“Mən spekulyasiya etmək istəmirəm” – Aİ-nin səfiri Gürcüstanla bağlı vizasız rejim mexanizminin dəyişikliklərinə dair suala cavab verir
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərin “vizasız rejim mexanizminin dəyişiklikləri Gürcüstan hökumətinin yüksək vəzifəli şəxslərinə təsir edəcəkmi?” sualına cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı qərarı üzv ölkələr dekabr ayında qəbul edəcəklər və həmin qərardan öncə deyilən hər şey sadəcə fərziyyə və spekulyasiya olar.

“Siz bu sualı mənə tez-tez verirsiniz, amma mən cavab
verməməyə çalışıram, çünki sadəcə olaraq spekulyasiya etmək istəmirəm. Deyə biləcəyim odur ki, yeni mexanizm yalnız Gürcüstana deyil, Aİ-də vizasız gediş-gəlişdən faydalanan bütün ölkələrə aiddir. Deyə biləcəyim başqa bir şey isə budur: dekabrda, yəni gələn ay, Avropa Komissiyası vizasız rejimin dayandırılması mexanizmi ilə bağlı yeni hesabat dərc edəcək, o cümlədən Gürcüstanla bağlı da. Bu hesabat üzv dövlətlərə təqdim ediləcək və qərarı məhz onlar verəcəklər. Üzv dövlətlərin hansı qərarı verəcəklərinə gəldikdə isə – bu haqda doğrudan da spekulyasiya etmək istəmirəm,”
– deyə səfir jurnalistlərin sualına cavab verib.

O həmçinin bildirib ki, Gürcüstan hökumətinin Avropa Komissiyasına təqdim etdiyi izahlar qənaətbəxş deyil:

“Hamımıza məlumdur ki, Avropa Komissiyası Gürcüstan hökumətindən son hesabatda qeyd olunan tövsiyələrin icrası ilə bağlı açıqlama istəmişdi. Cavab təqdim olunub, amma bildiyim qədərilə bu cavab qənaətbəxş deyil. Məhz bu cavab əsasında dekabrda vizasız rejimin dayandırılması mexanizmi üzrə yeni hesabat dərc olunacaq. Hesabat üzv ölkələrə təqdim ediləcək və qərarı onlar verəcəklər,”
– deyə Herçinski 12 noyabrda bildirib.

Həmin gün o, Gürcüstan Xarici İşlər Nazirliyinin təşkil etdiyi tədbirdə iştirak edirdi. Jurnalistlər ondan hökumətlə münasibətləri barədə də soruşublar. O isə cavabında deyib ki, “Gürcüstandakı Aİ səfiri kimi, mənim vəzifəm hər kəslə açıq kommunikasiya kanallarını saxlamaqdır.”

“Təbii ki, hökumətlə də danışıqlar aparmağa çalışıram. Biz həmçinin müxalifətlə, vətəndaş cəmiyyəti ilə, akademik dairələrlə də əlaqə saxlayırıq... Bunu elə bir həftə öncə Avropa Komissiyasının dərc etdiyi genişlənmə hesabatı da açıq şəkildə göstərdi. Gürcüstanın Aİ-yə üzvlük məqsədinə gəlincə, bu hesabat dağıdıcıdır. Orada aydın şəkildə qeyd olunur ki, Gürcüstan indi Aİ-dən iki il əvvəl, 2023-cü ildə namizəd statusu aldığı dövrdəkindən daha uzaq vəziyyətdədir. İndi Gürcüstan hökumətindən asılıdır ki, kursu dəyişsin və Avropa inteqrasiyası yoluna qayıtsın,” – deyə Herçinski vurğulayıb.

Son vaxtlar “Gürcü Arzusu” hökumətinin addımlarına cavab olaraq Aİ-nin Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandırıb-dayandırmayacağı ilə bağlı suallar tez-tez səslənir. Bir neçə gün öncə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın açıqlamasından məlum olub ki, Aİ vizasız rejimin dayandırılmasını “müəyyən qruplarla” bağlı olaraq nəzərdən keçirir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google