Cəmiyyətdə qadınla bağlı müzakirə olunası problemlər çoxdur.
Onlardan biri də qadının təhsilini bitirib ailə qurandan sonra
müəyyən çətinliklərlə üzləşməsidir. Daha sadə dillə desək bir çox
ailələrdə qadına kariera qurmaqda müxtəlif etirazlar edilir.
Əlbəttə, bəzi istisnaları çıxmaq şərti ilə. Hər şey təhsil bitirib
diplom almaqla bitmir. Məlum məsələdir, təhsil ona görə alırıq ki,
cəmiyyətdə müvafiq mövqe tutub cəmiyyətə xidmət göstərək,
inkişafına töhfə verək. Ancaq əksər hallarda bu belə olmur.
Elə bu mövzudan söz açmışkən yadıma Güləbatın xala ilə rastlaşanda
etdiyimiz söhbət düşdü. Armudu stəkandan zoğal mürəbbəsi ilə
pürrəngi səmavər çayı içərkən söhbət edirdik. Təhsildən, oxumaqdan
söz düşmüşdü:
“Ay qızım sən heç bilirdinmi qarşındakı bu Güləbatın xalan da
oxuyub, ali- təhsil alıb. Diplomum da var. Amma təəssüf ki, o
diplom illərdir çamadanda, sənədlərin arasında lazımsız bir əşya
kimi atılıb qalıb. Bircə gün də öz sevib, seçdiyim ixtisasım üzrə
işləmək mənə nəsib olmadı. İşləməyimə yoldaşım narazı idi, evin
ahılları da onun səsinə səs verib etiraz etdilər. Sonralar da uşaq,
ailə qayğıları... gün-günə, ay-aya, il-ilə qarışdı.. O gün bu gün,
hələ də o nisgil qəlbimdədir. Təkcə oxumaq şərt deyil a bala, gərək
cəsur olasan, sona kimi mübarizə aparıb zəhmətinin bəhrəsini
görəsən,“- deyə uzun uzun danışmışdı.
Xalanın bu sözləri məni dərin düşüncələrə aparmışdı. Həqiqətən
böyük haqsızlıqdır. Ailə qurmaq başq hər şeydən məhrum olmaq demək
deyil. Əlbəttdə qadın anadır, ailədə, uşaqların tərbiyyəsində rolu
böyükdür, uşaq böyüdür, ailə qayğısı çəkir. Lakin qadının cəmiyyət
üçün gərəkli arzu və istəkləri də nəzərə alınmalıdır. Ailədə hər
iki valideyinin işləməsi həm maddi, həm mənəvi cəhətdən ailəyə
müsbət təsir göstərir. Ailədə hər iki valideyinin işləməsi
uşaqlarda valideyinlərinə qarşı rəğbət yaradır, onlarda
zəhmətsevərlik hissi oyadır - ailə bütöv olur.
Qadın cəmiyyətdən tədric olunmalı deyil. Bir sözlə qadın təhsil
almalı və bu təhsili ilə xalqının xidmətində durmalıdır. Qadının
ali - təhsil üçün aldığı diplom sandıq üçün yox, cəmiyyət üçün
gərəkli olmalıdır.
Müəllif : Dilarə Təhməzova
Mənbə: Pəncərə