“Tbilisidən 50 kilometrdə” – xarici mətbuatda “Kəsilmiş təpə” haqqında söhbət zamanı Marneulini yad etmirlər
“Kəsilmiş təpə” (İmir kəndində arxeoloji qazıntıların aparıldığı
təpənin adı) – Marneulidə dünyada bir çox ölkə arxeoloqlarının
araşdırma mənbəyinə çevrilən yer belə adlanır.
Tarixi məlumatlara əsasən, bu məkan dünyada insanın ilk dəfə yabanı
üzüm növü əkdiyi və alınan üzümdən şərab hazırladığı yerdir.
Gürcüstan Elmlər Akademiyasının Simon Caşia adına dövlət muzeyi
ekspedisiyaları tərəfindən Marneuli ərazisində Neolit (B.E.Ə. VI
minillik) dövrünün abidələrinin araşdırması XX əsrin 60-cı
illərində başladı. Qazıntıların aparıldığı təpədə yaşayış
tikililəri, müxtəlif əmək alətləri, qab-qacaq, təsərrüfat quyuları
və başqa vacib əşyalar aşkar ediblər.
Marneuli bələdiyyəsinin İmir kəndində “Kəsilmiş təpə”də aşkarlanan
qədim şərab qalıqları Amerika Arxeologiya İnstitutunun
„Archaeology” adlı beynəlxalq elmi jurnalında 2017-ci ilin 10 ən
vacib kəşfləri arasında qeyd olunub.
Tarixi abidənin kəşfi bir çox xarici mətbuatın diqqətini cəlb edib.
Tapıntının Marneuli bələdiyyəsində olması mətndə qeyd olunmayıb və
“Kəsilmiş təpə” potensial turistlər üçün “Tbilisidən 50 km-də
yerləşir”.
Demək olar ki, “Kəsilmiş təpə” məşhurluğunu 2000-ci ildən qazanıb,
2014-cü ildə isə onun tarixi əhəmiyyəti rəsmi olaraq tanınıb.
“Kəsilmiş təpə”ni ziyarət edənlərin sayı çox azdır, məsələn,
2017-ci ildə buraya cəmi 40-a yaxın turist gəlib. Yerlilər də bu
baxımdan fəal deyillər. Marneulidə demək olar ki, heç bir məktəbin
ekskursiya marşrutunda “Kəsilmiş təpəni” görmək olmur.
Baxmayaraq ki, yerli özünüidarəetmədə geniş turist potensialından
danışırlar, indiyə qədər İmirin parçalanmış təpəsində
konservasiyadan başqa heç nə görə bilməzsiniz. Hər il may ayında,
Toronto Universitetinin tədris layihəsi çərçivəsində arxeoloji
qazıntılar aparılır. İşlər başa çatdıqdan sonra isə ərazi primitiv
qaydada qorunur və bir il ərzində yeni qazıntını gözləyir.
Marneuli meriyasından bildirirlər ki, İmirdəki “Kəsilmiş təpə”-nin
üstünlüklərindən biri turizmin inkişafıdır və onun
infrastrukturunun qurulması haqqında meriyanın Mədəniyyət
Xidmətinin nümayəndəsi Elquca Kupatadze bizimlə bir il əvvəl
danışıb.
“Xatırladım ki, biz dünyada ilk dəfə şərab hazırlayan
lider ölkəyik. Yaxın gələcəkdə müvafiq infrastrukturun qurulması
üçün çalışırıq və orada konservasiya elə olmalıdır ki, ilin bütün
fəsillərində turistlər həmin yeri seyr edə bilsin. 8000 il əvvəl
adamların necə və hansı şəraitdə yaşadığını, şərab adlanan, üzümdən
belə bir mayeni almağın mümkün olduğunu necə düşündüklərini
görsünlər.”
Meriya “Kəsilmiş təpə”-nin arxeoloji kompleksinin infrastrukturunun
qurulması üçün iyun ayında 101 695 larilik tender elan edib. Qalib
şirkət də məlum olub və şirkət tenderlə götürdüyü öhdəlikləri
2019-cu ilin 20 dekabrına qədər yerinə yetirməlidir.
İmirdəki “Kəsilmiş təpə”, Opreti qalası, “Kalapa” – Tserakvi
monastır kompleksi, Qoruli kompleksi – bunlar Marneuliyə turistləri
cəlb etmək üçün mövcud olan tarixi abidələrin bir hissəsidir.
Marneuli meriyası onların tanıdılması üçün bir ildir ki, məlumat
köşkü qurub, ancaq köşk fəaliyyət göstərmir.
Meriyadan bildirirlər ki, bu plan tezliklə həyata keçiriləcək,
ancaq bu “tezliklə”-nin nə zaman olacağı məlum deyil.
Marneuli meriyasında “tezliklə” yəni, qeyri-müəyyən gələcəkdə,
turistlər üçün faydalı olan, həmçinin, İmirdəki “Kəsilmiş təpə”
haqqında məlumatları veb-səhifəyə yerləşdirməyi
planlaşdırırlar.
USAID həmin yerdə “Zrda” layihəsi çərçivəsində turizmin inkişafına
dəstək olmağı planlaşdırır. Bununla bağlı artıq yerli
özünüidarələrdə görüşlər keçirilib. Konkret hansı tədbirlərin
həyata keçiriləcəyi hələ ki, məlum deyil.