Qorxulu müqəddəs ailə sistemi - Samirə Bayramovanın səsli fikri
Ailə, ocaq özümüzü bütün təhlükələrdən qorumaq üçün sığındığımız müqəddəs yerimizdir. Amma böyüdükcə biz qaçmaq istəyirik. Valideyinlərimizin bizə qarşı münasibəti bizi sıxır.
Bizi fərd kimi görməməsi, öz tabeliyində bir idarə etdiyi sistem kimi yanaşması yeni aqresiyalara yol açır. Bütün bunlara rağmən biz etiraz etmədən asılı bir ömür keçirməyə razılaşa bilirik. Hər bir etirazımız bizə ağır başa gəldikcə sonrakı etirazların ölçüsü azalaraq sonra etiraz hissimiz yoxa çıxır. Biz səhv edə bilmərik, olmaz. Səhv və etiraza valideyinlərimiz bizə qışqıraraq və ya döyərək reaksiya verib. Ancaq filmlərdə görürük ki, əslində səhv edən uşağı döymürlər ona izah edirlər, onu şəxs kimi şöhrətləndirib onunla söhbət edirlər. Hətta məktəbdə müəllimlərimizdə valideyinlər kimi davranır, çünki onlarda elə bizim icmanın bir üzvüdürlər, bizdən biridirlər. Sonralar bütün başqa institutlara qarşı bizdə etiraz qorxusu yaranıb və tələb etməkdən qorxmuşuq.


Edəcəyimiz səhvin bizə gətirmiş olduğu zərər heç vaxt hesablanmırdı, əsasən valideyinin bundan almış olduğu narahatçılıq və əsəbinin xərclənməsi daha çox önə çəkilirdi. Uşaq olduğumuz üçün ayağımız sürüşüb yıxılırdıq, çünki daha uşaq olduğumuz üçün nə qaçış məsafəsini nə də təhlükəni ölçə bilmək zehniyyətinə hələ malik deyildik. Dizlərimiz yaralananda hələ üstündəndə bir qappaz yeyib, bundan da yetinməyib “şilsən yoxsa kor” sözüdə bizdə zəifliyimizə boyun əyməyi aşılayırdı. Heç bir hərəkətimiz valideyin üçün baş aşağılığı gətirməməli və yaxınlar yanında onların başı daima dik durmalı idi. İstək, hiss və arzular sadəcə söz olaraq qalmışdı. Artıq böyüdükcə qorxuları başqa şeylər əvəz edirdi. Biz qorxduğumuz üçün yalançılıq öyrənirdik. Cəza almamaq üçün heç kim üçün lazım olmayan fərdi xarakterimizin korlaşması daha münasib idi.

Baxmayaraq 15 yaşa çatırsan amma özəl günlərdə içkini stol altında içməyə, rəqsi işıqları keçirib etməyə məcburluq yaranmışdı. Və bütün bunlar üçün hər kəs biri birini tənbeh edirdi. Onsuz da kimsə bu haqqda danışa bilməzdi çünki hər kəs eyni cəza ölçüləcəkdi. Və artıq azad həyata addım atanda etirazlar bu kimi hadisələrdən yaranaraq əxlaqsızlığa yol açır. İçki içmək, açıq saçıq geyinmək bir azadlıq simvoluna çevrilir. Həyat qadını olmaq, azad seks feministlik kimi çatdırılır. Cəmiyyətdə qadın kişi nifrətləri yaranır. Ancaq bunlar bizim qorxularımızın səbəbi üzündən yarandığını heç bir şəkildə etiraf edə bilmirik. Əslində feminizm kişilərə nifrət yox bərabər hüquqluluq tələb edir.

Biz adətlər yaratmışıq və bu adətləri özümüz üçün müqəddəsləşdirib ailə qanununa çevirmişik. Heç bir şəkildə bundan çıxmağa curət edə bilmirik, əgər bunu bacarsan sən təklənirsən və bütün böyük kütlə sənə qarşı vuruşmağa başlayır, artıq bu vuruşu sona qədər çatdırmağın sənin gücündən asılıdır. Əgər bu özümüz qurub yaradıb müqəddəsləşdirdiyimiz adətlərdə yenilik etməsək o zaman bizdə sabah öz uşaqlarımıza elə öz valideyinlərimizin bizə davrandığı kimi davranacağıq, bu artıq bir psixoloji vərdişə çevriləcək, bizim içimizdə yığılıb qalmış qorxu, nifrət, etiraz hamısı öz qarşımızdakı kiçik insanlara (uşaqlara) tuşlanacaq və beləliklə biz zorakılığı qoruyub saxlayıb daima gələcək nəsilə ötürəcəyik. Bizim aldığımız təhsil belə bizi xilas edə bilməyəcək əgər bu düşünülmüş zorakı adətlərə qarşı çıxmasaq. Əgər bacarmasan, o zaman özünüzü adətlərə qurban edərək xoşbəxt olun!

Müəllif - Samirə Bayramova
Print Email
FaceBook Twitter Google