Əllərimdə Can Verən Xəstə - Elcan Hacılı
Sənə
tükənməz bir ümid və göz yaşları ilə baxan birinin həyatını xilas
etmək, çox ama çox qəribə bir hissdir.
Qızmar bir Avqust gecəsindəyəm. Hava o qədər istidir ki, bu havada
nəinki xəstə, heç sağlam insanın da ürəyi asanlıqla tab gətirməz bu
istiyə. Reanimasiya şöbəsində 24 saatlıq növbədəyəm bu gün yenə.
Kefim elə də yerində deyil; dünən klinikaya gətirilmiş yaşlı
xəstəmiz ürək qan-damar tıxanıqlığı, tənəffüs yetməzliyi və bədəndə
su yığılmasına cəmi bircə gün tab gətirə bildi, bu gün günorta saat
13.00-da bir andaca ürəyi durdu.
Bir az bunun təsiri, bir az da havanın dəhşətli dərəcədə isti
olmağını nəzərə alıb daha ehtiyyatlı olmalı idik bu gün. Bir
xəstəni daha itirə bilməzdik. Çünki digər şöbələrdən fərqli olaraq
Reanimasiya Şöbəsində kondisionerin dərəcə norması çox-çox
aşağıdır. Buradaki xəstələrin vəziyyəti ağır olduğu üçün bu şöbədə
temperatur nə çox aşağı, nə də çox yuxarı olmalıdır. Elə bu
səbəbdən də bu cür havalarda işimiz iki qat çətinləşir; ayıq-sayıq
olmadınsa, bircə anın içərisində xəstənin vəziyyəti pisləşə, pik
nöqtəyə çıxa və oradaca ürək fəaliyyətini dayandıra bilər.
Gecə saat 20.00 radələridir. Klinikada 3 nəfərlik heyətlə növbədə
dururuq: növbə həkimi, tibb bacısı və mən. Xəstələrin vəziyyəti
ağırdır: bədən temperaturları və təziqləri tez-tez düşüb-qalxır,
nəfəs darlığı çəkirlər. Antibiyotiklərdən və süni tənəffüs
aparatından istifadə edib xəstənin vəziyyətini stabilləşdirməyə
çalışırıq. Yan tərəfdə, ən küncdə yatan yaşlı qadının vəziyyəti
xoşuma gəlmir nəsə. Təziqi stabil durmur – bir yüksəlir, bir düşür.
Xəstə, boğaz nahiyəsindən birbaşa nəfəs borusuna deşik açılaraq
süni tənəffüs aparatına qoşulub. Boğazındaki deşiyə görə danışarkən
səsi çıxmır. Ancaq bədən dili və dodaq hərəkətləri ilə çətinliklə
başa düşə bilirik nə demək istədiyini. Vəziyyətin belə olduğunu
görüb mütəmadi olaraq bu xəstəni nəzarətdə saxlamağa başlayıram.
Xəstə tez-tez, hətta 5 dəqiqədən bir su istəyir.
Saat 21:17 – 2 dəqiqə əvvəl
reanimasiyadaki xəstələrə baş çəkirəm, vəziyyəti ağır olan xəstə
qadına bir daha su içirdirəm. Bu dəfə bir şprislə susuzluğu
sönmədi, əlavə bir şpris daha su istədi. İkinci dəfə içizdirirəm.
Çıxıram otaqdan, həkimə xəstələrin bu saata olan vəziyyətini
söyləməliyəm.
Saat 21:19 – Otaqdan çıxmazdan əvvəl
birazdan görəcəyim mənzərədən xəbərsiz şəkildə hər ehtimala qarşı
dönüb baxıram arxaya. İşlər axarında getmir, süni tənəffüs
aparatının xəbərdarlıq siqanlı işə düşüb. Nəsə bir problem var,
xəstənin alləri titrəməyə başlayır! Xəstə çırpınır!
Həkimi səsləməyimlə yan otaqdan çıxıb qaçaraq reanimasiya şöbəsinə
girməyi bir olur. Arxasınca da tibb bacısı. Həkim problemin nədə
olduğunu anlamağa çalışır. Mən bir tərəfdən xəstənin qanındaki
oksigen göstəricilərini, digər tərəfdən təziqini ölçməyə atılıram.
“Aparatda problem var, oksigen gəlmir”
həkim deyir. “Xəstənin qanındaki oksigen dəyərləri
normadan iki qat aşağıdır, təziqi də get-gedə
yüksəlir”, təşvişlə mən əlavə edirəm. Süni tənəffüs
aparatından oksigen gəlmədiyi üçün xəstə yetəri qədər nəfəs ala
bilmir, daralır. Xəstə narahatdır, yerində dura bilmir. Tez düşüb
klinikanın həyətində yerləşən xüsusi otaqda oksigen balonunu yenisi
ilə əvəz edib dəyişdirmək lazımdır. Bunu da bircə həkim bacara
bilir. Həkim, qaçaraq bu işin arxasınca gedir.
Saat 21:25 – Həkim aşağı düşəli 2 dəqiqə
oldu təxmini, hələ də dəyişən bir şey yoxdur. Süni Təəfüs
Aparatından yenə də oksigen gəlmir. Xəstənin vəziyyəti get-gedə
ağırlaşır.
Saat 21:28 – Nəfəs yoxdur, xəstə
öldü-öləcək. Bir gözüm Süni Tənəffüs Aparatında, digər gözüm
xəstənin barmağına qoşduğum pulsometrdədir. Göstəricilər artıq
riskli səviyyəyə yaxınlaşır: ən azından 50-60 olmalı olan oksigen
dəyəri, artıq 30-a qədər aşağı düşüb.
Saat 21:30 – Həkim nə qədər çalışırsa da
Süni Tənəffüs Cihazının problemini həll edə bilmir tam olaraq.
Xəstəyə özünü əla bilməsi üçün lazımi iynəni vurub. İndi isə məcbur
bir daha oksigen balonlarının yanına düşməli oldu. Oksigen cihazı
yetəri qədər oksigeni ötürə bilmir xəstəyə. Həkim yanımızda yoxdur.
Otaqda digər xəstələrdən əlavə, bir tibb bacısı, bir də mən varam.
Xırıltı gəlir xəstənin boğazından, gözlər qapanır… nəfəs kəsilir
artıq.
Baxdıq olmur, vəziyyət kritikdir, tibb bacısı tez Ambu‘nu (əllə
edilən süni tənəffüs aparatı) gətirdi. Tez xəstənin boğazındaki
oksigen borusunu açıb, Ambu’nu qoşuram. Xəstəyə durmadan
dərin-dərin nəfəs verməyə, onu ayıq saxlamağa çalışıram. Xəstənin
gözləri qapanır. Eşitmir artıq məni, gözlərini ayıq tutması üçün
bağırıram gürcücə: “oyan, aç gözlərini, mənə bax!
Qorxma, indicə hər şey qaydasına düşəcək; aç gözlərini! Hey, sənə
deyirəm!” Qadın ara-ara qıyaraq açır gözlərini. Elə
bir baxışla süzür ki, məni, gözlərimə elə bir şəkildə baxır ki…
bunun təsviri yoxdur yəqin ki. Gözlərində həm qorxu görürəm, həm də
son ümid damcıları. Bir damcı ümid parçasına bulanmış göz yaşları
axır gözlərindən yanaqlarına.
Qadının gözləri qapandı. Bir an qadının ürəyi durdu kimi oldu.
Şokdayam, klinikada işə başlayalı çox qısa zamandır, birinci
dəfədir ki, bu cür vəziyyətlə qarşı-qarşıyam. Amma özümü ələ
almalıyam, hələ heç nə bitmiş deyil. Bunu bacara bilərik! Tibb
bacısı cəld ritmik şəkildə xəstəyə ürək masajı edir. Mən dayanmadan
15 dəqiqədir ki, ambu ilə tənəffüs verirəm. İsti nəfəsimizi kəsir,
bədənim alışıb yanır, alnımdan axan tər damcıları gözümü yandırmağa
başlayır. Qollarımı hiss etmirəm artıq, amma dura da bilmərəm.
Həkim düz dibimizdədir, biz xəstəni geri qaytarmağa çalışarkən, o
da Süni Tənəffüs Aparatını tənzimləməyə çalışır.
Hərəkətsiz şəkildə dayanan xəstənin barmaqları birdən hərəkət
etməyə başladı. Deyəsən, ürək masajı və ambu ilə süni tənəffüs işə
yarayırdı artıq. Xəstə yavaş-yavaş gözlərini açmağa cəhd edir, mən
isə huşu özünə gəlsin deyə dayanmadan Ambu ilə nəfəs verirəm. Qadın
gözlərini tam olaraq açır. Yenə eyni baxışlarla süzür məni.
“Nəhayət ki, düzəldi!”, oksigen cihazının
normal işlədiyini işarə edərək həkim həyəcanla səsləndi. Tez
oksigen borusunu xəstənin nəfəs borusuna qoşuruq. Xəstənin
barmağındaki Pulsometr cihazı oksigen göstəricilərinin yavaş-yavaş
yüksəldiyini göstərir: əvvəl 35, sonra 45…50…60…yüksəlməyə və
stabilləşməyə davam edir. Həkim, bizə tərəf dönüb deyir,
“Deyəsən, xilas etdik…”
Saat 22.00 – Damarlarımda dolaşan
adrenalini hər bir zərrəmdə hiss edirəm. Birtəhər otururam bir
küncdə. Xəstəyə baxıb düşünürəm. Düşünürəm, nə idi bu?Bayaq nə
etdik biz? Nəyi dəyişdik? Nəyə nail olduq? Cavab gəlmir. İçimdən
bir səda sadəcə olaraq bunu deyir, “sənə insan olduğunu
hiss etdirən bir şey etdin bayaq sən”.