Marneulidə xəstəxanaların sayı Qardabaniyə nisbətən çoxdur – Azər Musaoğlunun səsli fikri
Dəfələrlə Marneuli ilə Qardabanini müqayisə edənlərə qulaq şahidi olmuşam. Düzdür, bəzisi uşaqlıqda etdiyimiz “Van Dammı döyər, Brüs Limi?” söhbətindən fərqlənməsə də, əsaslı müqayisələr də olub və bu müqayisələrdə üstünlük çox vaxt Marneuliyə verilib, yəni bu qaydasız müqayisə döyüşlərində çox vaxt Marneuli “döyüb”, qalib olub.

Söhbəti başqa yerə yozmayasız deyə indidən bildirim ki, mənim yerlibazlıqdan zəndeyi-zəhləm gedir. Özüm Qardabanidə doğulub yaşasam da, harada Azərbaycan türkü yaşayır oranı özümə doğma bilmişəm, vətən bilmişəm. Vətən də ki, kiminsə dədəsinin deyil oradan səni qovalar, didərgin salalar, deportasiya edələr. Halbuki, qloballaşmış dünyada da bu üzdəniraq hadisələrin şahidi oluruq. Və eşitdiyim müqayisələri sizinlə burada paylaşmaqda məqsəd hansısa bölgəni yuxarı və ya aşağı tutmaq deyil. Haşa!

Marneuli ilə Qardabanini müqayisə edənlər niyə çox vaxt üstünlüyü Marneuliyə verir?

Başlayaq lap sadə, bayağı müqayisələrdən:

Məsələn, Marneulidə demək olar ki, bütün bankların filialları var, Qardabanidə yoxdur. Qardabanidə cəmi-cümlətanı dörd bankın filialı var, hansılarda ki, bəzi xidmətlər belə yoxdur, bu da, ölkədə fəaliyyət göstərən digər maliyyə şirkətlərinin qardabanili müştəriləri üçün çətinlik yaradır. Həmin banklardan birinə işin düşdüsə gərək yollanasan ya Rustaviyə, ya da Tiflisə.

Məsələn, Qardabanidə işığa, içməli suya yeni abonent olmaq üçün gərək Rustaviyə gedəsən. Marneulidə bu məsələləri yerində həll etmək olur.
Məsələn, bu yaxınlarda Vergilər Xidmətindən sənəd alası idik, Qardabanidə bu xidməti axtardıq, tapa bilmədik, dedilər Rustaviyə getməlisiniz. Biz də eləmə tənbəllik sənədi gedib Rustavinin Vergilər Xidmətindən aldıq.

Məsələn, ölkədə fəaliyyət göstərən apteklərin çoxu Marneulidə, azı Qardabanidədir. Bəzən elə dərman olur ki, almaq üçün yenə də Rustaviyə getməli olursan. Marneulidə xəstəxanaların sayı da Qardabaniyə nisbətən çoxdur. Qardabanidə ayağın çıxdısa ya travmatoloqun Rustavidən gəlməsini gözləməlisən, ya da özün ayağını sallaya-sallaya Rustaviyə getməlisən.

Məsələn, bu yaxınlarda telefon nömrəsini mikro etdirmək üçün yenə Rustaviyə gedəsi oldum, çünki o boyda “Geocell” şirkətinin bu boyda Qardabanidə bir nəfərin sığacağı bir otağı belə yoxdur. Hətta bir dəfə “Geocell”dən nömrə almaq üçün Marneuliyə də getmişəm. Deyirəm bəlkə elə Qardabanini də birləşdirsinlər Rustaviyə, biz də birdəfəlik bilək ki, bütün işimizi Rustavidə görməliyik.

Məsələn, Qardabanidə ailənlə birgə istirahət edəcəyin, bir stəkan çay içib, bir dilim paxlava yeyəcəyin nə bir kafe var, nə yarım restoran. Qardabanidə bütün çayxanalar kişilər üçündür. Marneulidə isə hər addımda ailənlə oturub bir stəkan qəhvə içmək üçün məkanlar mövcuddur.

Məsələn, Qardabanidə bir dənə də olsun kitab dükanı yoxdur. Bu haqda əvvəl də ürəkağrısı ilə yazmışam. Marneulidə isə “Biblus” kitab mağazası var.
Məsələn, götürək icma mərkəzlərini, qeyri-hökumət təşkilatlarını... Marneulidə “Tea House” (“Çay Evi”) var, İnteqrasiya Mərkəzi var, USIDE-ın ofisi var, Marneuli Televiziyası var, Marneuli Radiosu və digər müstəqil yerli media qurumları və s. var. Qardabanidə bir ayda iki dəfə “Yeni Yol” qəzeti çıxır ki, onun da yarıdan çoxunu Marneulidə oxuyurlar.

Məsələn, Marneulidə etiraz var, etiraz edənlər var, aktivistlər var. Qardabanidə nə etiraz var, nə etiraz edənlər, passivistlər var. Marneulidə Novruz bayramı gecəsi aktivistlər meriyanın qarşısında tonqal qalayıb komendant saatına etiraz edəndə, Qardabanidə passivistər televizorun qabağında oturub qoz-fındıq ləpəsi yeyə-yeyə "AzTv"dən Məleykə Əsədovanın konsertinə baxıb mürgü vururdular.

Məsələn, pandemiya şəraitində Marneulidə təşkili nəzərdə tutulmuş 15 min larilik konsertə etiraz olundu, konserti Qardabaniyə addatdılar və bu mənasız konsert Qardabanidə baş tutdu.

Uzatmaq da olar. Məncə bu iki əbədi və əzəli bölgəmizi müqayisə edərkən Marneulinin niyə həmişə üstünlük qazandığını anlamaq üçün bu qədər bəs edir. Marneulinin sağ əli Qardabaninin başına.
Azər MUSAOĞLU
"Yeni Yol" qəzeti (yeniyol.ge)
Print Email
FaceBook Twitter Google