Mart ayının 25-indən etibarən EMC-nin Marneuli və Bolnisi
Bələdiyyələri üçün nəzərdə tutduğu Azərbaycandilli qaynar xətt
fəaliyyətdədir.
İlk vaxtlar bizə əsasən humanitar resurs tələbi ilə müraciət
edirdilər. Sonradan yazılan cərimələr, qüvvəyə minən yeni qadağalar
və başqa məlumatları dəqiqləşdirmək üçün də müraciətlər daxil
olmağa başladı. Lakin ümumi götürsək, bu müddət ərzində gələn
zənglərin demək olar ki 80%-i humanitar yardım tələblərinin payına
düşür.
Mövzuları ayrı-ayrılıqda ələ alsaq, gələn zənglərə əsaslanaraq
"qırmızı zona" elan edilən bölgənin kəndlərində onsuz da az olan
resursların ədalətsiz paylanılma hallarının, "yaxınçılıq"
söhbətinin əhalinin bu ağır vəziyyətində belə davam etdiyini
gördük. Qəbul edilən zəngləri gündəlik olaraq operativ şəkildə
müvafiq yerli özünüidarə orqanlarına yönləndirsək də, 20-25 gün
ərzində yardım gözləyən ehtiyac sahibi ailələr və tək yaşayan yaşlı
insanlar oldu. Doğrusu, ilk mərhələdə edilən yardımların tam olaraq
hansı prinsipə uyğun olduğunu nə bölgə əhalisi, nə də biz aydın
şəkildə başa düşə bildik.
Bundan əlavə, uzun müddətli gözləmə sonrası kəndlərə göndərilən
yardım paketlərinin həcmindəki nəzərəçarpacaq dərəcədə azalma əhali
arasında narahatçılığa yol açdı və sistemin ədalətsizsilyini təsdiq
etmiş oldu. Bundan əlavə, təəssüflə bildirmək istərdim ki,
tərfimizdən göndərilən və yönləndirilən heç bir tələbə Marneuli
meriyası tərəfindən reaksiya göstərilməyib.
Eyni zamanda, karantin rejimi əsnasında yeni qadağalar və
tənzimləmələr sonrası əhali arasında məlumat vakuumu yarandığını
müşahidə etdik. Əhalinin böyük bir qismi meriyanın qaynar xətləri
haqda məlumatsız olduqlarını, hazırkı vəziyyətdə məlumatın
ötürülməsində qeyri-effektiv dil siyasəti üzündən mövcud qaynar
xətlərdə suallarına tam cavab ala bilmədiklərini bildiriblər. Qeyd
etmək istərdim ki, bu tərz çətinliklərlə daha çox nisbətən yaşlı
təbəqə qarşılaşıb.
Bölgədə ədalətsiz şəkildə cərimələnmə halları və polisin
vətəndaşlarla kobud davranışları haqda da bir neçə müraciət aldıq.
Hazırda həmin vətəndaşlara hüquqi yardım göstərməyə çalışırıq.
Polislərin vətəndaşlara təzyiq göstərməyə çalışması və bəzi
hallarda hətta birbaşa təhqirə keçməsi əhali arasında böyük
narazılığa səbəb olub. Bu və digər narazılıqların və ehtiyacların
araşdırılması isə nədənsə yerli özünüidarənin, yaxud mərkəzi
hakimiyyətin bu günədək yadına düşməyib.
Mən özüm o bölgədə yaşamasam da, gələn müraciətlər və eşitdiyim
hekayələrlə təsəvvürümdə canlandırdığım "qırmızı zonanı" və orada
yaşananları həmişə xatırlayacağam. Sonda hər şeyin yaxşı olacağına
ümid edir və hər kəsə sağlamlıq, dözüm arzu edirəm.
Foto EMC-yə məxsusdur.
Müəllif։ Aytac Xəlilli