Ukrayna Avropa müttəfiqləri ilə bir neçə günlük məsləhətləşmələrdən
sonra ABŞ-nin sülh planının son layihəsinə cavabını təqdim edib.
Bu barədə "Axios" Ukrayna və ABŞ rəsmilərinə istinadən xəbər
verib.
Sənədi ABŞ prezidentinin təmsilçiləri Stiv Uitkoff və Cared Kuşnerə
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem
Umerov təqdim edib. Ukraynalı məmurlardan biri deyib ki, cavab
şərhləri və təklifləri
əhatələyir. Onun sözlərinə görə, sənəddə
ərazilər, Zaporojye AES kimi mübahisəli məsələlərlə bağlı yeni
ideyalar da yer alıb.
Ukrayna prezidenti Volodimir Zelenski həftənin əvvəlində
"Bloomberg"ə deyib ki, danışıqlarda yeddi "həssas məsələ" üzrə
razılığa gələ bilmirlər – bunlara təhlükəsizlik təminatları,
Ukraynanın şərq bölgələrinə nəzarət daxildir.
Dekabrın 11-də ABŞ və Ukrayna sülh planının müzakirəsini davam
etdirəcəklər. "Axios" onların onlayn görüşəcəyini yazır.
Ukrayna ABŞ rəsmiləri ilə ölkənin iqtisadi bərpasını
müzakirə edib
Ukrayna ABŞ ilə ölkənin iqtisadi bərpası üzrə danışıqlar aparır.
Prezident Volodimir Zelenski danışıqların məhsuldar keçdiyini
deyib.
Vaşinqton görüşə onlayn qatılıb. ABŞ maliyyə naziri Skott Bessent,
ABŞ prezidentinin kürəkəni Cared Kuşner və amerikalı maliyyəçi
Larri Fink danışıqlarda iştirak ediblər.
"Əslində bu, Ukraynanın bərpası və iqtisadi yüksəlişi
ilə bağlı sənəd üzərində işləyəcək qrupun ilk görüşü sayıla bilər.
Bərpanın əsas elementlərini, müxtəlif mexanizmləri, yenidənqurma
konsepsiyalarını müzakirə etdik. Düzgün yanaşma ilə
gerçəkləşdirilməsi mümkün xeyli ideyalar var", –
Zelenski Telegram-da yazıb.
Ukraynanın iqtisadi bərpası ABŞ prezidenti Donald Trampın təklif
etdiyi sülh planının bir hissəsidir. Digər iki hissə müharibənin
dayandırılması şərtlərini, Qərb müttəfiqlərinin Ukraynaya təqdim
etməli olduğu təhlükəsizlik təminatlarını əhatələyir.
Zelenskinin dediyinə görə, dekabrın 11-də 30-dan çox dövlətin
iştirakı ilə "İstəklilər koalisiyası"nın toplantısı
keçiriləcək.
Trampdan "kəskin sözlər"
Ukraynanın Avropa müttəfiqləri Vaşinqtonun təklifinə isti
yanaşmayıblar.
"İstəklilər koalisiyası"nın iclasından öncə Almaniya, Fransa,
Britaniya liderləri Trampla telefonla danışıblar.
Tramp deyib ki, o "çox kəskin" sözlərdən istifadə edib, bu isə
müharibənin başa çatdırılması üçün fikir ayrılığının dərinləşdiyini
göstərir.
"Ukraynanı çox kəskin sözlərlə müzakirə
etdik", – Tramp jurnalistlərə deyib.
"Məncə, adamlar barədə kiçik mübahisələrimiz oldu,
görək necə nəticələnəcək. Dedik ki, görüşdən öncə bəzi məsələləri
bilməliyik", – Tramp bildirib. O, Avropa ölkələrinin
bu həftəsonu Avropada görüş barədə danışdığını əlavə edib.
Tramp administrasiyası Kiyevə sülh təklifini qəbul etməsi üçün
təzyiq göstərir. Tənqidçilər bu təkliflərin, əsasən, Rusiyanın
xeyrinə olduğunu deyirlər. ABŞ-nin ilkin layihəsi mediada dərc
olunsa da, rəsmi açıqlanmayıb. Planda Donbasın Rusiyaya verilməsi,
Ukrayna qoşunlarının Donetsk vilayətindəki ərazilərdən çıxarılması,
Xerson və Zaporojyedə döyüşlərin təmas xəttində dondurulması yer
almışdı.
Ukrayna hərbi vəziyyətdə seçkilər keçirməyin hüquqi yolunu
müzakirə edir
Ukrayna prezidenti Volodimir Zelenski parlamentin üzvləri ilə hərbi
vəziyyətdə seçki keçirməyi müzakirə edib. Zelenski dekabrın 10-da
axşam müraciətində deyib ki, seçki keçirilməsi üçün Kiyevin
müttəfiqləri, xüsusilə Vaşinqton güclü təhlükəsizlik təminatları
verməlidir.
"Tərəfdaşlarımız, o cümlədən Vaşinqtondakı əsas
tərəfdaşımız Ukraynada seçkilərdən, hərbi vəziyyətdə seçkilərdən bu
qədər çox və konkret danışırlarsa, onda Ukrayna hər bir suala və
şübhəyə hüquqi cavab verməlidir", –Zelenski
deyib.
"Bu, asan deyil, amma bu məsələdə təzyiq də bizə lazım
deyil... Təhlükəsizlik məsələləri tərəfdaşlardan asılıdır, əsas da
Amerikadan. Siyasi və hüquqi məsələlərə Ukrayna cavab verməlidir.
Cavab veriləcək", – o əlavə edib.
Bundan öncə ABŞ prezidenti Donald Tramp Kiyevin müharibədən
seçkilərdən yayınmaq üçün bəhanə kimi yararlanması fikrini
səsləndirib.
Ağ ev Ukraynada seçkilərin keçirilməsi üçün təzyiq göstərir.
D.Tramp dekabrın 9-da "Politico"nun dərc etdiyi müsahibəsində
seçkinin "artıq vaxtıdır" deyib.
Ukrayna konstitusiyası isə müharibə dövründə seçki keçirilməsinə
icazə vermir.
Rəsmilər Rusiyanın gündəlik hava zərbələri fonunda seçkinin mümkün
olmadığını deyirlər, minlərlə əsgər müharibədədir, milyonlarla
ukraynalı evindən didərgin düşüb.
Sonuncu seçki 2019-cu ildə keçirilib, hökumətdə dəyişiklik
istəyənlər də var. Zelenskinin populyarlığı son həftələr düşüb,
buna böyük korrupsiya qalmaqalı təsirini göstərib, nüfuzlu müşaviri
Andriy Yermak istefa verib.
9 dekabr
Üç sənəd
Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 9-da jurnalistlərlə
onlayn söhbətində deyib ki, Ukrayna, Avropa və ABŞ arasında
danışıqlar çərçivəsində sülh tənzimlənməsinin əsasında duran üç
sənəd hazırlanır.
"20 bənddən ibarət çərçivə sənədi var, o, daim dəyişir,
bu da normaldır. Bu, Ukraynanın, Avropanın və dünyanın maraqlarına
cavab verməli olan canlı bir strukturdur", – Zelenski
vurğulayıb. Ukrayna prezidentinin sözlərinə görə, ikinci sənəd
təhlükəsizlik təminatları, üçüncü isə Ukraynanın bərpası ilə
bağlıdır.
Zelenski bundan öncə demişdi ki, ABŞ-nin təhlükəsizlik
zəmanətlərini Konqres təsdiqləməlidir, Budapeşt Memorandumu ilə
bağlı ssenari təkrarlanmamalıdır.
Zelenski dekabrın 8-də deyib ki, danışıqlar nəticəsində ABŞ-nin
sülh planı 28 bənddən 20 bəndə salınıb, Kiyev üçün ən mübahisəli
şərtlər oradan çıxarılıb. O, detalları açıqlamayıb. Ukrayna
prezidenti ərazi məsələləri üzrə kompromisin hələ tapılmadığını da
söyləmişdi.
Zelenski: Seçkilərə hazıram
Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynada
prezident seçkisi keçirmək ilə bağlı çağırışına cavab verib.
"Mən seçkilərə hazıram. Üstəlik, Birləşmiş Ştatlardan
xahiş edirəm, seçkilərin keçirilməsi üçün, ola bilsin, avropalı
həmkarları ilə birlikdə təhlükəsizliyi təmin etsin. Onda 60-90 gün
ərzində Ukrayna seçkilərə hazır olacaq", -
"RBC-Ukraina" Zelenskidən sitat gətirir.
Onun sözlərinə görə, Ukrayna parlamentindən hərbi vəziyyət dövründə
səsvermənin keçirilməsi üçün qanunlarda lazımi dəyişikliklər
aparmağı xahiş edəcək.
"Uzun müddətdir seçki keçirmirlər"
ABŞ prezidenti Donald Tramp "Politico" nəşrinə müsahibəsində
Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyindən
danışıb.
"Onlar uzun müddətdir seçki keçirmirlər. Demokratiyadan
danışırlar, amma elə bir vəziyyət yaranır ki, bu, artıq demokratiya
deyil", – Tramp deyib.
ABŞ prezidenti seçkilər keçirilsə, Zelenskinin yenidən qalib gələ
biləcəyini də istisna etməyib.
Tramp daha öncə də Ukraynada seçki keçirilməsini tələb edib. O,
hətta prezident Volodimir Zelenskini "diktator" adlandırıb. Amma
sonradan bu fikirlərini təkrarlamayıb.
Zelenskinin səlahiyyət müddəti 2024-cü ildə bitib. Qanunvericiliyə
görə, o, yeni seçkilər keçirilənədək vəzifəsində qalır. Seçkilərin
keçirilməsi isə Rusiyanın işğalçı müharibəsinə görə elan olunmuş
hərbi vəziyyətə görə mümkün deyil. İşğal 2022-ci il fevralın 24-də
başlayıb.
Rusiya prezidenti Vladimir Putin Zelenskinin "legitim" olmadığını
dəfələrlə dilə gətirib.
Sülh planına razılaşmağa çağırır
Tramp ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqlarını da şərh edib. O,
Rusiyanın hazırda danışıqlarda Ukraynadan "şübhəsiz" daha güclü
mövqedə olduğunu söyləyib.
"Cəsarətinə, mübarizəsinə görə Ukrayna xalqını və
ordusuna hörmət edirəm, amma gec-tez miqyas üstün
gəlir", – Tramp vurğulayıb.
O, Zelenskiyə sülh planı ilə razılaşmağı məsləhət gördüyünü
bildirib. Bu plan Ukraynanın ciddi güzəştlərə getməsini nəzərdə
tutur.
Tramp Avropanın müharibə ilə bağlı "pis" davrandığını bildirib,
Zelenskini tənqid edib, onun Moskvanın ilhaq etdiyi Krımı geri
qaytarmaq, NATO-ya daxil olmaq istəyinin Rusiyanın təcavüzünü
körükləyəcəyini deyib.
Tramp Co Bayden administrasiyasını da yenidən tənqid edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.