COVİD-19 – un yaratdığı sərt karantin və nostalji
Karantin günləri Marneulidə yaşayan qadınların görünməyən əməyini
iki dəfə artırdı, eyni zamanda köhnə və yeni vəziyyətin samovar
çayı süfrəsi ətrafında müqayisə etmək üçün boş vaxt da yaratdı.
“Bir çox biliyim olmasına baxmayaraq, hər zaman özümü fəal olmaqdan
geri çəkmişəm. İtaətkarlıq beyinə həkk edilən bir şeydir və mən
itaətkarlıqla "həqiqi qadın" olaraq yetişdirilmişəm,”
- 47 yaşlı Xanım Məmmədova deyir.”
Xanım Məmmədova Marneulilidir. O, Marneuli bağlandıqdan və sərt
karantin rejimi elan edildikdən sonra işini itirib. Artıq iki aydan
çoxdur ki, evdədir, ev işləri və ailəsinə qayğı ilə məşğuldur.
Məmmədovanın əsas peşəsi müsahiblikdir. O, ali təhsilini SSRİ
dövründə Azərbaycanda alıb, onun bildirdiyinə görə, universiteti
qırmızı diplom ilə bitirib. Ancaq heç vaxt öz peşəsi üzrə
işləməyib.Deyir ki, təhsilini tamamladıqdan sonra Marneuliyə, doğma
kəndinə qayıdıb və qısa zaman sonra ailə qurub.
“Bugünkü vəziyyətə baxanda erkən evliliklərə və
ailələrin bu kimi mövqelər, qızlarını erkən yaşda evlədnirmək və ya
zorla qaçırılmanı nəzərdə tutan hadisələr, məni heyrətə gətirir. Öz
gəncliyimi xatırlayıram, demək olar ki, hərkəs orta mətkəbi
bitirirdi və kəndlərdən maddi imkanı olanlar mütləq Azərbaycana və
ya Rusyaya təhsil almaq üçün üz tuturdular. Bu qayda qızlara da aid
idi, qızların çoxu əsasən texnikumda təhsil alırdı. Mən özüm
fakultətə 3000 oğlanın içində oxuyurdum və qrupda cəmi bir neçə qız
var idi", - Xanım deyir.
Xanımın sözlərinə görə, onun gəncliyində qızın kənddən uzağa təhsil
almağa getməsi, getdiyi yerdə azad yaşaması və təhsil alması normal
qəbul edilirdi. Xanım ali təhsilini 22 yaşında tamamlayıb. Qarışıq
dövrdə kəndə qayıdan gənc qızı eyni ildə ailələrin ortaq qərarı ilə
öz qohumuna nişanlayıblar. Dediyinə görə, "namizədi" ailə böyükləri
seçib və elə onların danışıqları ilə toy haqqında qırar
verilib.
Bu gün Xanım artıq 20 ildən çoxdur ki, ailəlidir. Qeyd edir ki, bu
illər çətinliklərlə dolu olub.
“O zamanlar cəmiyyətdə əksər halda böyük ailələrə rast gəlinirdi,
bu isə çox çətin bir vəziyyət idi. Mənim baldızım evlənənə kimi,
bizim ailənin 11 nəfər üzvü var idi. Xatırlayıram, bir ara rayonda
iş təklif etdilər, uşağım körpə idi və qayınatamın istəyi ilə evdə
qaldım. Mənim qarşı çıxmaq hüququm yox idi, çünki, o ailənin böyüyü
idi. Mən və həyat yoldaşım məcbur kənd təsərufatı işlərinə davam
etdik”, - Məmmədova deyir.
Xanım evliliyin 5-ci ilində ailəsi ilə birgə Marneuliyə köçüb,
əvvəlcə evdə, sonra isə evdən kənarda işləməyə başlayıb. Peşəsi
üzrə heç vaxt işləməyib. Onun bildirdiyinə görə, buna səbəb onu
rəsmi işlə təmin edəcək tanışının olmaması idi. Təxminən on il
işləyib, ancaq pandemiya onun taleyini dəyişib.
“Marneuliyə köçəndə sadəcə bir çanta paltar ilə gəldik. Kirayə ev
tutduq və hər ikimiz (mən və həyat yoldaşım) işləməyə başladıq. Çox
çətin illər idi. Bu gün öz evimin olması mənim üçün böyük
xoşbəxtlikdir deyə düşünürəm və bunu hamıya arzu edirəm. Bazarda
şlədiyim vaxtlar evə günorta qaydıırdım və qadın olduğuma görə hər
işi görmək mənim öhtəliyimdə idi. Əvvəlcə yemək bişirmək lazım idi,
buna görə əksər hallarda səhər çox tez qalxmalı idim ki, evə ac
qayıdan ailə üzvləri soyuducuda hazır yemək tapa bilsinlər. Sonra
yığıb yığışdırmaq, yumaq, ütüləmək və s. Bu mənim iki qat əməyim
idi, evdə və evdən kənarda.”
“Qadınları itaətkar böyüdürlər. Buna görə də qadın heç bilmir ki,
onun istirahət etmək və ya qarşı çıxmaq (yox demək) hüququ var. Mən
də bir çox dəfə ailə zorakılığı qurbanı olmuşam. Bunu deməyə bu gün
utanmıram çünki, ətrafımda bu hallar çoxdur. Bunu normal qıbul
edirdim, çünki bizə öyrədilib ki, qadın dözümlü olmalıdır və hər
şeyə dözməldir” , – Xanım deyir.
Məmmədova onu da deyir ki, qadının iqdisadi azadlığının olması onu
gücləndirir. Dediyinə görə, qadının şəxsi pulu varsa, o zaman hər
şeyi bacara bilər. Əlavə olaraq qeyd edir ki, qadınlar mütləq öz
hüquqlarını bilməlidirlər ki, qarşılıqsız itaətkarlığın öhdəsindən
gələ bilsinlər. Xanım qadınları iqtisadi azadlıqlarını qazanmağa və
öz hüquqlarını bilməyə çağırır.
Müəllif: Şəlalə Əmircanova
Əsas qəhraman ilə müsahibə anonim şəkildə yazılıb müvafiq olaraq
müsahibin adı və soyadı şərtidir
Məqalə “Freya” ittifaqının “Gürcüstanda Qadınlar Fondunun” maliyyə
dəstəyi ilə həyata keçirdiyi “COVİD-19 fonunda ailə zorakılığı
risklərinin Marneulidə özünütəcriddə olan qadınlar üçün
azaldılması/qarşısının alınması” layihəsi çərçivəsində
hazırlandı.