Amerikalı Marneulidə: “Bu mənim ilk Ramazan ayım idi…”
“Sülh başqasının mövqeyindən yanaşmaqla,
başqasının gözləri ilə görməklə başlayır. Bunun baş verməsi isə
səndən asılıdır” – Barak Obama.
Saat səhər 9:15-dir və mən son bir
ay ərzində ilk dəfə olaraq bu vaxt yemək yemişəm. Ötən gün saat
20:52-ni göstərdikdə mən ilk Ramazan ayımı tamamladım. Mənim adım
Qrifitdir. Mən Marneulidə yaşayan Amerika Birləşmiş Ştatları
vətəndaşıyam və mən Ramazanı qeyd etmək üçün son 30 gün ərzində
günəşin çıxışından batışınadək oruc tutdum.
2018-ci ilin yayında “Sülh Korpusu” könüllüsü olaraq Marneuliyə
köçdüm. “Sülh Korpusu” ABŞ-da fəaliyyət göstərən qeyri-dini,
qeyri-hökumət təşkilatıdır. Təşkilat maraqlanan dövlətlərdə təlim
görmüş insanlar baxımından ehtiyacların qarşılanması baxımından
xalqa kömək edir. Misal üçün, mən şəhərdə qabiliyyət təlimləri
keçirəm və QHT liderlərinə təşkilatlarının uğur qazanması üçün
lazım olan bacarıqlar əldə etməsinə kömək edirəm. Amerikalı
könüllülər (1961-cı ildə prezident Con Kennedi tərəfindən
başladıqdan bura dünyanın 141 ölkəsində 230 000-dən artıq könüllü,
Gürcüstanda hal-hazırda 110 könüllü) “Sülh Korpusu” xətti ilə şəhər
və kəndlərdə yaşayır və gündəlik dostluqlar vasitəsilə qlobal sülh
yaratmaq məqsədilə dünyanı inkişaf etdirir. Digər ölkələrdə
vətəndaşlar Amerikalılarla tanış olur, bir mühitdə yaşayır və
Amerika mədəniyyətini öyrənir. Bəli, mən də Gürcüstan mədəniyyətini
öyrənirəm. Mən eyni zamanda Marneulinin unikal mədəniyyətini də
öyrənirəm. Marneuli mənim şəhərimdir, mən burada yaşayıram,
işləyirəm və boş vaxtlarımı keçirirəm. Mən Azərbaycan və gürcü
dillərini öyrənirəm, yerli ailədə yaşayıram, icmada keçirilən
tədbirlərə qatılıram və bütün bayramları qeyd edirəm.
Məndə Ramazan ayında oruc tutmaq ideyası “Marneuli” radiosunda
birgə çalışdığım əməkdaşlar sayəsində yarandı. Onlar çox vaxt mənim
mədəni bələdçilərimdir. Onlar yerli nüanslara görə kimin hansı
kənddən olduğunu fərqləndirməyi öyrədirlər, onlar macarların Türk
xalqları ilə qohumluq əlaqəsini izah edirlər və onlar Marneulinin
tarixi haqqında əhvalatlar danışırlar. Mən onlardan qarşıdan gələn
bayram haqqında soruşduqda mən yalnız gündüz vaxtı yemək
yemədikləri haqda eşitmişdim. İş yoldaşlarım bunun qaydaları və
mənası haqqında əllərindən gəldiyi qədər mənə məlumat vermək üçün
vaxt ayırdılar. Onlar Ramazan ayının pis vərdişlərdən xilas olmaq,
özümüzü yenidən yüksək mənəviyyata və ruhi prinsiplərə kökləmək
zamanı olduğunu izah etdilər. Bu mənim xoşuma gəldi və məni
şəhərdəki dostlarım və iş yoldaşlarım ilə əlaqələri daha da
dərinləşdirmək, eyni zamanda inteqrasiya olunduğum mədəniyyəti daha
yaxşı anlamaq həyəcanı bürümüşdü. Beləliklə ilk olaraq Ramazanı
kəşf etməyə hazır olduğumu anladım.
Elə ilk gündəcə çətin olduğunu anladım. Bu isti havalarda yemək
yemədən, su içmədən 18 saat dözməli olduğumu düşündükcə qorxurdum
ki, görəsən bacara biləcəyəm? Xoşbəxtlikdən mənim əhvalım yüksək
idi və heç bir çətinlik çəkmədim. Saat 20:22-ni göstərdikdə mən ilk
orucumu xurma və su ilə açdım. Birinci günü tamamladım və özümə
inamım artdı. “Yalnız 29 gün daha!” deyə düşündüyümü
xatırlayıram.
Ancaq ikinci gün birinci kimi asan keçmədi. Günorta vaxtlarında
özümü yorğun hiss edirdim, başım hərlənirdi və yemək yeyə biləcəyim
vaxtadək dibsiz boşluğa düşdüyümü düşünürdüm. Enerjimi yeniləmək və
gün ərzində gümrahlığımı qorumaq üçün yemək yeməyin nə qədər mühüm
olduğunu başa düşməyə başladım. Qəlyanaltı, nahar etmədən enerji və
konsentrasiyamı qorumaq üçün güclü iradə göstərməli idim.
Ofisimizdəki divanda iki saat halsız oturduqdan sonra mən qəti
qərarımı verdim. Bu asan olmayacaqdı, ancaq mən bacaracağımdan əmin
idim. Həftələrə ötdükcə məndə özünəinam və iradə güclənirdi. Mən
başa düşdüm ki, konsentrasiya üçün dərin enerji mənbəyinə ümid
etməlisən və bədənimdə nələrin baş verdiyini anladım.
Ən çətin anlarımda Marneulidəki insanların mentalitetini anlamaq
arzumdan güc alırdım. Baxmayaraq mən həmişə görmürdüm, ancaq
şəhərdə oruc tutan minlərlə insan var idi, dünyada milyonlarla
insan bunu edirdi. Bəlkə mənim üçün çətin idi, ancaq bu hər kəs
üçün də çətin idi. Oruc tutan böyük kütlə haqqında fikirləşmək məni
ruhlandırırdı.
Marneulidəki bir çox tanış və dostlarım oruc tutduğumu eşitdikdə
çox təəccübləndilər. Tez-tez eşitdiyim sual isə “Sən müsəlmansan?”
olurdu. Mən cavab verirdim ki, mən müsəlman deyiləm, ancaq
“Marneuliliyəm”. Mən bunu mümkün olan ən səmimi şəkildə deyirdim.
Bir az duyğusal səslənə bilər, amma bu ayinin iştirakçısı olduğum
və mənim üçün naməlum olan bu bayramın mənasını anlamağa can
atdığım üçün qürur hissi keçirirdim. Və mən başqa oruc tutanlarla
qarşılaşdığımda məndə dil və mədəniyyət baryerlərini aşan güclü
həmrəylik hissi yaranırdı.
Mən aclıq içində yaşayanların zehni və mənəvi mübarizələrini daha
yaxşı anlamağa başladım. Saat 2-də ac olduğum günlər vaxtı
hesablayırdım və fikirləşirdim ki, “cəmi 6 saat yarımdan sonra
yemək yeyə biləcəyəm”. Ancaq dünyada çox sayda imkanlar var ki, bu
vaxtı hesablamaq imkanlarından da məhrumdurlar. Ramazan
irəlilədikcə axşamlar əhval-ruhiyyəmə nəzarət etmək üçün enerjimə
diqqət ayırmağa başladım. Bu mənim əvvəlki axşam iftarda nə sağlam
qida qəbul edib etməməyimdən asılı olaraq dəyişkən ola bilərdi. O
anlarda günəş altında oturub dilənənlərin nə hiss etdiklərini də
düşünürdüm.
Bu mənada Ramazan və “Sülh Korpusu”nun ortaq məqsədləri var. Bu
məqsəd bizdən fərqli olanları daha yaxından başa düşmək və onların
həyat təcrübələrinə dəyər verməkdir. Uzun müddət oruc tutmaq
başqaları tərəfindən qəribə qarşılana bilər, ancaq özün bunu
yaşayırsansa, tamamilə başqa hisslər olur. Mən bu ötən bir ayda
öyrəndim ki, çox insanlar düşünür: Nə üçün kimsə yeməkdən və sudan
imtina etməlidir? Bu istilərdə sudan necə imtina etmək olar? Çox
çəki itirməyəcəksən? Əgər dərin mənası və tarixi barədə məlumatın
yoxdursa, müəyyən qədər belə düşünə bilərsən. Ancaq məlumat əldə
etdikcə, məsələnin müqəddəs tərəflərinə fikir verirsən – və mən
bunu etdiyim üçün daha yaxşı insanam. Ramazan çox sayda dərs ala
biləcəyin zəngin bir bayramdır.
Həyatımın qalan hissəsində Amerikadakı dostlarım və ailəmə Ramazan
barədə danışarkən təcrübə və anlayış barədə danışacağam. Mən yeni
mədəniyyət barədə öyrəndim, bir şəxsiyyət kimi, məndə olan bəzi pis
vərdişlərə son qoydum. Mən həmişə oruc tutan müsəlman (və
qeyri-müsəlman) dostlarıma və tanışlarıma hörmət bəsləyəcəyəm.
Mən Marneulidə 1 il keçirmişəm və növbəti bir ildə də yerli həyat
barədə daha çox şeylər öyrənməyə davam edəcəyəm. Əgər siz məni
görsəniz, zəhmət olmasa, salam deyin – mən Marneulidə bacardığım
qədər çox adamla dostlaşmaq və daha çox əlçatan olmaq üçün səy
göstərdim. Mən başqasının mövqeyindən yanaşmaqla öyrəndiyim
dərslərə görə minnətdaram. Mən hər kəsi bu ilki Ramazan bayramı
münasibətilə təbrik edirəm.
Sizə və ailənizə sağlamlıq arzulayıram
Qriffit
(İngilis dilindən tərcümə olunub)