"İntihar bütün dünya üçün çox böyük bir problemdir" – Naşir Orduxanovun səsli fikri
İNTİHAR – Gündəlik həyatımızda biz intihar xəbərləri ilə tez-tez rastlaşırıq və əminəm bu hər kəsi çox narahat edir. Qeyd edim ki, intihar bütün dünya üçün çox böyük bir problemdir. Bu problemin böyüklüyünü başa düşmək üçün isə sadəcə rəqəmlərə baxmaq kifayətdir.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) yayımladığı hesabatlara görə dünyada hər 40 saniyədə bir insan intihar edir. Bu isə hər il ortalama 800 mindən çox insanın intihar edərək canına qəsd etməsi deməkdir. Araşdırmalara görə bu rəqəmin 2030-cu ilə qədər 1 milyonun üzərində olacağı ehtimal edilir. Maraqlısı isə dünyada ən çox intihar edən şəxslərin 19-25 yaş arası gənclər olmasıdır.

Gürcüstanda da vəziyyət dünyanın geri qalanından heç də fərqli deyil. Daxili İşlər Nazirliyinin rəsmi saytında 2017-ci ildən, 2021-ci ilin İyun ayına qədər intihar və intihara cəhd etmə hadisələrinin rəsmi statistikası yerləşdirilib.

Daxili İşlər Nazirliyinin rəsmi statistikalarına görə Gürcüstanda:

2017-ci ildə:

  • 365 nəfər intihar edib
  • 265 nəfər intihara cəhd edib

2018-ci ildə:

  • 389 nəfər intihar edib
  • 477 nəfər intihara cəhd edib

2019-cu ildə:

  • 377 nəfər intihar edib
  • 494 nəfər intihara cəhd edib
  • 2020-ci ildə
  • 380 nəfər intihar edib
  • 552 nəfər intihara cəhd edib
  • 2021-ci ilin Yanvar-İyun ayları arasında:
  • 225 nəfər intihar edib
  • 255 nəfər intihara cəhd edib

Daxili İşlər Nazirliyinin rəsmi saytında yayımlanan statistikadan da görünür ki, Gürcüstanda hər il intihar edən insanların sayı azalmaq əvəzinə artmaqdadır və ölkəmizdə ortalama hər günə 1 insan intihar edir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) statistikalarına görə Qafqazda Rusiyadan sonra ən çox intihar hadisəsinin baş verdiyi ölkə məhz Gürcüstandır.

İnsanları intihara aparan səbəblər əsasən ağır sosial-iqtisadi vəziyyət, ailə daxili münaqişələr, şəxsə qarşı təhdid və onu alçaltmaq, məcburi evlilik və insanların azadlıqlarının məhdudlaşdırılması, müəyyən psixoloji problemlər və s. kimi səbəblərdir.

Çox təssüflər olsun ki, Gürcütanda xüsusilə ailədaxili münaqişələrdən və məcburi evlilik hallarından sonra baş vermiş intihar hadisələri çox dərindən və lazımınca araşdırılmır. Bəzən hüquqmühafizə orqanları özləri belə insanlara qarşı zorakılıq törədərək, təhdid və təzyiq edərək onların intihar etmələrinə səbəb olurlar. Qeyd edim ki, Gürcüstan cinayət məcəlləsinin 115-ci maddəsinə görə insanları intihar həddinə çatdırmaq cinayətdir və 2 ildən 4 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərda tutur.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) tövsiyyələrinə və cağırışlarına baxmayaraq dünyanın bir çox ölkəsində o cümlədən Gürcüstanda hələ də intiharın qarşısının alınması proqramı yaradılmayıb.

Düşünmək belə çox acıdır bizim ətrafımızda hər gün insanlar intihar edərək öz həyatlarına son qoyurlar biz isə istər cəmiyyət olaraq, istərsədə dövlət olaraq sadəcə baş verənləri xəbər olaraq izləyib, öz həyatımıza davam edirik.

Müəllif: Naşir Orduxanov 
Mənbə: Pəncərə
Print Email
FaceBook Twitter Google