Amerikalı Marneulidə: “Bu mənim ilk Ramazan ayım idi…”
“Sülh başqasının mövqeyindən yanaşmaqla, başqasının gözləri ilə görməklə başlayır. Bunun baş verməsi isə səndən asılıdır” – Barak Obama.

Saat səhər 9:15-dir və mən son bir ay ərzində ilk dəfə olaraq bu vaxt yemək yemişəm. Ötən gün saat 20:52-ni göstərdikdə mən ilk Ramazan ayımı tamamladım. Mənim adım Qrifitdir. Mən Marneulidə yaşayan Amerika Birləşmiş Ştatları vətəndaşıyam və mən Ramazanı qeyd etmək üçün son 30 gün ərzində günəşin çıxışından batışınadək oruc tutdum.

2018-ci ilin yayında “Sülh Korpusu” könüllüsü olaraq Marneuliyə köçdüm. “Sülh Korpusu” ABŞ-da fəaliyyət göstərən qeyri-dini, qeyri-hökumət təşkilatıdır. Təşkilat maraqlanan dövlətlərdə təlim görmüş insanlar baxımından ehtiyacların qarşılanması baxımından xalqa kömək edir. Misal üçün, mən şəhərdə qabiliyyət təlimləri keçirəm və QHT liderlərinə təşkilatlarının uğur qazanması üçün lazım olan bacarıqlar əldə etməsinə kömək edirəm. Amerikalı könüllülər (1961-cı ildə prezident Con Kennedi tərəfindən başladıqdan bura dünyanın 141 ölkəsində 230 000-dən artıq könüllü, Gürcüstanda hal-hazırda 110 könüllü) “Sülh Korpusu” xətti ilə şəhər və kəndlərdə yaşayır və gündəlik dostluqlar vasitəsilə qlobal sülh yaratmaq məqsədilə dünyanı inkişaf etdirir. Digər ölkələrdə vətəndaşlar Amerikalılarla tanış olur, bir mühitdə yaşayır və Amerika mədəniyyətini öyrənir. Bəli, mən də Gürcüstan mədəniyyətini öyrənirəm. Mən eyni zamanda Marneulinin unikal mədəniyyətini də öyrənirəm. Marneuli mənim şəhərimdir, mən burada yaşayıram, işləyirəm və boş vaxtlarımı keçirirəm. Mən Azərbaycan və gürcü dillərini öyrənirəm, yerli ailədə yaşayıram, icmada keçirilən tədbirlərə qatılıram və bütün bayramları qeyd edirəm.

Məndə Ramazan ayında oruc tutmaq ideyası “Marneuli” radiosunda birgə çalışdığım əməkdaşlar sayəsində yarandı. Onlar çox vaxt mənim mədəni bələdçilərimdir. Onlar yerli nüanslara görə kimin hansı kənddən olduğunu fərqləndirməyi öyrədirlər, onlar macarların Türk xalqları ilə qohumluq əlaqəsini izah edirlər və onlar Marneulinin tarixi haqqında əhvalatlar danışırlar. Mən onlardan qarşıdan gələn bayram haqqında soruşduqda mən yalnız gündüz vaxtı yemək yemədikləri haqda eşitmişdim. İş yoldaşlarım bunun qaydaları və mənası haqqında əllərindən gəldiyi qədər mənə məlumat vermək üçün vaxt ayırdılar. Onlar Ramazan ayının pis vərdişlərdən xilas olmaq, özümüzü yenidən yüksək mənəviyyata və ruhi prinsiplərə kökləmək zamanı olduğunu izah etdilər. Bu mənim xoşuma gəldi və məni şəhərdəki dostlarım və iş yoldaşlarım ilə əlaqələri daha da dərinləşdirmək, eyni zamanda inteqrasiya olunduğum mədəniyyəti daha yaxşı anlamaq həyəcanı bürümüşdü. Beləliklə ilk olaraq Ramazanı kəşf etməyə hazır olduğumu anladım.

Elə ilk gündəcə çətin olduğunu anladım. Bu isti havalarda yemək yemədən, su içmədən 18 saat dözməli olduğumu düşündükcə qorxurdum ki, görəsən bacara biləcəyəm? Xoşbəxtlikdən mənim əhvalım yüksək idi və heç bir çətinlik çəkmədim. Saat 20:22-ni göstərdikdə mən ilk orucumu xurma və su ilə açdım. Birinci günü tamamladım və özümə inamım artdı. “Yalnız 29 gün daha!” deyə düşündüyümü xatırlayıram.

Ancaq ikinci gün birinci kimi asan keçmədi. Günorta vaxtlarında özümü yorğun hiss edirdim, başım hərlənirdi və yemək yeyə biləcəyim vaxtadək dibsiz boşluğa düşdüyümü düşünürdüm. Enerjimi yeniləmək və gün ərzində gümrahlığımı qorumaq üçün yemək yeməyin nə qədər mühüm olduğunu başa düşməyə başladım. Qəlyanaltı, nahar etmədən enerji və konsentrasiyamı qorumaq üçün güclü iradə göstərməli idim. Ofisimizdəki divanda iki saat halsız oturduqdan sonra mən qəti qərarımı verdim. Bu asan olmayacaqdı, ancaq mən bacaracağımdan əmin idim. Həftələrə ötdükcə məndə özünəinam və iradə güclənirdi. Mən başa düşdüm ki, konsentrasiya üçün dərin enerji mənbəyinə ümid etməlisən və bədənimdə nələrin baş verdiyini anladım.

Ən çətin anlarımda Marneulidəki insanların mentalitetini anlamaq arzumdan güc alırdım. Baxmayaraq mən həmişə görmürdüm, ancaq şəhərdə oruc tutan minlərlə insan var idi, dünyada milyonlarla insan bunu edirdi. Bəlkə mənim üçün çətin idi, ancaq bu hər kəs üçün də çətin idi. Oruc tutan böyük kütlə haqqında fikirləşmək məni ruhlandırırdı.

Marneulidəki bir çox tanış və dostlarım oruc tutduğumu eşitdikdə çox təəccübləndilər. Tez-tez eşitdiyim sual isə “Sən müsəlmansan?” olurdu. Mən cavab verirdim ki, mən müsəlman deyiləm, ancaq “Marneuliliyəm”. Mən bunu mümkün olan ən səmimi şəkildə deyirdim. Bir az duyğusal səslənə bilər, amma bu ayinin iştirakçısı olduğum və mənim üçün naməlum olan bu bayramın mənasını anlamağa can atdığım üçün qürur hissi keçirirdim. Və mən başqa oruc tutanlarla qarşılaşdığımda məndə dil və mədəniyyət baryerlərini aşan güclü həmrəylik hissi yaranırdı.

Mən aclıq içində yaşayanların zehni və mənəvi mübarizələrini daha yaxşı anlamağa başladım. Saat 2-də ac olduğum günlər vaxtı hesablayırdım və fikirləşirdim ki, “cəmi 6 saat yarımdan sonra yemək yeyə biləcəyəm”. Ancaq dünyada çox sayda imkanlar var ki, bu vaxtı hesablamaq imkanlarından da məhrumdurlar. Ramazan irəlilədikcə axşamlar əhval-ruhiyyəmə nəzarət etmək üçün enerjimə diqqət ayırmağa başladım. Bu mənim əvvəlki axşam iftarda nə sağlam qida qəbul edib etməməyimdən asılı olaraq dəyişkən ola bilərdi. O anlarda günəş altında oturub dilənənlərin nə hiss etdiklərini də düşünürdüm.

Bu mənada Ramazan və “Sülh Korpusu”nun ortaq məqsədləri var. Bu məqsəd bizdən fərqli olanları daha yaxından başa düşmək və onların həyat təcrübələrinə dəyər verməkdir. Uzun müddət oruc tutmaq başqaları tərəfindən qəribə qarşılana bilər, ancaq özün bunu yaşayırsansa, tamamilə başqa hisslər olur. Mən bu ötən bir ayda öyrəndim ki, çox insanlar düşünür: Nə üçün kimsə yeməkdən və sudan imtina etməlidir? Bu istilərdə sudan necə imtina etmək olar? Çox çəki itirməyəcəksən? Əgər dərin mənası və tarixi barədə məlumatın yoxdursa, müəyyən qədər belə düşünə bilərsən. Ancaq məlumat əldə etdikcə, məsələnin müqəddəs tərəflərinə fikir verirsən – və mən bunu etdiyim üçün daha yaxşı insanam. Ramazan çox sayda dərs ala biləcəyin zəngin bir bayramdır.

Həyatımın qalan hissəsində Amerikadakı dostlarım və ailəmə Ramazan barədə danışarkən təcrübə və anlayış barədə danışacağam. Mən yeni mədəniyyət barədə öyrəndim, bir şəxsiyyət kimi, məndə olan bəzi pis vərdişlərə son qoydum. Mən həmişə oruc tutan müsəlman (və qeyri-müsəlman) dostlarıma və tanışlarıma hörmət bəsləyəcəyəm.

Mən Marneulidə 1 il keçirmişəm və növbəti bir ildə də yerli həyat barədə daha çox şeylər öyrənməyə davam edəcəyəm. Əgər siz məni görsəniz, zəhmət olmasa, salam deyin – mən Marneulidə bacardığım qədər çox adamla dostlaşmaq və daha çox əlçatan olmaq üçün səy göstərdim. Mən başqasının mövqeyindən yanaşmaqla öyrəndiyim dərslərə görə minnətdaram. Mən hər kəsi bu ilki Ramazan bayramı münasibətilə təbrik edirəm.

Sizə və ailənizə sağlamlıq arzulayıram

Qriffit

(İngilis dilindən tərcümə olunub)
Print