Əslində kimdir günahkar? - Pərvin Hacıyevanın səsli fikiri

Cəmiyyətin pozulmasına səbəb olaraq bir çox şeyi misal göstərmək olar, ilk olaraq adını qoya bilmədiyimiz, bizi çox vaxt uçuruma aparan mentalitetimiz... Daha sonra mənə nə dəxli var məntiqi ilə yaşamaq... Son olaraq isə özü üçün deyil, ətrafdakıların düçüncəsi ilə hərəkət edən toplum.


Son zamanlar gündəmi zəbt edən zorakılıq mövzusunda qısa olaraq öz fikirlərimi şərh edəcəm. Bəzən bu cəmiyyətin bir hissəsi olduğuma görə utanc hissi yaşayıram, şahidi olduğumuz ağlasığmaz hadisələri gördükdə hər kəsə qarşı şübhə ilə davranırsan. İnsanlardan və onların zəif düşüncələrindən özünü qorumağa çalışırsan. Özünü insanlardan qorumaq... Bunun nə demək olduğunu yəqin ki, dərk edirsiniz.

Bu hadisələri ört-basdır edib, heç nə olmamış, yaşanmamış kimi həyatına davam etməyi qanun olaraq qarşımıza qoyan kimdir? Təbii ki, sənin mentalitetin. Ətrafımızda mental düşüncələrin əsiri olan insanlar görəsən bu vəhşiliyin fərqindədirlərmi? Bizə nəyə görə ətrafımızdakıların nə düşündüyü maraqlı olmalıdır? Axı onlar sənin haqqında artıq-əskik söhbət olunduğunda, başına hər hansı bədbəxt hadisə gəldiyində "MƏNƏ NƏ DƏXLİ VAR?.." deyən insanlardılar. Hansı səbəblə biz həyatımızı kiməsə görə yaşamalıyıq?

Bu gün qızlara qarşı zorakılıq tətbiq olunur, bizsə toplum olaraq növbəti qurbanların kim olacağını gözləyirik. Qızlarımızı qaçırırlar, kənd sakinləri nə deyər, düşmən sevindirməyək, qızımız taleyi ilə barışsın deyirik, siz heç övladına sahib çıxıb, dərdinə şərik olub, qızını gözü yaşlı qoymayıb evinə gətirən valideyn gördünüzmü? Mən görmədim... Mən sevmədiyi insanla ona nifrət bəsləyərək eyni həyatı bölüşməyə məcbur qalan, zorla qaçırılıb təhsilini yarımçıq qoyan qızlar gördüm, mən yalandan gülümsəyən, təhsil almaq arzusu ilə yaşıdlarına baxıb həsəd aparan qızlar gördüm, mən "kaş ki"lərlə dolu həyatlar gördüm, əgər buna həyat demək olarsa... və mən o, bu nə deyər düşüncəsinə sığınan valideynlər gördüm. İndi sadəcə təəssüf edə bilirəm. Nə vaxta kimi axan göz yaşlarına səbəb olan hadisələri ört-basdır edəcəyik, onun-bunun düçüncəsinə görə yaşayacağıq, o vaxta kimi gözümüz, qulağımız çox hadisələrin şahidi olacaq.

Gəlin onu da unutmayaq ki, qadın dünyaya yalnız "qadın" olmaq üçün gəlməyib. Qadının da öz hüquqları var, o, evlənmək və uşaq dünyaya gətirməkdən başqa təhsil ala, peşəyə yiyələnə bilər. Bir qadına qarşı güc tətbiq etmək, zorakılıq törətmək cəmiyyətdə olan bütün qadınların hüquqlarını pozmaq deməkdir.
Print