"İnsanın hər zaman çatmaq arzusunda olduğu məqsədləri və heç zaman tükənməyən xəyalları olmalıdır" - Pərvin Hacıyevanın səsli fikri
Sosial həyat bir çoxlarını həyatın real
tərəflərindən uzaqlaşdırıb. Yaşından asılı olmayaraq insanların
əksəriyyəti reklam üçün yaşayır. Bizim cəmiyyət sosial həyatın nə
demək olduğunu hələ tam şəkildə dərk etməyib.
Təbii ki, bunu hər kəsə şamil etmək olmaz. Texnologiyanın bu qədər
güclü inkişaf etdiyi dövrdə insanlar ondan faydalanmağı, qaydasında
istifadə etməyi bacarmır.
Biz əsasən sosial şəbəkələrin pis tərəfindən, el dilində necə
deyərlər “Ev yıxan” tərəfindən daha çox
istifadə edirik. Bir çoxları üçün bu yol daha maraqlıdır.
Təəssüf... Adətən cəmiyyət olaraq susmağı sevirik. Problemi heç
vaxt bizim deyil, onun, bunun hesab edir və susaraq uzaqdan
müşahidə edirik. Məncə istər qonşuda, istər ailədə, yolda, istərsə
də yaşadığın dövlətdə hər hansı bir problem varsa, ona biganə
yanaşmaq, laqeyd olmaq lazım deyil. Amma təəssüflər olsun ki,
cəmiyyət olaraq mövzuların qayğısına qalmaq əvəzinə uzaqdan seyr
etməyə daha çox meylliyik. Bildiyimiz və qurduğumuz tək cümlə isə
budur “Nəyimə lazımdır, özü bilər”…
İndi isə gələk cəmiyyətin əsas üzvünə qadına. Qadının cəmiyyətdə
yeri və rolu böyükdür. Qadın çox gözəl idarəçidir və düşünürəm ki,
onun cəmiyyətdəki rolu böyükdür. Əgər bizim cəmiyyətə nəzər
yetirsək zəif qadın deyil, daha çox incidililmiş, həyatdan
bezdirilmiş qadınları görə bilərik. Bizim cəmiyyətdə qadınların
hüquqları məhduddur, xüsusən də ucqar kəndlərdə bu belədir.
Hüquqları tapdalanan qadınlar çox nadir hallarda öz haqlarını tələb
edirlər. Bəzən davamlı zorakılığa məruz qalan qadınlar içlərində
“Ailəm nə deyər, yoldaşım nə deyər, ətrafım nə
deyər?” sualları olduğundan öz həyatlarını arzu
etdikləri kimi yaşaya bilmirlər. Xüsusən erkən evlilik qurbanı
olmuş qadınlarda bu halı daha çox müşahidə etmək olar. Onların
hüquqları elə evləndikləri gün əllərindən alınır.
Əslində dəyişmək istədiyim çox şey var, amma ilk olaraq ətrafımda
bir-birinə hörmət edən insanları görmək istəyərdim...
Müəllif - Pərvin Hacıyeva
Mənbə - Pəncərə