Marneulidə qrup şəklində oğurluqda ittiham olunan dörd azyaşlı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları əvvəlcədən razılaşdırılmış şəkildə qrup halında törədilmiş, külli miqdarda maddi zərər vurmuş oğurluq faktı üzrə dörd azyaşlını saxlayıblar.

Saxlanılan şəxslər əvvəllər müxtəlif cinayətlərdə ifşa olunmuş şəxslərdir:
2008-ci il təvəllüdlü A.A., 2006-cı il təvəllüdlü Ş.O., 2008-ci il təvəllüdlü M.A. və 2009-cu il təvəllüdlü N.N.

DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneuli şəhərində yerləşən sürətli ödəniş terminallarını oğurlayaraq onların içindən külli miqdarda pul vəsaitini ələ keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlıları hadisədən bir neçə dəqiqə sonra, hadisə yerindən uzaq ərazidə taksi ilə hərəkət edərkən saxlayıblar. Saxlanılan şəxslərin üzərinə və avtomobilə baxış zamanı oğurlanmış pul vəsaiti maddi sübut kimi götürülüb, zədələnmiş ödəniş terminalları isə əraziyə yaxın yerdə aşkar
edilib.

Bundan əlavə, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər cari ilin noyabr ayında Marneulinin küçələrindən birində yerləşən mağazanı da qarət edərək oradan məişət əşyaları oğurlayıblar.

Hazırda faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələrinin “a” bəndləri ilə aparılır. Həmin maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Print Email
FaceBook Twitter Google