Mahnı oxuyan, rəqs edən və tamaşa göstərən azərbaycanlı qızlar
Bu il məktəblərdə keçirilən son zənglər diqqətimi daha çox çəkdi. Əvvəlki illərə baxanda bu dəfə müasir və rəngarəng idi. Gənclər həvəsli, stereotiplərdən uzaq öz uşaqlıqlarının son günlərini azad və məsumca yaşayırdılar. Bir çox məktəblərin son zəng videolarını izlədim.

Orada gənc məktəbli qızlar mahnı oxuyur, şer deyir, rəqs edir və maraqlı tamaşalar göstərirdilər. Tamaşalar xüsusi diqqətimi çəkdi, baxmayaraq ki, onlar bu sahə üzrə xüsusi təhsil almayıblar, çox ustalıqla öz rollarını aparırdılar. İzəyicilər qarşısında çox rahat və azad şəkildə özlərini ifadə edirdilər. Hər il son zəng proqramları belə maraqlı və əyləncəli keçir.

Bəs o gündən sonra o mahnı oxuyan, rəqs edən, tamaşa göstərən qızlar hara yoxa çıxır? Onların istedadı hansı qapılar arxasında dəfn edilir, onlar niyə bu sahədə öz gələcəklərini görə bilmirlər? Niyə bütün bunlar sadəcə bir gün üçün, son zəng üçün hesablanır? Mən bu sualların cavablarını sadəcə bir neçə məsələyə toxunaraq cavablandırmaq istəyirəm. Kənd və icmalarda uşaqlar və gənclər üçün məktəbdən başqa bir sosial məkan yoxdur.

Onların bütün fəaliyyəti məktəblə başlayır və məktəblə də belə bitir. Valideyinlər öz təcrübəsiz uşaqlarını kənddən şəhərə getməyə buraxmır, hesab edirlər ki, park görməyən qızı, şəhərə getsə parka gedib adı çıxar, cəmiyyətdə sosiallaşmayan gənc qızını dost tanışları ilə birgə görüb adına söz çıxar və gələcək taleyində problemlər olar.

Ancaq bu narahatçılıqların heç birində uşağın hüququ və təlabatı hesablanmır, sadəcə valideyinin nüfuzu və şəxsiyyətinin kirlənməsi və özünün bundan doğan zəifliyindən qorxu var. Lap öz məktəbəqədər bacarığını sonra da davam etsə incəsənət sahəsi seçsə nə olar? Mahnı oxuyan, tamaşa göstərən qadın keyfiyyətsiz və başsızdır? Biz öz düşüncəmizi dəyişmək əvəzinə gənclərin istedadanı öldürməyə üstünlük veririk. Bəli biq öz uşaqlarımıza qarşı eqoistik.

İkinci məsələ, yerli idarəetmə o sakinlər üçün hər hansı addımlar atmır, hər şey sadəcə mərkəz və şəhərli gənclər üçün hesablanıb. Bəs əhalinin əsas hissəsinin qeydinə və qayğısına kim necə qalmalıdır? Niyə onlar öz haqqlarına düşən payı götürə bilmirlər. Kənd deyəndə yalnız ağıla torpaq, pomidor, kartof, su gəlir. Bütün bu zəif dünya görünüşündən çıxmaq üçün bizə daha neçə illər lazımdır?

Müəllif: Samira Bayramova

Mənbə: Pəncərə
Print