“Gürcü Arzusu”nun Baş naziri İrakli Kobaxidze Seçki Məcəlləsində
planlaşdırılan dəyişiklikləri qiymətləndirir. Dəyişikliyə əsasən,
xaricdə yaşayan vətəndaşlar
artıq seçkilərdə səslərini xaricdə verə bilməyəcəklər.
Kobaxidzenin sözlərinə görə, “seçkilər ölkəmizin yurisdiksiyasının
tam təsiri olan yerdə keçirilməlidir”. Onun fikrincə, hansı ölkədə
yaşamağından asılı olmayaraq, insan həmin dövlətin
yurisdiksiyasının təsiri altındadır və bu, müxtəlif formalarda çox
konkret şəkildə özünü göstərə bilər. O,
bunu Acarıstanın İctimai
Yayımçısının efirində “Azad Məkan” verilişində deyib.
“Ümumilikdə, xaricdə qeydə alınan nəticələr seçkilərin
yekunlarına heç bir əhəmiyyətli təsir göstərməyib. Real olaraq heç
bir ciddi nəticə olmayıb, buna görə də əsas məsələ bu deyil. Bu
dəyişikliyin səbəbinə gəlincə, mühüm əsaslardan biri odur ki, biz
suverenliyimizi və müstəqilliyimizi tam şəkildə
möhkəmləndirməliyik. Burada bir məqamı vurğulamaq lazımdır: başqa
ölkədə yaşayan hər bir insan həmin ölkənin xarici yurisdiksiyasının
təsiri altındadır — fərqi yoxdur, bu Rusiya, ABŞ, Avstraliya və ya
Lixtenşteyn olsun.
Hansı ölkədə yaşamağından asılı olmayaraq, insan müəyyən dövlətin
yurisdiksiyasının təsirinə məruz qalır və bu təsir müxtəlif
formalarda özünü göstərə bilər. Biz bunun nəticələrini müxtəlif
istiqamətlərdə görürük. O cümlədən görürük ki, müxtəlif ölkələr
birbaşa olaraq bizim seçkilərə müdaxilə etməyə çalışırlar. Belə
şəraitdə həmin ölkələrdə yaşayan insanlar bu cür təsirlərə daha çox
məruz qalırlar. Buna görə də ümumi yanaşma belə olmalıdır: harada
ölkəmizin yurisdiksiyasının tam təsiri var, seçkilər də məhz orada
keçirilməlidir”, – deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, ikinci, daha mühüm arqument “məlumatlı
seçimlə” bağlıdır.
“Hər bir seçici məlumatlı seçim etməlidir. Bunun mənası
nədir? Sən ölkədə baş verənlərlə bağlı tam informasiyaya malik
olmalı və buna əsaslanaraq müəyyən seçki subyektinə üstünlük
verməlisən.
Hər bir insan məlumatı müxtəlif formalarda alır. Məlumatın əldə
edilməsinin vasitələrindən biri KİV-lərdir — media, o cümlədən
sosial media. Burada da insan filtrdən keçmiş məlumat alır. Hər bir
informasiya müəyyən emal və interpretasiyadan keçir. Media tam
vicdanlı ola bilər, amma onun vasitəsilə alınan məlumat belə
interpretasiya olunmuş və filtrdən keçmiş olur. Üstəlik, ölkəmizdə
müxtəlif redaksiya siyasətinə malik çoxsaylı media qurumları var.
Sosial mediada isə informasiya min cür filtrdən keçir.
Hətta insan ailə üzvlərindən belə informasiya aldıqda, o da
filtrdən keçmiş olur. Məlumatın ən təmiz mənbəyi insanın yaşadığı
mühitdir.
Əlbəttə, hər kəs seçki hüququnu qoruyur, lakin vacib olan nədir?
Heç olmasa bir günlüyə ölkəyə qayıt, öz gözlərinlə buradakı mühiti
gör və bundan sonra daha məlumatlı seçim et”, – deyə
Kobaxidze bildirib.
“Gürcü Arzusu” Seçki Məcəlləsində dəyişiklikləri elan edir ki, bu
da xaricdə yaşayan vətəndaşların artıq xaricdə səs verə
bilməyəcəyini nəzərdə tutur.
Partiyanın parlament sədri Şalva Papuaşvilinin fikrincə, dünyada
seçkilər xarici müdaxiləyə qarşı daha həssas olur və 2024-cü ilin
parlament seçkiləri “xaricdən seçiciyə informasiya və siyasi
təzyiqin nə qədər açıq və sərt ola biləcəyini yaxşı göstərdi”.
Papuaşviliyə görə, bu baxımdan xüsusi risklər qeyri-rezident
vətəndaşlarla, yəni başqa ölkələrdə yaşayan Gürcüstan vətəndaşları
ilə bağlıdır; “onlar yad yurisdiksiya və siyasi mühitin təsiri
altındadırlar” və dövlət bu müdaxilələrin qarşısını ala bilmir.
“Gürcü Arzusunun” mövqeyinə görə, “səsvermənin yalnız Gürcüstan
ərazisində keçirilməsi seçkilərin dayanıqlığını artırır, xarici
oyunçuların təsirini azaldır və daha adekvat, məlumatlı seçimi
təmin edir”.
“Xaricdə yaşayan vətəndaşların seçki hüququnda heç nə
dəyişmir — Gürcüstanın bütün vətəndaşları əvvəlki kimi seçkilərdə
səsvermə hüququna malik olacaqlar. Yeganə şərt — dörd ildən bir
vətənə gəlmək və səsi burada, Gürcüstanda verməkdir”, –
deyə Papuaşvili bildirib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415