"KİŞİLƏR AĞLAMAZ" - Şənhəyat Elmanqızının səsli fikri
Ötən günlərdə dərsə
gedərkən avtobusda 20-ci əsrin fransız yazıçısı Albert Kamyunun
“Yad” əsərini oxuyurdum.
Povestin baş qəhrəmanına anasını son mənzilə yola salarkən tabutu
son dəfə açıb anasının üzünü görməyi təklif edirlər. Lakin oğul
imtina edir və anasının dəfnində göz yaşı axıtmır. Baş qəhrəmanın
bu davranışı duyğusuzluq və qəddarlıq kimi qəbul olunur və cəmiyyət
tərəfindən qınağa səbəb olur.
Dərsdən sonra tənəffüsdə oğlan kurs yoldaşlarımdan soruşdum: “Niyə
kişilər ağlayanda gözlərini gizlədirlər?” Cavablar bu cür oldu:
“Ağlamaq kişilikdən deyil”, “Utanıram”, “Anam elə öyrədib”, ”Zəif
görünməmək üçün”, ”Kişilər ağlamaz” və s.
Qədim zamanlardan başlamış ilk insan qidanı yalnız savaşaraq əldə
edirdi. Savaşmaq üçün isə hər canlının ibtidai təbiətində aqressiya
var. Vəhşi təbiətdə sağ qalmaq və qida tapmaq üçün oğlan
uşaqlarında aşırı dərəcədə aqressiya və sərtlik xüsusiyyətlərini
inkişaf etdirirdilər. Zaman keçdi və insanlar torpaqlara, məkanlara
hakim olmaq istədilər, ərazilərini böyütmər üçün kişilər toplumlar
yaradıb müharibəyə başladılar və müharibədə həmişə daha çox güc,
aqressiya, sərtlik olan tərəf qalib gəlirdi. Kişilərin həyatı elə
savaşlarda keçirdi. Həmin dövrlərdə insan ağrı-acıya təbiətində
olan göz yaşlarıyla cavab versəydi həyatda qala bilməzdi. Bu
səbəbdən dolayı, ağlamağı aqressiya ilə çıxarırdı və ali varlığın –
insanın təbiətində var olan xüsusiyyətlər (hisslər): mərhəmət,
kövrəklik, vicdan, incəlik, ağlamaq, mehribanlıq boğulmuş
qaldılar.
Vaxt ötdü, dövran dəyişdi, bu gün müasir insanıq və qədim zamanla
ən böyük fərqlərdən biri odur ki, bu gün kişilər evdə daha çox vaxt
keçirirlər, biz qadınlarladılar, ətrafmızdadılar, bizimlə daha çox
ünsiyyətdədilər, artıq sağ qalmaq üçün gündəlik aqressiyaya ehtiyac
yoxdur. Lakin bir çox ailədə oğlan uşağını yenə qədim zamandakı
kimi böyüdürlər: aşırı dərəcədə sərt və susdurulmuş
mülayimliklə.
Qız uşağınız yıxılıb ağlayanda onu qucağınıza alıb əzizlədiniz.
Həmin vəziyyətdə oğlan uşağınız ağlayanda ona “ağlama, kişisən sən”
dediniz və bu, hər dəfə təkrarlandı. Oğlunuz həyacandan, sevincdən,
ya kədərdən ağlayaraq üstünüzə gələndə “kişilər ağlamaz” deyə
təkrarladınız. Sonunda istəyinizə çatdınız, ağlamadı, özünə
qapandı. Öz insani hisslərindən utandırdınız oğlunuzu. Ağlayası
olduğu yerdə dinməz durdu, hisslərini susdurdu, boğdu. Qorxanda
“kişilər qorxmaz” dediniz. Qorxularıyla üz-üzə tək qoydunuz uşağı.
Övladınızın hər dəfəsində içinə saldığı duyğulara, hisslərə nə
olduğunu heç düşündünüzmü? Tükəndimi, yoxsa öldürüldümu? Xeyr. Heç
bir boğulmuş hiss səssiz qalmır, başqa bir şəkildə olsa da mütləq
özünü biruzə verir. Ətrafınıza baxsanız illərlə boğulmuş hissləri,
dilə gətirilməyən narahatçılıqarı, inciklikləri görəcəksiniz.
Anasını təhqir edən, atasına səs qaldıran oğulda, bacısına əl
qaldıran qardaşda, həyat yoldaşına hörmət etməyən ərdə görəcəksiniz
qadağan etdiyiniz göz yaşlarını. Siz oğullarınızı başqalarının
acısına kar və kor böyütdünüz.
Uşaq gözünü dünyaya açandan ətraf mühitə adaptasiya olmağa
başlayır. Siz hər canlını ona xətərli göstərdiniz. Uşaq hər şeydə
bir təhlükə görməyə və aqressiv olmağa başlayır. Hər dəfə laqeyd
yanaşdığınız hirsi daşanda isə əzizlərinin, ailəsinin üzərinə
tökülür. İcazə verin övladınız ürək yanğısını, can ağrısını göz
yaşlarıyla biruzə versin, qəddarlıqla, hirslə deyil.
Kişilik xarakter deyil, cinsi mənsubiyyətdir. Mərhəmət,
gülərüzlülük, vicdan, mehribançılıq, duyğusallıq, sevgi – bunlar
yalnız qadın cinsinə aid deyil, bunlar hamının təbiətində var.
Önəmli olan odur ki, uşaq vaxtından hansını daha çox inkişaf
etdirəcəksiniz. Siz isə qəddarcasına ən lazımlı, ən uca olan
hissləri – sevgini, qayğıkeşliyi, mülayimliyi oğlunuzda
susdurdunuz. “Kişi” deyib ağır yüklə yüklədiniz oğullarınızı.
“Sevmək” əvəzinə “vurmaq” öyrətdiniz, “gülümsə” əvəzinə “ciddi ol”
dediniz və bu cür davrandığınız övladdan istilik və qayğıkeşlik
gözlədiniz...
Müəllif-Şənhəyat
ELMANQIZI
Mənbə-"Yeni Yol"
qəzeti