Bizim olmayan adət-ənənə - Şəlalə Əmircanova
Sinif yoldaşım nişanlananda doqquzuncu sinfin ilk ayları idi. Evdə anama bu hadisə haqqında danışanda, bu hadisələr sənə aid deyil, sən balacasan dedi. Ancaq sinif yoldaşlarım mənim həmyaşıdlarım idilər. O qızdan sonra, həmin il ərzində demək olar ki, sinifin bütün qızlarını ərə verdilər, - əlbəttə 9-cu sinifi qurtaran kimi təhsillərini də dayandırdılar.

Bu hadisələr hamı üçün məlumdu, ancaq illər öncə buna qarşı reaksiya yox idi və bu hadisələr sıx-sıx baş verirdi.

Bu gün elə deyil. Daha “güclü” qanunlarımız var. Gerçəklərimiz isə budur, gündən-günə daha ağır xəbərlər alırıq. Bunun miqyaslı şəkildə baş verdiyini desək yalan olar, ancaq bir hadisə belə bu dəhşəti görməyimizə yetərlidir.

Bu gün 21 yaşım var. Nə qədər işləsəmdə, çalışsamda ailə üzvlərinin gözündə mən balaca qızam. Öz həmyaşıdımın və ya daha da balacanın bu ağrıları çəktiyini, zorla “ərə verildiyini” və hansısa psixologiyası pozulmuş heyvan tərəfindən zorladığını, onun yerinə qərar verildiyini, və sonrada bu bizim qayda-qanunumuzdur deyilməsini,- təsəvvür etmək belə mənim üçün böyük travmadır.

Çox qısa zamandır ki, problemlərdən əlavə qadınların uğur hekayələrini yazmağa başlamışam. Bu işə o ümidlə başladım ki, regionumun və digər regionlarda yaşayan millətimin, bir çox bariyerə baxmayaraq, uğurlu olduqlarını, irəlilədiyimizi, inkişaf etdiyimizi göstərəcəkdim. Təsəvvür edin ki, sən insanlara yaxşı misallar göstərmək istəyirsən, ancaq qəflətən, saniyələr ərzində yanında elə bir hadisə olur ki, artıq özün belə dediyinə inanmırsan...

Tələbə olduqdan sonra demək olar ki, hər gün bu cümlələri eşidirdim: bəs sənin neçə uşağın var, necə oldu ki, sənə ərə verməyiblər, yəqin nəsə ailən qarışıqdı. Bu mənim üçün cox alçaldıcı idi. İllər keçir sən deyirsən ki, bilirsinizmi, vəziyyət dəyişib, bir çox şey yaxşılığa doğru gedir, ancaq yenədə bir hadisə baş verir və... tamamilə həvəsin qursağında qalır...

Mən təsdiq edirəm ki, bu gün mənim regionumda, xalqımın yaşadığı hər yerdə, irəliləyiş, inkişaf var, bariyerləri aşmışıq, ancaq bir qıraqda belə xalqımın yaşadığı yerdə baş verən ən kiçik hadisə belə insanı narahat edir.

Susmaq, səs çıxarmamaq, qıraqdan izləmək çıxış yolu deyil. Bu bizim adət-ənənəmiz deyil, bu tradisiyamız deyil, bu bizim mədəniyyətimiz hansısa bir parçası deyil, heç bir zaman da olmayıb. Bu sadəcə bir dəhşətdir.

Umid edirəm ki, bu sonuncudur...

Mənbə: Pəncərə
Print