Ötən həftə Vaşinqtonda fərqli xarici siyasət istiqamətlərini əks
etdirən iki vacib sənəd açıqlanıb.
ABŞ-nin müttəfiqləri və rəqibləri bu materiallara dayanaraq böyük
strateji məsələləri nəzərdən keçirirlər.
Ağ evin açıqladığı 33-səhifəlik Milli Təhlükəsizlik Strategiyası
(NSS) xəbərlərdə "Öncə Amerika" yanaşması ilə təqdim olunur,
"ABŞ-nin dünya nizamını ayaqda saxladığı günlər bitdi" deyilir.
Sənəddə Avropa İttifaqı (Aİ) tənqid edilir, Rusiya ilə
strateji
sabitliyin bərpasından söz açılır. Bu isə Moskvada müsbət
qarşılanıb.
Konqresin açıqladığı 3 min 86 səhifəlik Milli Müdafiə Qanunu (NDAA)
isə Vaşinqtonun Avropadakı hərbi öhdəlikləri üzrə xərcləri bir
həddə saxlamağı nəzərdə tutur. Eyni zamanda, kəşfiyyatın diqqəti
Rusiyanın Çin və Şimali Koreya ilə hərbi əməkdaşlığına
yönəldilir.
"Baxışlar fərqlidir. Amma məncə, nəzərdə tutulan
vəsaitlərin tam maliyyələşdirilməsi uzun zaman alır",
– Hadson İnstitutunun baş elmi əməkdaşı Oliviya Enos
AzadlıqRadiosuna deyir. Onun sözlərinə görə, ABŞ Konqresi NSS
strategiyasına tabe olmur.
Trampın prioriteti Amerika və Çindir
NSS-in regional prioritetlər bölməsi Qərb yarımkürəsindən başlayır,
Asiya, Avropa və Yaxın Şərqə keçir.
"Trampın sənədi (NSS) onilliklər boyu davam edən strategiyalara çox
vacib bir düzəlişdir, əvvəlki strategiyalar ABŞ qarşısında aşırı
geniş milli strategiya öhdəliyi qoyurdu", – birinci Tramp
administrasiyasında Milli Təhlükəsizlik Şurasında (NSC) çalışmış
Aleksandr Qrey yazır.
O, Atlantik Şurası üçün şərhində qeyd edir ki, Qərb yarımkürəsinə
fokuslanmaq "ABŞ-nin vətəni qorumaq kimi əsas məqsədlərini açıq
sərgiləyir".
Digər müşahidəçilər deyirlər ki, siyahıdakı ardıcıllıq Ağ evin
prioritetlərinin birbaşa göstəricisidir.
"Qərb yarımkürəsində xarici siyasətin vurğulanması onların əsas
daxili prioritetlərindən birinə, miqrasiyanın qarşısını almağa
yönəlir", – Enos söyləyir. O, NSS-də Çinə yanaşmanın
da daxili siyasi narahatlıqdan qaynaqlandığını bildirir, "hər şey
iqtisadi təhlükəsizlik ilə bağlıdır". Təhlilçi insan haqları
pozuntularına dair qeydin olmamasına da diqqət çəkir.
Bu sənəddə Pekinin Moskva ilə əlaqələrinə də toxunulmur.
Amma NDAA ABŞ kəşfiyyat qurumlarını Rusiya ilə Çin arasında hərbi
əməkdaşlığı dəyərləndirməyə çağırır, buraya müdafiə ticarəti, birgə
hərbi təlimlər, hərbi kəşfiyyat məlumatlarının paylaşılması da
daxildir.
Hər iki sənəddə Tayvana güclü dəstək yer alır.
Avropa
NSS Avropada mübahisələr doğurub. Sənəddə qitənin "sivilizasiyanın
silinməsi" riski ilə üzləşdiyi qeyd olunur. Avropa ölkələrinin
siyasətinin siyasi azadlıq və suverenliyi sarsıtdığı deyilir,
qarşıdurmalar yaradan miqrasiya siyasətləri, söz azadlığının
senzurası və siyasi müxalifətin boğulmasından, doğum səviyyələrinin
kəskin düşməsindən bəhs olunur.
ABŞ vitse-prezidenti C.D.Vens fevralda Münhendə oxşar çıxış
etmişdi. O, Rumıniyanı prezident seçkisinin nəticələrini ləğv
etdiyinə görə sərt tənqid etmişdi. ABŞ Avropada sağçı partiyalara
demokratik azadlıqların tanınmadığını iddia edir. AzadlıqRadiosunun
beynəlxalq məsələlər üzrə aparıcı əməkdaşı Rey Förlonq yazır ki,
görünür, bu sənəd də həmin iddiaları önə çəkir.
Sənəddə Avropa söz azadlığının senzurasına görə tənqid olunur. Bu
isə Aİ-də ABŞ sosial media şirkətlərinə qarşı addımlara eyham
sayıla bilər.
ABŞ rəsmiləri bu məsələləri dəfələrlə gündəmə gətiriblər.
Ötən həftə NATO sammitindən öncə ABŞ dövlət katibinin müavini
Kristofer Landau Aİ-nin X sosial media şəbəkəsini cərimələməsinə
sərt reaksiya verib.
NSS Avropada güclü reaksiya yaradıb. Dekabrın 8-də Aİ Şurasının
prezidenti Antoniu Koşta Vaşinqtonun Avropanın siyasətinə müdaxilə
təhdidi yaratmasını "qəbuledilməz" adlandırıb:
"Bu
strategiya Avropa barədə müttəfiq kimi danışır. Bu yaxşıdır, amma
müttəfiqiksə, müttəfiq kimi davranmalıyıq".
London Kral Kollecində Rusiya üzrə təhlilçi Sem Qrin
AzadlıqRadiosuna deyib ki,
"bu strategiya transatlantik
alyansın sonunun başlanğıcıdır... Avropa ABŞ-nin şərtləri əsasında
münasibəti qəbul edə bilməz: bu halda Avropanın təhlükəsizliyinin
konturlarını, Avropanın daxili siyasətinin məzmununu ABŞ müəyyən
edir, eyni zamanda yükün bölüşdürülməsini tələb edir".
Aylardır ABŞ-nin Avropada qoşun sayını azaldacağı gözlənilir. NDAA
avropalılara ümid verir, ABŞ hərbçilərinin sayı 76 min səviyyəsində
saxlanılır, azı 500 min dollarlıq avadanlığın çıxarılması da
qadağan olunur.
Rusiya, Ukrayna
NDAA-da Baltik ölkələri ordularına ABŞ-nin dəstəyi nəzərdə tutulur,
məqsəd Rusiya Federasiyasının təcavüzünü önləməkdir.
NSS isə öncəki versiyalardan fərqli olaraq, Rusiyanı təhdid, yaxud
düşmən kimi göstərmir.
Enosun fikrincə, Rusiya və ABŞ arasında söhbətlərdə Rusiya
prezidenti Vladimir Putini yumşaltmaq, onun eqosuna sığal çəkmək
baxımından bu yaxşıdır.
"Amma ictimai şəkildə yumşalma mesajı vermək narahatlıq
yaradır. Mənə görə, Çin, Rusiya, İran, Şimali Koreya eyni düşmən
siyahısında yer almalıdır", – o əlavə edir.
NATO və ABŞ kəşfiyyat qurumlarında aparıcı vəzifələrdə olmuş Devid
Kettler bir təhlilində qeyd edir ki, Ağ evin strategiyası Rusiyanın
təhlükəli davranışının həm də əməkdaşlıqla düzələ biləcəyi
ehtimalını irəli sürür.
NSS-də o da qeyd olunur ki, Avropa Rusiyanı təhdid sayır, Ukraynada
sülh naminə səylərin vacibliyi vurğulanır.
"NSS bir neçə tendensiyanı bir araya
gətirir", – Kettler yazır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.