Kişilər ağlar... həm də ki necə... - Oqtay Kazımovun səsli fikri
Kişilər ağlar... həm də ki necə...

(Şənhəyat Sadiqin “kişi ağlamaz” yazısından ilhamlanaraq)

Bəli, bizə uşaqlıqdan oğlanlar üçün ağlamağın ayıb olması təlqin olunur və bu hal yalnız bizim xalqımız, ölkəmiz, icmamız üçün xas deyildir. Bir çox xalqlar, Şənhəyat xanım yazısında buyurduğu kimi, öz gələcək döyüşçü nəslini belə böyüdüb, indi də belə böyütməkdədir.


Qədim Sparta yəqin ki, bunun ən bariz nümunəsidir –orada oğlan uşaqlarının, misal üçün küçə-meydanda bir-biriləri ilə ağıllı-ağıllı oynadıqları yerdə, böyüklər tərəfindən dalaşmağa sövq və təhrik edilmələri gündəlik həyat tərzi imiş, beləki, ağlamaq o yana qalsın, məğlub olmağın özü də ayıb sayılırdı. Spartalılara və o vaxtların başqa qədim xalqları üçün ağlamaq bəlkə də bir “lüks” idi, çünki ağlamağa əməlli-başlı vaxt lazımdır, daima müharibə şəraitində olan icmada isə fiziki cəhətdən buna vaxt çatmırdı, ona görə də, ağlamaq qadınlara həvalə olundu, hətta onlardan tələb olundu da belə.

Qadının gülməsi, kişinin ağlaması qədər haram idi və əksinə. Ancaq Spartada kişilər heçmi ağlamırdılar? əlbəttə ki, ağlayırdılar, yaxud ağlayardılar, sadəcə dövr ağlamamağı sifariş etmişdi.

Bizim gürcüdilli məktəbimizdə 4-cü sinifdə “Pələngdərili cəngavər” poemasından parçaları öyrəndikdə fiziki cəhətdən güclü, həddindən artıq qəşəng, varlı, əsilzadə zümrəsindən olan Tariyellə Avtandilin qadın kimi göz yaşı tökmələrinə istehza edirdik.

Biz 10-11 yaşlı uşaqlara, xəyal etdiyimiz güc, var-dövlət, gözəllik var ikən, onların ağlayaraq qəşş etmələri gülünc gəlirdi. “Oğlan ağlamaz” prinsipi ilə böyüyürdük və arada bir dözməyərək buna yol versək də, sonra utandığımızdan xəcalət çəkirdik. O vaxtlar qıza bəslənən məhəbbətin şiddəti o yana qalsın, qızlarla bir partada oturmaq belə oğlana yaraşmaz hərəkət idi, hətta buna müəllimə tərəfindən məcbur edilsək belə.

Əsəri oxuyur, parçaları əzbərləyir və heç nə anlamırdıq, daha doğrusu nəyinsə təyin olunmuş qaydalara zidd getdiyini hiss edirdik və müəllimələr hey məhəbbətdən danışsalar da, bir dəfə də olsun belə, eşqin təsirindən göz yaşı tökəcəyimizi, hətta daha betəri – hönkürtü ilə ağlayacağımızı bizə demirdilər, bizi xəbərdar etmirdilər. Etsələr nə faydası olardı ki, əqli/hissi cəhətdən biz bunu anlamazdıq da. Onun üçün də bir çıxış yolu tapdıq – şair mübaliğəyə varır, kişinin ağlaması poetik təfəkkürün məhsuludur.
İllər ötdü.

“Leyli və Məcnun”-dan hali olduq, Məcnunun adı Qeys idi. Qeys məktəbdə Leyliyə aşiq oldu, Leyli də Qeysə. Necə də tanış bir əhvalatdır. Poetik təxayüldür ancaq bizim həyata necə də bənzəyir – deyə düşünərək məktəbdəki hansısa sinif yoldaşımıza pünhan bəslənilən saf/təmiz, xüsusi rəğbət düşür yadımıza, evdən onun üçün almaların ən qırmızısından seçib aparmağımız və s. Qeys gəlib Məcnun olur, göz yaşlarını sel kimi axıdır, tək-tənha gəzir, evə qayıtmır, ata-anasının sözünü dinləmir və bununla bizi qıcıqlandırır.

Əlbəttə ki, Məcnun çox zəif adamdır bizim o vaxtkı nəzərimizdə. Məcnun atasını dinləsə, Növfəli dinləsə muradına yetişər, digəl ki, özünü dəli qələminə vurub. Demək ki “şair sözü əlbəttə yalandır” və bu qənaətlə bir “xəbərdarlıq” da yanımızdan ötüb keçir.
Növbədə “Xosrov və Şirin” var. Fərhad obrazı qulaqlarımızda cingildəyir. Fərhad və o məhşur külüngü. Şirin süd hamamı qəbul etmək istəyir, naxırsa uzaqda otlayır. Südü müntəzəm şəkildə təmin edə bilmirlər. Nə etməli - “süd kəməri” çəkməli. Kim çəkməli –Fərhad. Fərhadın qurduğu hovuzda süd fəvvarə vuranda Şirin uşaq kimi sevinir və Fərhada təşəkkür edərək dil-dil ötür, lakin Fərhad oralıq deyil. Səsin cingiltisini eşidir, mənasını yox. Dağı dələrkən qaya parçalarından Şirinin heykəlini yonur və qarşısında ağlayır.

Gecələr yatmır, uyurgəzər kimi dərə-təpəni dolaşır. Yaxşı, Məcnunu anladıq, o fiziki cəhətdən fərqlənmirdi, bəs bu Fərhada nə olub, qayaları mum kimi yaran Fərhada, Şirini atı ilə bərabər çiyinlərinə qaldırıb o uzaqlıqda məsafəni qət edən Fərhada, bu qədər ciddi Fərhada... Lənət sənə kor şeytan!!!

Bu yandan ağlaması bir yana, Nəsimi lap yalvarır ki:
“Yüzünü məndən nihan etmək dilərsən, etməgil,
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil.”


Karıxıbsan, “Kişi ağlamaz” düsturu sarsılmaqdadır, hara baxırsan kişilər ağlayırlar, həm də ki ideyal hesab olunan kişilər. Bu bir paradoksdur, ola bilməz, necə yəni?! Və bir ildırım saat sürətlə Koroğlu yetişir dadına.

“Bir su içim saatda” Nigar xanıma və Möminə xanıma aşiq olduğu məqamları beynindən keçirirsən, xeyir a, heç yerdə ağlamır, doğrudur Möminə xanım Çənlibelə gəlməkdən qəti imtina etdikdə ovqatı təlxdir, hətta Dəli Həsənə gileylənir də, ancaq şükür, göz yaşı deyilən şey yoxdur.

Sən də yenicə rahat nəfəs alırsan ki, elə həmin an ağır bir zərbə gəlir – Koroğlu da ağlayır, ancaq başqa dərddən – züryətsizlik dərdindən (“Hər quş balasıynan gəzər, niyə sənin balan yoxdur),özü də elə ağlayır ki, dəlilərin Nigar xanımın ağlaması yadlarından çıxır, Koroğlunu ovutmağa başlayırlar. Deməli, xotkara, paşalara, xanlara qan udduran, kişilk, mərdlik rəmzi olan Koroğlu başqalarının gözü qarşısında ağlamaqdan çəkinmir.

Day çarən, arqumnetin qalmayır. Ay gəlir, il ötür – həm qorxduğun, həm də arzu etdiyin şey başına gəlir, ruhunun tarazlılığı pozulur, müvazinətini itirirsən, özünü xoşbəxt ya bədbəxt hiss etməyin səndən deyil, tamamilə “doğmalaşmış yaddan” asılıdır və bir çox hallarda, onun özünün belə xəbəri yoxdur.

Bu minvalla Füzulinin “Desəm ol bivəfa bilmən, inanarmı, inanmazmı” misraları düşür yadına, qalırsan iki su arasında, deyim necə deyim, deməyim necə deməyim, götür-qoy etməkdən az qalır ağlın çaşsın (Burda Qeys Məcnuna çevrilir), deyim bəlkə müsbət cavab verdi, yox deməyim birdən “iti görüm, qurdu görüm – səni görməyim” dedi və çarəsizlikdən bir gün dözürsən, iki gün dözürsən, üç gün dözürsən, lap bir həftə dözürsən və birində də dözə bilməyirsən və beləliklə gah Fərhadlaşırsan, gah Məcnunlaşırsan, gah müxtəlif adsız lirik qəhrəmanlara çevrilirsən.

Anlayırsan ki, demə onları ağladan nə imiş və bu məqamda şairlərin heç bir şişirtmələrə yol vermədiklərinə, yazdıqlarının həqiqət olduğuna belə and içməyə hazırsan. Səni ağlamağa vadar edən şeyin qarşısında tərki- silahsan, başa düşürsən ki, “kişi ağlamaz” kəlməsi bir mifdir və bunun fiziki güclə, var-dövlətlə, zahiri görkəmlə heç bir əlaqəsi yoxdur, bütün bunlar ola-ola da çarəsiz, aciz qala bilərsən.

Kişiləri də ağladan hər hansı səbəbdən olan acizlikdir.
Könül bir dəfə yaralandımı, yaş bir dəfə süzüldümü, qurusa da yeri qalar –lap suyun axdığı məcra kimi. Su isə axdığı yerdən bir də axar, deyiblər.

Belə ki, kişilər ağlayarlar... həm də elə ağlayarlar ki, bəzən Nigar xanımın yəni qadının ağlamasını belə unutdura bilərlər, lap Koroğlu kimi.


Print Email
FaceBook Twitter Google