Gürcüstan - gecikmiş vətən! Mən - vətənimdə „yad“ kimi - Samirə Bayramovanın səsli fikri
Gürcüstan vətəndaşı olduğumu öyrənəndə 17 yaşım var idi. Haradır Gürcüstan?
Sən demə yaşadığım yermiş Gürcüstan. 17 il mənim arzularım buralarla bağlı olmayıb. Yəqin fikirləşirsiniz ki, burada yaşamırdım. Yox, məhz burada, Gürcüstanda yaşayırdım.

Mən və mənim həmyaşıdlarım Sovetlər Birliyinin son, yeni Gürcüstanın isə ilk uşaqlarıyıq, ancaq kim olduğumuzu və harada yaşadığımızı bilmirdik. Valideyinlərimdən də soruşmurdum. Bizim valideyinlərimiz sadəcə ailəmizin xilası üçün çalışırdılar, müvafiq olaraq mənim də sosial məsələrdən əlavə sualım yox idi.

İndi keçmişimə baxıram və elə bilirəm ki, koloniya şəklində, çox uzaqda, deyə bilərəm ki, başqa obyektlərlə əlaqəmizin olmadığı bir adada yaşamışam.

6-cı sinifdə oxuyurdum və sinifimizə yeni müəllim gəldi. O gürcü idi və gürcü dilini tədris edirdi. Ancaq gəldiyi kimi də getdi, bizimlə çox az vaxt keçirdi və ilk müəllimim sadəcə "Çanqala da qoqona" mahnısı ilə yadımda qaldı. Bir il sonra daha bir yeni müəllim gəldi. Gürcü dilini öyrətmək istəyi yox idi. Bir-iki il də belə keçdi. Bizə - "Gürcü dili nəyinizə lazımdır, sizin vətəniniz Azərbaycandır"- deyirdi. Şagird olaraq bu çətin dili öyrənməyi heç mən də istəmirdim. Öyrənsəm də nəyimə lazım idi? Müəllimin dediyi kimi, heç nəyimə. Təxminən 7- 8 Gürcü dili müəllimi dəyişdik.

O dönəmdə məktəbi güclə bitirdim. Məktəbi elə bitirdim ki, heç gürcü hərflərini də yaxşı bilmirdim. ძ, ჭ, წ, ჩ, ჯ – mənim üçün "ჩ" idi. Bu illərdə mənim gələcək arzularım Bakı küçələrində dolaşırdı. Bakının küçələrini, universitetlərini, siyasətçilərini və s. televiziyadan əzbər bilirdim. Bir gün də ali təhsil almaq vaxtı gəldi çatdı. Ailəmin həmin vaxtda olan sosial vəziyyəti Bakıya olan yolları bağladı. Fikirləşirdim ki, Bakıda oxumasam ali təhsil almağım mümkünsüz, çünki, mənim üçün vətən sadəcə Bakı idi.

Bir dəfə qohumumuz təsadüfən dedi ki, Tiflisdə təhsil almaq variantı haqqında niyə fikirləşmirsiniz? Tiflis? Hardadır Tiflis? Haradır? Bir dəfə məktəbdən zoparka getmişdik, oradır Tiflis? Bəli, oradır. Evimizin 50 kilo metirliyində yerləşir. Cəmi bir saatlıq yol imiş, mən isə 650 km. məsafədə yerləşən, mənə çox doğma olan Bakı haqqında düşünürdüm.

Mənim üçün Marneuli sərhəd idi. Bu sərhəddən o tərəfdə isə Gürcüstan adlanan başqa ölkə yerləşirdi. Sadəcə, bilirdim ki, Marneulidən o yanda başqalarının yaşadığı şəhərlər var.

Daha sonra – gecikmiş həyat, çoxlu zəhmət, gürcü dilini öyrənmək, paytaxtla dostluq, başqa insanlarla ünsiyyət, başqa mədəniyyət, ənənə, başqa üzlər.

Bu illər ərzində Gürcüstan məni axtarmırdı. Onun üçün yəqin ki, mən də itirilmiş, unudulmuş vətəndaş idim. Gürcülərlə münasibət ilk dəfə universitetdə başladı. Onlar mənim üçün yad olduqları kimi, mən də onlar üçün yad idim. İllər keçdi, Bakı əhvalatı mənim üçün bitdi, gecikmiş və yeni əhvalat başladı.

İndi inteqrasiya olunmuş vətəndaşam, gürcü dilini bilirəm, Gürcüstan haqqında əvvəllər bilmədiyim hər şeyi bilirəm. Bir neçə dəfə Gürcüstan nümayəndəsi olaraq müxtəlif ölkələrdə mübadilə proqramlarında iştirak etmişəm. Gürcüstanın hər bir bölgəsində olmuşam, hər bir tarixi və ya mədəni abidəsini görmüşəm. Hər gün gürcü musiqisinə qulaq asmasam, yəqin özümə gələ bilmərəm. Sulğuni və xaçapuri həyataımın bir hissəsi, çurçxela (sucuq) mənim dərmanımdır.

İllər keçdi, başqa mədəniyyət və başqa xalq mənim üçün doğmalaşdı. Əziyyət çəkdim, zəhmət çəkdim və Gürcüstanın bir parçası oldum, yeni vətəni, dili və s. kəşf etdim. Çox şey dəyişdi - həyatım, həyata olan baxışlarım. Təkcə bir şey dəyişmədi. Mən Gürcüstan üçün yenə də yadam, gürcülər üçün də yadam. Mən yenə də başqa biriyəm, fərqli mədəniyyətə məxsus insan yox. Genetikamdan başlayaraq hər şeyimi, dinimi, dilimi belə dəyişdirsəm doğma olmayacam. Dinimi dəyişdirsəm pravoslav xristian olacam. İkinci önəmli məsələ gürcü olmaqdır. Yenə də əsl gürcü ola biməyəcəm. Əsl gürcü, gürcü olaraq doğulan adamdır və bu balaca ölkədə biz bir-birimiz üçün daima "yad" olacağıq.

Müəllif: Samirə Bayramova
Mənbə: პუბლიკა • Publika
Print