"Qadın kəliməsi mübarizə kəliməsinə bərabərdir" - Şəlalə Əmircanova
28
yaşlı Əfsanə həyat mübarizəsindən danışır
“Mən doğuldum və böyümədən mübarizə aparmağa başladım. Evin böyük
uşağı idim. Atam yetərincə imkanlı idi. Heç bir ehtiyacımız yox
idi. Ancaq qız uşağı imkanlı ailədə belə artıqlıq edir və israf
kimi görülür. Qonşunun mənlə yaşıd qızları ilə yolda evcik
oynayarkən anam həyəcanlı səslə tez evə qayıtmağımı dedi. Evə
getdim, evde bir neçe qohumumuz xalam, bibim və anam sevinc dolu
gözlərlə məni “ərə verdiklərini” dedilər.
15 yaşım var idi, dillənə bilmədim, içimdən sadəcə ağlamaq gəldi.
Nəqədər qarşı çıxsam da, xalalarım söz verdiyimiz ailənin imkanlı,
güclü və təsirli olduğunu dedilər. Məni çox qorxutdular. Uşaq
ağlımla dediklərinin heç yarısını belə anlamamışdım ancaq, tək
çıxış yolum razılaşmaq idi. Evliliyimizin ikinci ili idi artıq və
uşağımız olmurdu. Mənə artıq əziyyət verməyə başlamışdılar
döyülürdüm, söyülürdüm amma artıq dözə bilmirdim. Qohumlar atama
evdə saxladığın itin əvəzinə gət qızını saxla bir dilim çörəklə
əksilməzsən deyiblər.
Beləliklə ailələr boşanmağımıza qərar verdilər və mən ata evinə
geri qayıtdım. Buradada əziyyətlər bitmədi və mənim qarşıma yeni
ümid gətirən ikinci həyat yoldaşım çıxdı. Valideynlərim məndən
canlarını qurtarmaq üçün ikinci dəfə məni evləndirdilər. Bu zaman
mən həyat yoldaşımı sevdim özüdə çox, bizim ailəmiz kənd üçün qəbul
olunmaz idi çünki, mən boşanmış bir qadın o isə subay oğlan idi.
Biz çox kasıb yaşasaq da çətinliklərə dözürdüm. Oğlumuz dünyaya
gəldikdən sonra ailəmiz dahada güclənmişdi. Ancaq xoşbəxtlik qapımı
çaldı və çox durmadan məni tərk etdi. Kənd toylarından birində
yoldaşıma mənimlə evli olduğuna görə pis sözlər ünvanlandılar və
nəticədə O, toyda birini bıçaqlayaraq həbsə düşdü. Heç arası uzun
çəkmədi , ərim orada öldürüldü və bundan sonra mənim əsas mübarizəm
başladı.
Ata evinə bir daha qayıtdım. Adıma nələr deyirdilər, üz qarası
idim, çirkli idim, anam, atam və hətda məndən kiçik qardaşım belə
hərgün məni döyürdülər. Bir daha evlənməyimi istəyirdilər çünki,
onların gözündə artıqlıq idim. Təhsilsiz, dil biliyi olmayan şəhər
görməyən bir qızcığaz həyatını necə qazana bilərdi hələ baxmalı
böyütməli olduğum bir övladımda var idi. İllər ərzində əzab əziyyət
çəkərək öyrəndiyim ən yaxşı peşəyə sığındım kirayə hektarla
torpaqlar götürdüm və yaz qış demədən əkdim, biçdim satdım
qazandım. Rəhmətə gedən ərimin evinə qayıtdım oğlumun mülkünü geri
aldım evimi təmir elədim və oğlumu məktəb yaşına çatdırdım. Bu
illər ərzində anladım ki, qadının gəliri, qazancı varsa deməli ona
heçkim söz deyə bilmir.
Mənim az yaşım olsa da çox şey yaşadım. Zorakılığı ən doğma
bildiklərimdən gördüm . Bu gün 28 yaşım var özümdə hiss etdiyim güc
təsəvur edilməzdir. Ən vacibidə boşandığım, həyat yoldaşımı
itidiyim zaman mənə pis gözlə baxan, çirkəf adlandıran kənd
sakinlərinin bugünki gücümü və qazancımı görüb ayağıma gəlib yardım
istəməkləridir. Düzdür hələ də çətinlik çəkirəm çünki, təhsilim
yoxdur və dil bilmirəm ancaq ilk mərhələdə bunları bacardım
düşünürəm davamını daha uğurlu gətirəcəm. İlk məqsədim sürücülük
vəsiqəsi və avtomobil almaqdı. Məhsulumu bazarda özüm satsam daha
güclü olacağam. Oğluma nümunə olmalıyam!"- danışır Əfsanə.
Müəllif - Şəlalə
Əmircanova
Mənbə -
Pəncərə