Dəfələrlə Marneuli ilə Qardabanini müqayisə edənlərə qulaq şahidi
olmuşam. Düzdür, bəzisi uşaqlıqda etdiyimiz “Van Dammı döyər, Brüs
Limi?” söhbətindən fərqlənməsə də, əsaslı müqayisələr də olub və bu
müqayisələrdə üstünlük çox vaxt Marneuliyə verilib, yəni bu
qaydasız müqayisə döyüşlərində çox vaxt Marneuli “döyüb”, qalib
olub.
Söhbəti başqa yerə yozmayasız deyə indidən bildirim ki, mənim
yerlibazlıqdan zəndeyi-zəhləm gedir. Özüm Qardabanidə doğulub
yaşasam da, harada Azərbaycan türkü yaşayır oranı özümə doğma
bilmişəm, vətən bilmişəm. Vətən də ki, kiminsə dədəsinin deyil
oradan səni qovalar, didərgin salalar, deportasiya edələr. Halbuki,
qloballaşmış dünyada da bu üzdəniraq hadisələrin şahidi oluruq. Və
eşitdiyim müqayisələri sizinlə burada paylaşmaqda məqsəd hansısa
bölgəni yuxarı və ya aşağı tutmaq deyil. Haşa!
Marneuli ilə Qardabanini müqayisə edənlər niyə çox vaxt üstünlüyü
Marneuliyə verir?
Başlayaq lap sadə, bayağı müqayisələrdən:
Məsələn, Marneulidə demək olar ki, bütün bankların filialları var,
Qardabanidə yoxdur. Qardabanidə cəmi-cümlətanı dörd bankın filialı
var, hansılarda ki, bəzi xidmətlər belə yoxdur, bu da, ölkədə
fəaliyyət göstərən digər maliyyə şirkətlərinin qardabanili
müştəriləri üçün çətinlik yaradır. Həmin banklardan birinə işin
düşdüsə gərək yollanasan ya Rustaviyə, ya da Tiflisə.
Məsələn, Qardabanidə işığa, içməli suya yeni abonent olmaq üçün
gərək Rustaviyə gedəsən. Marneulidə bu məsələləri yerində həll
etmək olur.
Məsələn, bu yaxınlarda Vergilər Xidmətindən sənəd alası idik,
Qardabanidə bu xidməti axtardıq, tapa bilmədik, dedilər Rustaviyə
getməlisiniz. Biz də eləmə tənbəllik sənədi gedib Rustavinin
Vergilər Xidmətindən aldıq.
Məsələn, ölkədə fəaliyyət göstərən apteklərin çoxu Marneulidə, azı
Qardabanidədir. Bəzən elə dərman olur ki, almaq üçün yenə də
Rustaviyə getməli olursan. Marneulidə xəstəxanaların sayı da
Qardabaniyə nisbətən çoxdur. Qardabanidə ayağın çıxdısa ya
travmatoloqun Rustavidən gəlməsini gözləməlisən, ya da özün ayağını
sallaya-sallaya Rustaviyə getməlisən.
Məsələn, bu yaxınlarda telefon nömrəsini mikro etdirmək üçün yenə
Rustaviyə gedəsi oldum, çünki o boyda “Geocell” şirkətinin bu boyda
Qardabanidə bir nəfərin sığacağı bir otağı belə yoxdur. Hətta bir
dəfə “Geocell”dən nömrə almaq üçün Marneuliyə də getmişəm. Deyirəm
bəlkə elə Qardabanini də birləşdirsinlər Rustaviyə, biz də
birdəfəlik bilək ki, bütün işimizi Rustavidə görməliyik.
Məsələn, Qardabanidə ailənlə birgə istirahət edəcəyin, bir stəkan
çay içib, bir dilim paxlava yeyəcəyin nə bir kafe var, nə yarım
restoran. Qardabanidə bütün çayxanalar kişilər üçündür. Marneulidə
isə hər addımda ailənlə oturub bir stəkan qəhvə içmək üçün məkanlar
mövcuddur.
Məsələn, Qardabanidə bir dənə də olsun kitab dükanı yoxdur. Bu
haqda əvvəl də ürəkağrısı ilə yazmışam. Marneulidə isə “Biblus”
kitab mağazası var.
Məsələn, götürək icma mərkəzlərini, qeyri-hökumət təşkilatlarını...
Marneulidə “Tea House” (“Çay Evi”) var, İnteqrasiya Mərkəzi var,
USIDE-ın ofisi var, Marneuli Televiziyası var, Marneuli Radiosu və
digər müstəqil yerli media qurumları və s. var. Qardabanidə bir
ayda iki dəfə “Yeni Yol” qəzeti çıxır ki, onun da yarıdan çoxunu
Marneulidə oxuyurlar.
Məsələn, Marneulidə etiraz var, etiraz edənlər var, aktivistlər
var. Qardabanidə nə etiraz var, nə etiraz edənlər, passivistlər
var. Marneulidə Novruz bayramı gecəsi aktivistlər meriyanın
qarşısında tonqal qalayıb komendant saatına etiraz edəndə,
Qardabanidə passivistər televizorun qabağında oturub qoz-fındıq
ləpəsi yeyə-yeyə "AzTv"dən Məleykə Əsədovanın konsertinə baxıb
mürgü vururdular.
Məsələn, pandemiya şəraitində Marneulidə təşkili nəzərdə tutulmuş
15 min larilik konsertə etiraz olundu, konserti Qardabaniyə
addatdılar və bu mənasız konsert Qardabanidə baş tutdu.
Uzatmaq da olar. Məncə bu iki əbədi və əzəli bölgəmizi müqayisə
edərkən Marneulinin niyə həmişə üstünlük qazandığını anlamaq üçün
bu qədər bəs edir. Marneulinin sağ əli Qardabaninin başına.
Azər MUSAOĞLU
"Yeni Yol" qəzeti (yeniyol.ge)