Turizmin ən qızğın çağında aviareyslər dayandırılır - Xəlil Nurinin səsli fikiri
Rusiyayönümlü siyasi vədlərlə hakimiyyətə gələn “Gürcü arzusu” hökuməti ağır günlər keçirir. Bu məqamda Rusiyanın bu hakimiyyəti rahatladacaq addımlar atması gözləniləndir. Amma son bir neçə ay içərisində Rusiyanın atdığı addımlara diqqət etsək, hökuməti daha çətin vəziyyətə saldığının şahidi olarıq.

Turizmin ən qızğın çağında aviareyslər dayandırılır

Son 5-6 ay ərzində Rusiya işğal etdiyi əraziləri genişləndirir və bir neçə nöqtədə “sərhəd xətti” çəkir.

Gürcüstan Xİ naziri Rusiyalı həmkarı ilə görüşmək təşəbbüsünə müsbət cavab alaraq Nyu-Yorkda görüşür. Görüşdən sonra Gürcüstan müxalifəti və ictimai fəalların tələbi nəticəsində açıqlama vermək məcburiyyətində qalan nazir “İşğal olunmuş əraziləri müzakirə etmək üçün hər iki tərəfin təşəbbüsü idi” desə də, Lavrov “Gürcüstan tərəfinin təşəbbüsü idi, aviareyslərin bərpasını müzakirə etdik” deyərək həmkarını və onun təmsil etdiyi hökuməti çətin vəziyyətə salır.

Gürcüstan və Rusiya arasında danışıqları aparan Abaşidze və Karasinin görüşündən sonra Rusiya tərəfi “Tiflisdə Rus Mədəniyyət Mərkəzinin açılmasına qərar verdik” – deyir, Gürcü tərəfi isə sadəcə ödənişli Rus dili kursunun açılacağını deyərək Rus tərəfini yalanlamaq məcburiyyətində qaldı.

Bütün sadalananlar göstərir ki, Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Rusiya heç bir zaman geri addım atmayacaq və işğalçı siyasətindən dönməyəcək. Gürcüstanda siyasi böhranın dərinləşdiyi bir dövrdə Rusiya “Gürcü arzusu”ndan sanki bir an öncə qurtulmağa çalışır. Belə deyilsə, özünə yaxın hesab etdiyi hökuməti nə üçün çətin vəziyyətə salır? Rusiyanın B planı nə ola bilər? Niyə indi hərəkətə keçdi?

Fikrimcə, Rusiya özünə yaxın hesab etdiyi “Gürcü arzusu”nun 2020-ci il Parlament seçkisində rahatlıqla olmasa da, qalib olacağını hesablamışdı. Çünki son seçkidə hamısını qazandığı majoritar mandatların 70%, proporsional sistemdə isə 35-40% belə hakimiyyətin dəyişməməsi üçün kifayət edir.

Hər şey plana görə gedirdi. Amma Rusiyalı deputatın Gürcüstan Parlamentində çıxış etmək istəyi, müxalifətin buna qarşı çıxması ilə başlayan, sonrasında partiya mənsubiyyəti olmadan bütün Gürcüstan vətəndaşlarının etiraz etdiyi 20 iyun gecəsinin qanlı bitməsi Kremlə “evdəki hesabın bazara” uymadığını göstərdi.... Ruslar B planına keçək məcburiyyətində qaldı.

Qanlı 20 iyun gecəsindən bir neçə ay öncə Gürcüstan gündəmi: Son 1 il ərzində Tbilisi gündəmini məşğul edən “Gürcüstanın Bakı-Tbilisi-Ceyhanı” sayıla biləcək Anaklia limanı. Qara dənizdə ən yüksək yük daşıma potensialı olan ölkələrdən biri Gürcüstan olmasına baxmayaraq, ən az yük daşıyan ölkədir. Bunun səbəbi isə Poti və Batumi limanlarının çox konteynerli gəmiləri qəbul edə bilməməsidir. Bu gəmiləri qəbul etmək üçün dərinliyi böyük olan Anaklia limanının tikilməsinə ehtiyac var. Rusiyanın Anaklia limanını istəməməsinin səbəbi Gürcüstanın maliyyə asılılığından çıxmasında limanın ciddi kömək olacağıdır. Buna görə də Moskva bir mənalı bu limanın tikintisinə qarşıdır. Anaklia limanının tikilişinə mane ola biməyəcəyini anlayan Rusiya, İvanişvilinin başçılığı ilə tikintinin özünə yaxın maqnatların nəzarətində olmağını istəsə də, keçmiş baş nazir Mamuka Baxtadze ABŞ-a səfəri zamanı rəsmi Vaşinqtondan “Anaklia limanını TBC qrupunun tikməsini istəyirik” cavabı almışdı. Kremlə aydın oldu ki, TBC bankın qurucusu və səhmdarı Mamuka Xazaradze və Badri Caparidze Vaşinqtonun gözündə təkcə bankir kimi görünmür. Bu iki şəxs haqqında 12 il əvvəl həyata keçirilmiş maliyyə əməliyyatı ilə bağlı cinayət işi açıldı. Bu maliyyə əməliyyatından zərər çəkən olmasa da, vergi gizləmə olmasa da, şikayətçi olmasa da, prokurorluğun “qara pul yuma” adı ilə açdığı məhkəmə işi davam edir. Amma bankirlərin qurduğu “LELO” hərəkatı yaxın zamanda siyasi partiyaya çevriləcək. Görünən odur ki, Qərb Gürcüstanda erkən seçimə qarşıdır. 2020-cil il Parlament seçkilərinin proporsional sistemlə keçiriləcəyinə söz verən hakim partiya Konstitusiya dəyişmək üçün keçirilən səsvermədə türklər demişkən “yan çizdi”. Qanun layihəsinin keçmədiyini görən müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri “proporsional seçki” və “növbədənkənar seçki” tələbləri ilə etiraz aksiyalarına başladı.

Çox keçməmiş etirazçılara Qərbin seçkinin zamanında keçirilməsindən yana olduğu aydın oldu ki, tələblərdən biri səsləndirilməməyə başladı. Birləşmiş müxalifət sadəcə “Proporsional seçki” tələb etməyə davam edir. Fikrimcə Qərb “Gürcü arzusu” və “VMH” partiyalarının elektoratı olmayan seçiciləri ətrafında birləşdirə biləcək, yeni dil, yeni baxışla hərəkət edəcək, Qərbyönümlü bir siyasi güc formalaşdırmağa çalışır. Hələ ki getdikcə genişlənən, NATO və AB-yə inteqrasiya siyasəti yürüdücəyini açıqlayan siyasi güc “LELO” görünür. Rusiyanın “Gürcü arzusu”nu sıxıntıya soxan və erkən seçimə yönləndirən siyasəti bu səbəbdən olmalıdır. Çünki, növbədən kənar seçki keçirlərsə, qalib “Gürcü arzusu” və ya “Vahid Milli Hərəkat” partiyalarından biri olacaq. Putin nə qədər işğalçı-imperialist siyasət yürütsə də, keçmiş təcrübədən yaxşı bilir ki, Rusiyaya qarşı ən aqressiv siyasi güc belə bilinməyən siyasi gücdən daha yaxşıdır. Bu səbəbdəndir ki, Rusiya İvanişvilinin qalmasına, amma olmazsa, Saakaşvilinin qayıtmasına razıdır. Yetər ki, təzə güc gəlməsin. Atalar demişkən təzə süpürgə yaxşı süpürür axı.

Rusiyanın yeni bir gücü istəməməsinin səbəbi növbəti yazıda....
Print