Qadınlar və onların əlindən alınan hüquqları - Dürdanə Xudiyevanın səsli fikri
Tez-tez qızlara qarşı ailəsi tərəfindən – istər həyat yoldaşı olsun, istərsə də atası – sən oxumamalısan, qız nədir oxumaq nədir kimi ifadələrlə qarşılaşırıq.

Qadının gələcəklə bağlı gözəl arzuları ola bilməz. Məgər qadın insan deyil? Əksinə, bir ailədə qız uşağı varsa, valideynlər ən çox məhz elə o qız uşağını oxutmaq üçün əlindən gələni etməlidirlər. Gələcəkdə ailə quracaq həmin qız bir ana və bir qadın olaraq uşağına tərbiyə verəcək və onun təhsili ilə maraqlanacaq. Qız nədir oxumaq nədir deyənlərdən soruşuram... Təhsilli bir ana uşağının təhsilində daha yaxşı kömək edə bilər, yoxsa ailəsi tərəfindən təhsil almasına qarşı çıxılıb, zorla istəmədiyi biri ilə evlənib və həmin insandan uşaqlar dünyaya gətirən ana uşağına həyatda düzgün yol göstərib təhsil verə bilər? İndi isə gəlin əksər hallarda rastlaşdığımız problemlərdən biri – valideynlərin, yaxud ətrafdakı insanların bir qıza təhsilində və həyatında göstərdikləri laqeydlik, həmçinin ruhdan salan fikirləri haqda danışaq.

Buna misal olaraq bir qızın həyatı və yarım qalan arzularını göstərə bilərik. Onun ən böyük xəyalı rəssam olmaq idi, amma valideynləri onu fikrindən döndərərək dedilər: “Qız üçün tək peşə müəlliməlikdir”.Qadınların istəkləri, arzuları bəzən ailələri tərəfindən sorğu-sualsız, narazılıqla qarşılanıb qarşı çıxılır. “Sən qadınsan, sən anasan, sən gəlinsən, sən kiminsə qızı, gəlinisən” və s.

Ən təəssüflüsü də odur ki, qızlar bu fikirlərlə razılaşaraq öz istəklərini, arzularını unudub, onlar üçün seçilən həyatı yaşayırlar. İstəmədikləri biri ilə və yaxud istəyərək də olsa erkən yaşlarda ailə həyatı qurur, daha sonra uşaq dünyaya gətirirlər və onlara alınan telefonla gün ərzində başlarını qataraq həyatlarının bundan ibarət oluğunu düşünürlər.

Uşaqlar da valideynlərindən məhz onu görür və götürürlər. Bizim cəmiyyət erkən evliliyin, öz xəyallarının arxasınca getməməyin və bir sıra bu cür problemlərin qurbanı olur. Onu da əlavə etmək istəyirəm ki, istər qız, istərsə də oğlan olsun, hər kəsin öz arzularının və istəklərinin arxasınca bezmədən və yorulmadan getməli, həyata keçirməlidir. Biz gənclər də öz məsuliyyətimizi bilməli və gələcəkdə elmlə, savadla daha sağlam addımlar atmalıyıq. Bunun üçün bizə verilən haqqımızı heç vaxt tapdalatmamalıyıq. Hər cür çətinliklə qarşılaşsaq da, oxumaqdan imtina etməməliyik. 

Müəllif - Dürdanə Xudiyeva
Mənbə - Pəncərə
Print Email
FaceBook Twitter Google