“Karantin uşaqlıq arzumu yerinə yetirməyə imkan yaratdı” – Nərminə Hüseynovanın səsli fikri
25 yaşlı Nərminə Hüseynova bir neçə vaxtdır ki, şəxsi "Facebook" səhifəsində gürcü və azərbaycan dilində videolar hazırlayaraq, gürcü dilində düzgün danışıq qaydalarını öyrədir.

O, hər gün yeni bir video ilə o, gürcü dilini öyrənməkdə çətinlik çəkən insanlara kömək etməyə çalışır və bu yolla öz biliyini başqaları ilə də paylaşmış olur. Hüseynova "Marneuli" radiosunun suallarını cavablayaraq, hazırladığı videoların əsas məqsədi haqqında danışdı.

– Öz haqqınızda məlumat verin.

Mən Narmina Guseinova, 25 yaşım var, bakalavr təhsilini sosiologiya, magistraturanı isə təhsil idarəetməsi üzrə bitirmişəm. Rustavidə yaşayıram.

– Bu videoları çəkməkdə məqsədiniz nədir?

Youtube videolarını çəkməyimə başlıca səbəb özümdə vətəndaş məsuliyyəti hiss etməyimdir. Biz illər boyu gürcü dili ilə bağlı mövcud olan problemləri danışdıq, işıqlandırdıq, müzakirə etdik, yazdıq və s. Düşünürəm ki, danışmağımız həqiqətən faydalı və cığıraçandır. Əgər daha əvvəl danışmasaydıq, problemin nə olduğunu müəyyən edib müzakirəyə çıxarmasaydıq, hərəkətə də keçə bilməzdik çünki haradan başlayacağımızı və nəyi necə edəcəyimizi bilməzdik. Ancaq, düşünürəm ki, artıq yetərincə danışmışıq, indi əməl etməli, hərəkətə keçməliyik. Mən bunu belə alqılayıb öz üzərimə düşən məsuliyyəti, əlimdən gələni etməyə qərar verdim. Əvvəl həyatın ritminə və günlərimizin çox məşğul olduğuna görə bunu edə bilmir, həmişə planlayır, ancaq heç cür həyata keçirə bilmirdim. Karantin vəziyyətiylə birgə yaranan boş vaxt mənə çoxdankı arzumu həyata keçirmək imkanı verdi. Eyni zamanda zəruri texnikanı da almaq mənə şərait yaratdı və beləcə başladım videolar çəkməyə. Əsas məqsədim dil öyrənmək istəyən və internetdən istifadə etmək imkanına malik olan insanlara əlimdən gələn dəstəyi göstərməkdir.

– Gürcü dilini mükəmməl dərəcədə öyrənməyin hansı faydaları var?

Gürcü dilini ən azından danışıq səviyyəsində bilmək ölkədə rahat yaşamaq deməkdir. Rahat yaşamaq isə bildiyimiz rahatlıq anlayışının tam tərsidir. Rahat deyəndə arxayın başa düşülür, ancaq, mən əksini nəzərdə tuturam. Sosial elmlərdə inteqrasiya və inkluziya deyə terminlər var, əgər inteqrasiya qrup şəklində cəmiyyətdə var olmağı nəzərdə tutursa, inkluziya məhz fərdi olaraq, tək şəkildə cəmiyyətdə var olmaq, cəmiyyətə qoşulmaq deməkdir. Qrup şəklində çoxdan inteqrasiya olmuşuq, bir qrup etnik azərbaycanlı ilə bir qrup etnik gürcü illərdir Rustavi vəya Marneulidə yan-yana yaşayır. Belə yaşamaq məhz arxayın olmaq deməkdir, çünki mən öz komfort sahəsi adlandırdığım o kiçik qrupumda yaşayıram. Yəni hər nə qədər mənim qrupumun ətrafında müxtəlif başqa qruplar olsa da, mən qrupumun içindəyəm deyə, çox arxayınam, çünki qrupumun içində eyni dili danışır, eyni yaşam tərzini paylaşıram. Mən özümü belə arxayın hiss etdiyim və öyrəşdiyim zonadan çıxıb bir fərd olaraq cəmiyyətə inkluziya olmalıyam. İnkluziya fərdin ümumi mühitə qatılması deməkdir. Ancaq, mən arxayın olduğum o komfort zonamdan, yəni öz balaca qrupumdan çıxa bilmirəm çünki, çıxsam tək və müstəqil qalıb nə edəcəm? Tək qalmağım üçün ən başlıca ünsiyyət qura biləcəyim bir dil bilməyim. Bu da dövlət dilimizdir. Dövlət dilini bilib, digər ümumi bilgiləri də öyrəndikdən sonra fərd olaraq müstəqil şəkildə rahat yaşaya bilərəm çünki bilirəm ki, yanımla hər yerə tərcüməçi aparmağıma, müxtəlif ictimai yerlərdə qonşu dövlətin dili olan rusca danışmağa ehtiyac duymayacam, əksinə öz dövlətimin dilindən istifadə edəcəm. Bu səfər arxayın düşmək əvəzinə, rahat yaşamağa başlayacam, həm də ölkəmin bütün imkanlarından tam şəkildə faydalanaraq. Mən komfort zonasını təkr etmək deyəndə sadəcə etnik azlıqları yox, etnik çoxluğunu, etnik gürcüləri də nəzərdə tuturam. Onlar da öyrəşdikləri o kiçik qrupdan çıxıb mənə yaxın gələcək. Müxtəlif qruplardan çıxmış insanlar öz qruplarının bütün xüsusiyyətlərinə rəğmən ortaq dil tapıb, razılığa gəlib yeni cəmiyyət qurub, ora inkluziya olacaqlar.

– Günümüzdə bu kimi videolara ehtiyac duyulurmu?

İnteqrasiyadan inkluziya mərhələsinə keçmək üçün dili bilməli, dili öyrənməliyik. Günümüzün internet çağı bizə gözəl imkanlar yaratmışkən onu zərərli vərdişlərə çevirmək yerinə, bir-birimizə öyrədə, bir-birimizdən öyrənə bilərik. Youtube videoları bu baxımdan çox asan əlçatan və rahat bir vasitədir. Nəzərə alsaq ki, məktəblərin hamısında dil öyrətmək baxımından vəziyyət yaxşı olmaya, ya da insanların özəl və ödənişli müəllimdən dərs almaq imkanı olmaya bilər, bu kimi videoların əhəmiyyəti böyük ola bilər. Özüm ingilis dilini demək olar ki, youtube-dan, həm də tək öyrənmişəm.

– Əsasən videoları hansı mövzuda çəkirsiniz?

Videoları əsas bir-biri ilə səhv sala biləcəyimiz sözlər və ifadələr barədə çəkirdim, məsələn, დამავიწყდა və დავივიწყე arasındakı fərq. Gürcü dilində çoxları üçün çətin görünən fellərə də başlamışam və beləcə fellər və zəruri ifadələrlə bağlı videolar çəkməyə davam edəcəm. Ancaq, son zamanlar gürcü dilini sıfırdan öyrənmək istəyən insanlar da mənə müraciət etdiklərinə görə, bir müddət sonra məhz əlifbadan başlayaraq dili öyrətməyi də düşünürəm.

– Videoların davamı gələcəkmi?


İnsanlardan aldığım bu qədər diqqət və müsbət reaksiya məni videolarımın davamını çəkməyə təşviq edir. Hər növbəti videoma çox böyük həvəslə hazırlaşır və zəhmət tələb edən iş olmasına baxmayaraq onu çox böyük məmnuniyyətlə çəkir və yayımlayıram. Bunlara, həm də artıq üzərimdə bir vətəndaş məsuliyyəti də hiss etdiyimə görə nəinki videolarımı dayandırmağı düşünmür, hətta texniki baxımdan çəkimlərini yaxşılaşdırmaq, eyni zamanda öyrətmək baxımından da metodlarımı inkişaf etdirmək istəyirəm.

– Günümüzdəki insanlara tövsiyələriniz?

Gürcü dilini öyrənməkdə olan insanlara başlıca məsləhətim gürcü dilini gündəlik həyatlarının bir hissəsi etmələridir. Dil praktikada istifadə olunmadıqca şeir əzbərləmək kimi bir işə oxşayır. Şagirdlərə məsləhətim odur ki, əgər ətraflarında gürcü dilini bilən insan varsa, hər fürsətdə onunla gürcücə danışmağa və ünsiyyət qurmağa çalışsınlar. Əgər belə bir insan yoxdursa, güzgünün qarşısına keçin və sual verən də, cavab verən də özünüz olun. Ailə üzvləriniz bunu qəribə hesab edə bilərlər amma bir neçə il sonra siz də, onlar da bunun çox gözəl nəticəsini görəcəksiniz. Mənim ingilis dili üçün ən yaxşı müəllimim otağımın güzgüsü olub. Saatlarla öz-özümə danışmışam. Hal-hazırda isə alman dilini öyrənirəm, oxuduğum elə bir cümlə olmaz ki, gedib onu anama vəya bacıma deməyim.

Onlar dili bilmədiklərinə görə mənə təbii ki, cavab verə bilmirlər amma əsas mənim danışmağımdır. Ən böyük səhvimiz yazıb oxuyaraq hansısa dildə danışmağı öyrənəcəyimizi düşünməyimizdir. Yazmaqla yazmağı, oxumaqla oxumağı, dinləməklə dinləməyi, danışmaqla da danışmağı öyrənirik. İllər boyu kitabda nələrisə oxuyub ya da yazıb, sonra da niyə danışa bilmirəm deyə gileylənə bilmərik. Danışmaq üçün danışmaq lazımdır. Tələbələr üçün ən böyük məsləhətim kiçik dost ətraflarından əlavə gürcüdilli insanlarla ünsiyyət qurmalarıdır. Facebookda kirayə yoldaşı tapmaq üçün yaradılan çox sayda qrup var, ora daxil olub orada gürcüdilli insanlarla bir evdə qalmaq üçün kimləsə razılaşa bilərsiniz. Bundan əlavə yarım günlük işlərə daxil olub işləmək də ən yaxşı yollardan biridir. Dostlarım və ev yoldaşlarımdan bir neçəsi, iş yoldaşlarımın isə əksəriyyəti gürcüdilli olandan sonra, gürcü dilini öyrənmək o qədər də əlçatmaz və çətin olmur.



"Marneuli" Radiosu
Print