2026-cı ilin dövlət büdcəsi– Gürcüstan regionda müdafiəyə ən az xərcləyən ölkədir
Mübahisəli Parlamentin 10 dekabrda təsdiqlədiyi 2026-cı il dövlət büdcəsinin yekun versiyasında Müdafiə Nazirliyinin maliyyələşdirilməsi 2025-ci illə müqayisədə 160 milyon lari artırılıb – əsasən əməkhaqlarının yüksəldilməsi hesabına.

Cənubi Qafqaz ölkələri arasında Gürcüstan ölkənin müdafiə qabiliyyətinə ən az vəsait ayıran dövlətdir. Bu isə “Gürcü Arzusu” hökuməti iqtisadi artımın Avropa ölkələrindən daha yüksək templə getdiyini, sülhün əhəmiyyətini və müharibə risklərini
vurğuladığı zaman baş verir.

2026-cı il büdcəsi 5%-lik iqtisadi artıma hesablanıb. Lakin orta müddətli dövrdə Maliyyə Nazirliyinin proqnozu 5,3%-dir.
  • • Gəlirlər (büdcəyə daxil olan bütün ödənişlər) 30,8 mlrd laridir – 2025-ci illə müqayisədə 3,2 mlrd (12%) çox.
  • • Xərclər (büdcənin bütün məsrəfləri) ümumilikdə 30,9 mlrd lari olacaq – 2025-ci ilin göstəricisindən 2,9 mlrd (11%) çox.
  • • Nominativ ÜDM 114 milyard 121 milyon lari olaraq müəyyən edilib.
  • • Maliyyə Nazirliyinin məlumatına görə, adambaşına ÜDM 11 300 ABŞ dollarını keçəcək.
İnflyasiyanın orta səviyyəsi 3,3% olaraq müəyyən olunub; orta müddətli dövrdə isə hədəf 3%-dir.
Müdafiə xərcləri
Müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumların maliyyələşdirilməsi ümumilikdə 486 milyon lari artırılır; lakin birbaşa Müdafiə Nazirliyinin büdcəsi əvvəlki illə müqayisədə cəmi 160 milyon lari çoxdur.
  • • 2026-cı ildə Müdafiə Nazirliyinə 1 milyard 890 milyon lari ayrılıb; 2025-ci ildə bu rəqəm 1 milyard 730 milyon lari idi.
  • • Ayrılan vəsait daxilində əməkhaqlarının 10%-lik artımı nəzərdə tutulur.
  • • Maliyyə Nazirliyinin məlumatına görə, nazirliyin ayırmaları çərçivəsində “müdafiə infrastrukturunun və imkanlarının inkişafı üçün cəmi 495 milyon lari nəzərdə tutulub”.
İlya Dövlət Universitetinin dosenti, iqtisadçı Qoga Xiştovaninin hesablamasına görə, “Müdafiə Nazirliyinin xərclərinin ÜDM-ə nisbəti 2026-cı ildə 1,65% təşkil edir” və proqnoza əsasən, 2025-ci ildə də eyni göstəricidir.

“İqtisadi artım şəraitində müdafiə sisteminin bu qədər diqqətdən kənarda qalması açıq şəkildə siyasətin bir hissəsidir və Gürcüstanın olduğu geosiyasi mühitlə ziddiyyət təşkil edir. Region ölkələri və Avropa İttifaqı ölkələri müdafiə sahəsini gücləndirməyə çalışdıqları bir vaxtda bu yanaşma anlaşılmazdır”, – Xiştovani bildirib. O həmçinin hesab edir ki, artıq vaxt itirilib və beynəlxalq tərəfdaşlarla münasibətlərin gərginləşməsi, eləcə də sistemdə korrupsiya hallarının üzə çıxması fonunda bu günkü büdcənin Gürcüstanın ehtiyaclarını tam şəkildə qarşılaması çətindir.

Bu məsələlər arasında – “Gürcü Arzusu”nun iki keçmiş müdafiə naziri: İrakli Qaribaşvili (həmçinin keçmiş baş nazir) və Cuanşer Burçulaze hazırda pul yuyulması maddəsi ilə mühakimə olunurlar. Birincidən fərqli olaraq, Burçulaze hazırda həbsdədir.

Regionda müdafiə xərcləri
  • • Azərbaycan 2026-cı ildə ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün büdcənin 21%-ni xərcləməyi planlaşdırır; bu, ölkənin ÜDM-nin təxminən 6,5%-inə bərabərdir.
  • • Ermənistanın müdafiə büdcəsi 2026-cı il üçün nisbətən azaldılsa da, müxtəlif mənbələrə görə, ÜDM-ə nisbətdə təxminən 4,7%-dir.
Ötən illərdə də Ermənistan və Azərbaycan müdafiə büdcələrinin ÜDM-ə nisbəti ilə Gürcüstanın göstəricilərindən yüksək olub. 2025-ci ildə Ermənistanda bu göstərici 5% idi.

Son dövrlərdə həm Ermənistan, həm də Azərbaycan beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la fəal və effektiv əməkdaşlıq edirlər. Uzun müddətli qarşıdurmadan sonra prezident Trampın vasitəçiliyi ilə tərəflər sülh sazişinə imza atıblar, hər iki ölkə bunu tarixi hadisə adlandırır. İndi onlar ticarət və iqtisadiyyatın gücləndirilməsinə fokuslanıblar – "Tramp marşrutu" çərçivəsində.
  • • ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə NATO ölkələri Haaqa sammitində razılığa gəliblər ki, müdafiə büdcəsi ÜDM-nin 5%-inə qədər artırılsın. Bu məqsədə artıq bir çoxu uğurla nail olub.
  • • “Gürcü Arzusu” partiyasının siyasət şurasının 18 iyul 2025-ci il açıqlamasında isə Avropa ölkələrinin hərbi büdcəsini 5%-ə qədər artırması “dərin dövlətin” niyyəti kimi qiymətləndirilir, məqsədin isə “eyni anda həm Avropanı, həm də Rusiyanı məhv etmək” olduğu iddia olunur.
Keçmiş müdafiə naziri Tina Xidaşeli bildirir ki, yoxsulluq və xüsusilə beynəlxalq izolasiya şəraitində Gürcüstanın müdafiə sahəsini gücləndirmək çətin vəzifədir, çünki “müdafiə büdcəsinin böyük hissəsi Qərb yardımı hesabına doldurulurdu, indi isə bu kanal artıq yoxdur – dayandırılmış və dondurulmuş proqramlar səbəbindən”. Onun sözlərinə görə, “ən böyük problem budur ki, birgə beynəlxalq təlimlər keçirilmir və ya simvolik xarakter daşıyır”.

“Dövlət ya bu istiqamətə yönəlir, ya da yox. Təəssüf ki, heç nə gözlənilməz olmur… Müdafiə büdcəsi artırılsaydı, hansı məqsədlə artırılacaqdı, nəzərə alsaq ki, [“Gürcü Arzusu” hökuməti] ölkəni Rusiyaya təhvil verməyə hazırdır”, – Xidaşeli deyib. Bu səbəbdən təəccüblü deyil ki, “Gürcü Arzusu” hökumətinin prioritetləri nümayişçilərin döyülməsi, həbs edilməsi və məhdudlaşdırılması proseslərinin maliyyələşdirilməsidir.

Son dövrlərdə “Gürcü Arzusu”nun peyk qrupları və bəzi fərdlər Gürcüstanın neytrallığının vacibliyi barədə daha çox danışırlar, bu isə Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyası ilə bağlı 78-ci maddəsinə ziddir. Onlar həmin maddənin ləğvini tələb edirlər.
Neytrallıq tərəfdarları dünyada tanınmış praktik həqiqəti nəzərə almırlar ki, neytral ölkələrin gücü böyük ölçüdə güclü ordu və müdafiə texniki imkanları ilə təmin edilir.

Büdcədə digər nazirliklərin maliyyələşdirilməsi
  • • Səhiyyə Nazirliyi – 9,7 mlrd lari [2025-ci il planına görə 849 mln lari çox]
  • • İnfrastruktur Nazirliyi – 3,1 mlrd lari; Regionların İnkişafı Nazirliyi – 133 mln lari. 2025-ci ildə bu iki nazirlik birləşdirilmiş büdcə ilə 3,1 mlrd lari təşkil edirdi.
  • • Təhsil Nazirliyi – 2,7 mlrd lari, əməkhaqlarının 20%-lik artımı nəzərə alınmaqla [2025-ci ildə 3,08 mlrd lari]. Maliyyə Nazirliyi izah edir ki, 1 sentyabrdan Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyi ləğv edildikdən sonra funksiyalar İnfrastruktur və Regionların İnkişafı nazirliklərinə ötürülüb. Buna görə də Təhsil Nazirliyinin proqramlarına ayrılan vəsait də bu nazirliklərə paylanıb, lakin “cəmi, həmin proqramlar daxil olmaqla, 2026-cı ildə Təhsil, Elm və Gənclik proqramlarına ayrılan vəsait 3 344,2 mln lari təşkil edir”. Təhsil büdcəsi isə 470 mln lari azalıb, əsasən kapital xərclərin (yeni məktəblərin tikintisi, bərpası, infrastrukturun yenilənməsi və texniki bazanın gücləndirilməsi) azalması hesabına.
  • • Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi – 808,161 mln lari [2025-ci illə müqayisədə 61 mln lari çox].
  • • Daxili İşlər Nazirliyi – 1,5 mlrd lari [2025-ci illə müqayisədə 152 mln lari çox]. 2026-cı ilin əvvəlki büdcə versiyası ilə müqayisədə isə maliyyələşdirmə 74 mln lari artırılıb – “infrastruktur və maddi-texniki bazanın yenilənməsi səbəbindən”. Bu ayırmalarda polis əməkdaşlarının əməkhaqlarının 10%-lik artımı nəzərdə tutulub.
“Şəffaflıq üzrə Beynəlxalq – Gürcüstan”ın təhlilinə görə, 2026-cı il dövlət büdcəsinin yekun versiyası göstərir ki:
  • • Xarici qrantların həcmi 85 mln lari təşkil edir – 2024-cü ildəkindən 2 dəfə azdır; 2025-ci ildəkindən isə 27 mln lari çoxdur. Avropa İttifaqının qrantları hələ də sıfıra bərabərdir.
  • • Xarici İşlər Nazirliyində çalışan işçilərin sayı 79 nəfər azalacaq – əsasən, Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiyası ilə bağlı işçilərin hesabına.
Maliyyə və Büdcə Komitəsinin sədri Paata Kvijinadze 10 dekabrda iclasında bildirib ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkələr arasında iqtisadi inkişaf baxımından qabaqcıl mövqedədir; büdcə kəsiri və borcun azlığı baxımından isə həm namizəd, həm də Avropa İttifaqı ölkələri arasında üstünlük təşkil edir.

“Bəlkə həmkarları maraqlanır, Ukrayna və Moldova bizdən irəlidə deyillər, bunu açıq deyə bilərəm. Ukrayna barədə artıq danışmağa dəyməz – borc 100%-i keçib, büdcə kəsiri isə təxminən 21%-dir. Moldovaya gəlincə, daim deyirlər ki, Moldova yaxşı davranır, siz yox… Hər halda, maliyyə baxımından Avropa İttifaqının qanunvericiliyini pozur, çünki büdcə kəsiri 3%-i keçib və 3,7%-dir”, – deyə Kvijinadze bildirib.

Son illərdə gərgin münasibətlər fonunda, Avropa İttifaqı “Gürcü Arzusu” hökumətini tənqid edir – tənqid səbəbi iqtisadi göstəricələr deyil, demokratik geriləmə, insan hüquqlarının pozulması, “represiv qanunların” qəbulu və antiavropalı dezinformasiya ilə bağlıdır. Avropa İttifaqının bir çox paytaxtlarında “Gürcü Arzusunu” son bir il ərzində açıq şəkildə prorusiya qüvvəsi hesab edirlər. Brüsseldə həmçinin bildirilib ki, namizəd statusu indi yalnız kağız üzərində qalıb və Gürcüstan artıq Avropa İttifaqına doğru irəliləmirsə. Brüssel “Gürcü Arzusunun” xüsusi şifahi hücumlarının hədəfidir.
  • • Gürcüstanın vahid dövlət büdcəsinin kəsiri [yerli özünüidarəetmə orqanlarının büdcələri də daxil olmaqla] 2,9 mlrd lari olacaq, bu isə ÜDM-in 2,5%-inə bərabərdir – 2026-cı il dövlət büdcəsində qeyd olunub.
  • • Maliyyə Nazirliyinin hesablamasına görə, 2026-cı ilin sonunda dövlət borcu 38,2 mlrd lari olacaq, bu isə proqnozlaşdırılan ÜDM-in 33,5%-dir.
  • • 2026-cı ildə əvvəlki borclar ödəniləcək – 2,9 mlrd lari; lakin əlavə olaraq 5,1 mlrd lari borc götürmək planlaşdırılır, bunun 3,3 mlrd lari xarici borcdur.
Büdcə layihəsini dəstəkləməyiblər – “Gürcü Arzusu”nun keçmiş baş naziri, uzaqdan həbsdə olan Qiorqi Qaxarianın partiyasının nümayəndələri. Bu partiyadan parlamentə daxil olmuş deputat Şalva Kereselidze büdcə layihəsini “səthi” və “icraedici orqanların qüsurlarını, çatışmazlıqlarını və nöqsanlı tərəflərini ört-basdır etməyə yönəlik” adlandırıb.

“Təqdim edilmiş sənəddə oxuyuruq ki, iqtisadiyyat böyüyüb, gəlirlər artıb, ÜDM yüksəlib, larinin məzənnəsi möhkəmlənib. Xalq üçün başa düşülən dildə deyin, izah edin, belə iqtisadi artım modelinə nə deyilir, larinin məzənnəsi möhkəmlənir, eyni zamanda istehlak bazarında ərzaq və gündəlik istifadə məhsulları fəlakətli şəkildə bahalaşır… ÜDM və iqtisadiyyat böyüsün, eyni zamanda yoxsulluq səbəbindən miqrasiya artsın”, – deyə Şalva Kereselidze bildirib. Onun sözlərinə görə, xalq ölkənin iqtisadi inkişafını hiss etmir, çünki “Gürcüstanda korrupsiya hakimiyyət tərəfindən ‘legallaşdırılıb’ və demək olar ki, hər səviyyədə icazə verilib”.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google