"Kaş o, insandan övlad dünyaya gətirməzdim" - Pərvin Hacıyevanın səsli fikri
O, 11 il bundan əvvəl həyatının ən böyük səhvini etdi. Öz istəyini nəzərə almadan anasının istəyi ilə heç sevmədiyi biri ilə evləndi. Xoşbəxt olacağını düşünürdü “Böyüklər səhv etməz, xoşbəxt olaram, ya da birtəhər səbr edib dözərəm”, – deyirdi. Lakin o, elə də xoşbəxt ola bilmədi...

Nərgizin 28 yaşı var. Onun 5 yaşı olanda valideynləri ayrılıb və onlar qardaşı ilə birlikdə anasının yanında qalıblar. Atası onları tərk edib və xarici ölkəyə köçüb. Anası onları çox çətinliklə böyüdüb. Bəzən yeməyə çörəkləri belə olmurmuş. Nərgiz bunları mənə danışanda ağlayırdı, bir az susur sonra yenə davam edirdi... O, hələ ictimai məktəbdə oxuyanda elçiləri gəlirdi, amma anası və qardaşı onun uşaq olduğunu düşündükləri üçün evlənməsinə qarşı çıxırdılar. 17 yaşına çatan Nərgizin tək xəyalı dərzi olmaq idi, bu onun uşaqlıqdan ən böyük arzusu idi. Lakin maddi vəziyyətləri çətin olduğundan o, ailə üzvlərinin yanında bu istəyindən söz açmırdı. Bir gün ona yenə elçi gəldilər. Bu dəfə anası onu evləndirməyə razı oldu. Onun artıq 17 yaşı var idi və anası böyüdüyünü düşünürdü. Nərgiz istəmədiyini desə də, məcbur qalıb anasının istəyi ilə razılaşdı. O, anasının seçiminin səhv olmayacağına özünü inandırmışdı. Amma heç evlənmək istəmirdi. Gizlicə ağlasa da, bunu evdəkilərə hiss etdirmirdi.

Bəli, beləliklə o, anasının seçimi, istəyi ilə tanımadığı biri ilə evləndi. Elə o gün həyatının ən böyük səhvinə doğru ilk addımı atmış oldu.

Nərgiz öz həyatından danışır.

“Mən evlənmək istəmirdim, amma anam bizim üçün o qədər əziyyət çəkmişdi ki, ona bir xəyalım olduğunu və evlənmək istəmədiyimi deyə bilmirdim. Evləndiyim günü düşünürəm, sanki mən o gecə içimdəki uşağı öldürdüm. Yoldaşımı sevməyə çalışdıqca onu tanıyıb daha da nifrət etməyə başladım. Sonra bir qızım oldu. Mənə deyirdilər ki, uşağın olsun ailənə, yoldaşına bağlanacaqsan. Hər şey düzələcək, səbr et deyirdilər. Amma hər gün həyata, yoldaşıma olan nifrətim şiddətlə artırdı. Qaynanam məni düşmən gözündə görür və hər gün yoldaşıma haqqımda pis şeylər danışırdı. Yoldaşım da əsəbiləşir, sonra məni döyürdü. Bu yetmirmiş kimi yoldaşımın böyük bacısı varı idi. O, da hər dəfə qonaq gələndə evimizə dava salırdı, məni yoldaşıma döydürürdü. Xatırlayıram, bir dəfə qayınanamla baldızım birləşib məni döydülər, üstündən də yetmirmiş kimi yoldaşım da gəlib döydü. Mənim artıq sevmədiyim yoldaşımdan bir oğlum da olmuşdu. Amma gördüyüm şiddət bitmək bilmirdi. Bilirsinizmi, bir gün ölmək istədim, qaynanam məhəllədə mənim başqa kişilərlə münasibətim olduğunu demişdi. Buna heç kim inanmırdı. Ərim bunu eşidəndə məni o qədər döydü ki, məcbur qalıb şikayət ərizəsi yazdım və onu həbs etdilər. Anamın evinə getmişdim. Amma qaynanam əl çəkmirdi, hər gün qohumlarını göndərir, mənim evə qayıtmağımı istəyirdi. Mənə ləkə yaxmışdılar. Mən o evə qayıtmağı düşünmürdüm. Heç onların üzlərini də görmək istəmirdim, hamısına nifrət edirdim. Yoldaşım ölsə, ona haqqımı halal etməyəcəyəm, onlar məni həyatdan, yaşamaqdan soyutdu. Bilirsiniz məni ən çox incidən nədir? Uşaqlarımın ailəsiz, evsiz qalmasıdır. Məni döydülər, şərə salıb adımı ləkələdilər, çox incidildim, amma yenə o evə qayıtmalı oldum, uşaqlarıma görə birtəhər yaşayacağam. Məni razı salıb şikayət ərizəmi də ləğv etdirdilər.

Bilirsinizmi həyat mənim üçün necə mənasızdır? Kaş heç evlənməzdim, o insandan övladlarım dünyaya gəlməzdi, heç bunları yaşamazdım...” –
Nərgiz başına gələnləri danışarkən deyir.

Honoré de Balzac-ın da dediyi kimi “Bir evliliyin gələcəyi, ilk gecənin səhərindən müəyyən olur.” Peşman olmamaq üçün evlənəcəyiniz insanı yaxşı tanıyın, sizə hörmət edən biri ilə ailə həyatı qurun!

Müəllif: Pərvin Hacıyeva
Mənbə - Pəncərə
Print Email
FaceBook Twitter Google