbət zamanı, bəziləri isə açıq şəkildə qeyd etdi ki, peyvənd vurdurmağa hazırdırlar, ancaq yan təsirləri barədə məlumatları yoxdur. Sabirkənd sakini Turay Əliyev 55 yaşdan yuxarı vətəndaşlar üçün 30 mart tarixindən peyvəndə başlanılmasından xəbərsizdir. 4 may tarixində isə bütün yetkinlik yaşına çatmış şəxslər üçün Çin istehsalı olan “Sinofarm”-ın vurulmasına başlanıldı.

“Ətraflı məlumatım yoxdur. İnternetdə qulaq asıram, deyirlər peyvənd gətirilib. Bildiyimə görə, 60 yaşdan yuxarı olanlara peyvənd vurulur. Çindən gətirilib deyirlər. Mən vurduraram. Onsuz da gələcəkdə peyvənd də pasport kimi olacaq. Xaricə getsən, yəqin lazım olacaq. Əsasən Azərbaycan kanallarına baxıram. Bəzən İmedi kanalına da baxıram, ancaq gürcü dilini yaxşı bilmirəm”, – Turay Əliyev bildirdi.

Problem yalnız dövlət dilini bilməmək deyil. Saimerlo kənd sakini 45 yaşlı qadının da peyvənd barədə məlumatı yoxdur. O, kimliyini açıqlamamızı istəmədi. Məlumatı yalnız gürcü dilində, əsasən “Facebook” sosial şəbəkəsindən alır. Ancaq deyir ki, bu kifayət etmir və gürcü dilində də məlumat azdır. Peyvəndi yalnız onun təhlükəsizliyinə əmin olduğu halda vurduracaq.

“Mən heç cür peyvənd vurdura bilmərəm, qorxuram. Gənc qız dünyasını dəyişəndən sonra risk edə bilmərəm. Peyvənd barədə məlumat da çox deyil. Mən “Facebook”-da baxıram. Gürcü dilində oxuyuram başqa dildə bilmirəm. Başqası vurdurarsa və əmin olsam ki, yaxşıdır, mən də vurduraram. Əsas odur ki, təhlükəsiz olduğunu dəqiqləşdirsinlər”, – Saimerlo kənd sakini bildirdi.


Bu vəziyətdə Marneulinin ən mühüm qurumlarından biri – Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze hesab edir ki, bələdiyyədə “hər şey yaxşıdır”. Laperadze mərkəzin əhalini hansı formada məlumatlandırması ilə bağlı suala cavab verməkdən qaçır və həmişəki kimi bizi meriyaya yönləndirir.

“Hər şey yaxşı yerinə yetirilib, hamı məlumatlıdır və qalan məsələlərlə bağlı meriyanın mətbuat xidmətinə müraciət edin.”

Marneuli yerli özünüidarəsinin rəsmi səhifəsinə əsasən deyə bilərik ki, bələdiyyədə peyvəndlə bağlı məlumatlandırma baxımından demək olar heç nə edilmir. Veb-səhifədə 55 yaşdan yuxarı olan vətəndaşlar, may ayından isə 18 yaşdan yuxarı olan şəxslərə peyvənd vurulması barədə heç nə yazılmayıb.

Özünüidarədən bildirirlər ki, əhalinin məlumatlandırılması üçün çox dillərdə baner hazırlanıb. İki etnik azlıq nümayəndələrinin yaşadığı Marneuli bələdiyyəsində tezliklə “peyvənd bizi qoruyur” şüarı ilə gürcü və Azərbaycan dilində lövhə vurdular. Hakimiyyət erməni dilli icmanı yaddan çıxarıb. Sosial reklamda qaynar xəttin nömrəsi əvəzinə isə “Tbilqaz”-ın telefon nömrəsi qeyd olunub.



Dövlət və yerli qurumların məlumatın yayımlanmasının qeydinə qalmasını “Kaktus-media”-nın təsisçisi Tsira Qvasalia da təsdiq edir. Jurnalist hesab edir ki, vətəndaşların koronavirusa qarşı peyvəndin müsbət tərəfləri və yan təsirləri barədə məlumatlandırılması dövlətin borcudur. Məsuliyyətli şəxslər əhaliyə peyvəndin bugünkü bəşəriyyəti çox xəstəliklərdən xilas etməsi ilə bağlı məlumatlar verməlidirlər. Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzi tam bitməmiş 14 xəstəlik qeyd edib. Ancaq həmin xəstəliklər faktiki olaraq yoxdur, yalnız tək-tək hallar qeydə alınır.

“İlk prioritet hamıya peyvənd barədə qərəzsiz məlumat çatdırılmasıdır. Gürcüstanda peyvəndin tətbiq edilməsi üçün milli plan mövcuddur. Gürcüstan hökuməti milli planı 2021-ci ildə təsdiq edib. Bunun üçün büdcədən 1 662 800 lari ayrılıb. Həmin pul bir qayda olaraq peyvəndlə bağlı kommunikasiya üçün ayrılmalı idi. Mən bununla bağlı ictimai məlumat tələb etdim və kommunikasiyanın harada, hansı formada aparıldığı barədə soruşanda dedilər ki, büdcənin qəbul edilməsinə başlanılıb. Bunu Xəstəliklərə Nəzarət səhifəsi öz “Facebook” səhifəsində həyata keçirir. Ona görə “Facebook”-da həyata keçirir ki, veb-səhifə məlumat axtarmaq istəməyəcəyiniz dərəcədə pis görünür. Bu həqiqətən kifayət deyil. Hesabladım və onların paylaşımında təxminən 30 bəyənmə və onlarla paylaşım belə yoxdur. Bununla bütün Gürcüstanı necə əhatə edə bilərlər? Əhaliyə başa düşdüyü hər hansı dildə məlumat çatdırmaq çox mühümdür.”

Gürcüstan hökuməti Covid-19 peyvəndinin tətbiq edilməsi planını 2021-ci ilin 14 yanvar tarixində təsdiq edib. Sənədə görə, ilin sonuna qədər ölkənin yetkinlik yaşına çatmış əhalisinin 60% peyvənd olunmalıdır. “Beynəlxalq Şəffaflıq – Gürcüstan” planı araşdırıb və aydın olub ki, sənəddə rüşvət riskləri dəyərləndirilməyib və vicdansız hərəkətlərə qarşı tədbirlər nəzərdə tutulmayıb. Təşkilatın qiymətləndirməsinə əsasən rüşvət risklərinin əvvəldən nəzərə alınmaması peyvəndin vurulması prosesində problemlər yarada bilər.

Marneulidə peyvəndə mane olan mühüm faktorlardan biri isə məlumat çatışmazlığı və yayılmış dezinformasiyadır. Bizim sorğu apardığımız sakinlər arasında əksəriyyəti qeyd etdi ki, peyvəndlə əhalinin sayını azaltmaq istəyirlər. Bu pandemiya dövründə “mif detektorunun” mübarizə aparmalı olduğu yeganə səhv məlumat deyil. Veb-səhifənin redaktor müavini Keti Xutsişvili hesab edir ki, əhaliyə dövlət tərəfindən dəqiq və düzgün məlumat verilmədikdə miflərin yayılmasına əsas yaranır. Dövlətin fəaliyyətsizliyi dezinformasiyanın yayılmasına şərait yaradır.

“Ona görə həmişə yeni məlumat yayılanda bu məlumatdan yanlış mənbələr özləri istədiyi kimi istifadə edənə qədər Səhiyyə Nazirliyi, eləcə də NCDC (Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi) əhaliyə düzgün məlumat çatdırmalıdırlar. Bunun nə demək olduğunu izah etsinlər ki, peyvəndə qarşı qorxu yaranmasın. Əhalini peyvəndin müsbət tərəflərinə və təsirinə inandırmalıdırlar. Bizim dövlət strukturları ilə təmaslarımız var və bilirik ki,onlar hazırda təsirli reaksiya mexanizmləri üzərində işləyirlər. Ancaq hesab edirəm ki, bu çox əvvəl, peyvəndin vurulması prosesinə başlamazdan əvvəl baş verməli idi. O zaman indiki məlumat hücumu üçün daha hazırlıqlı ola bilərdik. Daha fəal kampaniya aparılmalıdır. Miflər yayılana qədər əhaliyə başa düşdüyü dildə, daha konkret məlumat verilməlidir. Yalnız cənab Amiranın brifinq zamanı danışdıqları kifayət deyil. Ola bilsin, onun çox vaxtı da yoxdur. Vaksinin təsirləri barədə əhaliyə məlumat verilməlidir. Bu yalnız gürcü dilində olmamalıdır. Azərbaycan dilində də fəal şəkildə məlumat verilməlidir.”

Marneuli bələdiyyəsində 104 300 nəfər yaşayır. Əhalinin 85% etnik Azərbaycanlılardır. Regionda eləcə də etnik erməni icması da yaşamaqdadır. Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin İmmunizasiya İdarəsinin rəhbəri Lia Cabidze qeyd edir ki, fəal şəkildə məlumat yayırlar. Buna sübut olaraq təşkilatın “Facebook” və rəsmi veb-səhifəsində yerləşdirilmiş məlumatı qeyd edir. Deyir ki, Gürcüstanda yaşayan etnik azlıqların maraqlarını nəzərə almağı düşünürlər və onların başa düşdüyü dildə məlumat verməyə peyvənd prosesi geniş miqyasa keçdikdən sonra başlyacaqlar. Azərbaycan dilində də məlumat vərəqləri və müxtəlif video çarxların hazırlanması planlaşdırılır. Bunların hamısı peyvənd prosesindən iki ay keçməsinə baxmayaraq, yenə də görsənmir. NCDC-yə nəzər yetirsək, görərik ki, indiyə qədər etnik azlıqların dilində yalnız onlayn icazə barədə səsləndirimiş bələdçi əlçatandır.

“Mən əhalinin dərdini başa düşürəm. Ancaq bizim mərkəz və eləcə də Səhiyyə Nazirliyi tərəfindən vaksinlər barədə bütün məlumatlar yerləşdirilib. Bizim mərkəzin “Facebook” səhifəsi də fəal işləyir. Orada davamlı şəkildə çağırışlar səsələndirilir. Ola bilsin, əhalinin dil baryeri var və buna görə biz çalışırıq ki, peyvənd prosesi geniş qruplara keçəndə onların başa düşdüyü dildə məlumat hazırlansın. Hər şəkildə çalışacağıq və qərar da verilib ki, etnik azlıqların dilində məlumat olsun. Yerli özünüidarənin, eləcə də yerli tibbi heyətin bu baxımdan yardımı olduqca mühümdür. Bu peyvənd barədə əhaliyə məlumat verməkdə vacib məsələdir.”

Dövlət peyvəndlə bağlı geniş miqyaslı kampaniyaya nə zaman başlayacaq – bu məlum deyil. Marneulidə koronavirusa qarşı peyvənd vurulmasına başlandıqdan və bələdiyyəyə 13 mart tarixində gətirilmiş 1000 doza Astrazeneka vaksini verilsə də, bu vaxta qədər yalnız 100-ə yaxın vaksin istifadə olunub. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri Xatuna Zaxaşvilinin sözlərinə görə, 13 mart tarixində Gürcüstana gətirilmiş “Astrazeneka” peyvəndinin yararlılıq müddəti 3 maya qədərdir.

27 aprel tarixindən Gürcüstanda Çin şirkəti “Sinofarm”ın istehsalı olan peyvəndin vurulması üçün qeydiyyatlar başladı və yetkinlik yaşına çatmış vətəndaşlar 5 may tarixindən peyvənd vurdura bilərlər. Marneulidə bütün yerlər dolub, ancaq neçə nəfərin yerli sakin olduğunu müəyyən etmək mümkün deyil. “Sinofarm”-a yüksək tələb olduğu üçün paytaxta yerlər tezliklə doldu və vətəndaşlar peyvənd üçün yaxınlıqda yerləşən şəhərlərdə qeydiyyatdan keçiblər. 5 may tarixində Marneulidə bir neçə saat ərzində peyvəndin vurulması prosesini müşahidə etdik. Peyvənd olunmağa gəlmiş onlarla vətəndaşdan heç biri yerli sakin deyildi.

7 may tarixində olan məlumata görə, Gürcüstanda ümumulikdə 54 687 nəfər peyvənd vurdurub. Ölkənin adi həyat rejiminə qayıtması üçün əhalinin 60% peyvənd vurdurmalıdır.



Son 24 saat ərzində Gürcüstanda koronavirusa 547 yoluxma qeydə alınıb. 18 nəfər dünyasını dəyişib. Mütəxəssislər üçüncü dalğanın pik nöqtəsini may ayının orta tarixlərində gözləyirlər. Bu fonda isə Marneuli əhalisinə dünyada pandemiyaya qalib gəlmək üçün hansı vasitənin tapıldığını başa düşəcəkləri dildə izah edən yoxdur.

Print Email
FaceBook Twitter Google