Etnik azlıqların dövlət dili bilməmələri problemi - Semral İlqarovun səsli fikiri
Düşünürəm ki, Gürcüstanda yaşayırıqsa, bir vətəndaş olaraq hər birimiz dövlət dilini bilməliyik. Yaşadığımız dövlətin dilini bilmək bizim vətəndaşlıq borcumuzdur. Amma bu o demək deyil ki, hamımız dövlət dilini qüsursuz şəkildə bilirik.

İndiki dövrə nəzər yetirsək gənclərin bir çoxunun gürcü dilini necə yaxşı bildiklərinin şahidi olarıq, lakin yaşlı nəsil haqqında eyni fikri söyləmək çətindir. Etnik azlıq olaraq çoxluq təşkil etməmizə baxmayaraq, dil problemi bizim bir çox hadisələrdən məlumatsız qalmamıza səbəb olur. Xüsusən də yaşlı nəsil nümayəndələri ölkədə, yaşadığımız regionda baş verən ən son xəbərləri gürcü dilli dövlət kanallarından deyil, qonşu ölkənin kanallarında yayımlanan xəbərlər vasitəsi ilə izləyib məlumatlanırlar.

Son zamanlar ölkədə baş verən hadisələrə də toxunmaq istəyirəm. Paytaxt Tbilisidə keçirilən aksiyalarda iştirak edən bir qrup azərbaycanlılar gürcü kanalına olan müsahibələri zamanı aksiyada hansı səbəblə iştirak etdiklərindən xəbərsiz olduqlarını deyirlər. Telekanalın hazırladığı sujetə baxanda həm əsəbiləşir, həm utanc hissi yaşayırdım.

İndi isə bunun səbəblərinə aydınlıq gətirəcəyəm...

Yaşlı nəslin dövlət dilini bilməmələri normal haldır, çünki onların dövründə rus dili daha çox önəm daşıyırdı, bu səbəbdən də gənclərdən fərqli olaraq onlar gürcü dilini bilmirlər. Buna baxmayaraq, onlar paytaxtda keçirilən aksiyada iştirak edirlər. Təbii ki, aksiyada hər kəs iştirak edə bilər. Ancaq kadrdan da görünürdü ki, onlar aksiyanın hansı məqsədlə keçirildiyindən xəbərsiz olmalarına baxmayaraq dəstək üçün orada idilər. Bəlkə də öz istəkləri ilə deyil, siyasi qruplar tərəfindən göndərilmişdilər... Kadrlarda vətəndaşların dil bilmədiklərinə görə utandıqları açıq-aydın görünürdü. Ən azından onlar aksiyaya göndəriliblərsə, heç olmazsa onlara aksiyanın keçirilməsinin səbəbləri haqqında məlumat verilərdi. Ayrıca media nümayəndələrinin məqsədi də birmənalı deyil, bəlkə onlar da hansısa siyasi qruplar tərəfindən bilərək göndərilmişdilər... Bəlkə də onların məqsədi sadəcə azərbaycanlıların dil problemini qabardılmış şəkildə götərməkdir? Kim bilir...

Nəyə görə biz zəif nöqtələrimizdən vurulmalıyıq?.. Nəyə görə media tərəfindən çəkilməli və gülüş hədəfinə çevrilməliyik?..

Print Email
FaceBook Twitter Google