Kiyev Donbası Rusiya ərazisi kimi "nə de-yure, nə de-fakto"
tanıyacaq, ərazi məsələsində hələlik "konsensus yoxdur".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Berlin danışıqlarının
yekunlarını şərh edərkən deyib. "Ukrainska Pravda" ondan sitat
gətirir.
Zelenski deyib ki, Rusiyanın Donbasla bağlı mövqeyi dəyişməyib:
"Bilirsiniz ki, onlar bizim Donbası istəyirlər.
Mövqeyimiz praktik, real, ədalətlidir, ona söykənirik, Donbasımızı
vermək istəmirik. Amerikalılar kompromis tapmaq istəyirlər, azad
iqtisadi zona təklif edirlər. Bir daha vurğulayıram, azad iqtisadi
zona – Rusiya Federasiyasının rəhbərliyi altında demək
deyil".
"Donbası Rusiya ərazisi kimi nə de-yure, nə de-fakto
tanıyacağıq. Müvəqqəti işğal altında olan ərazini. Amma ərazilər
məsələsini müzakirə edəcəyik. Bilirsiniz ki, bu, əsas məsələlərdən
biridir. Hələlik konsensus yoxdur", – Zelenski əlavə
edib.
"Bloomberg", bir sıra media qurumları ABŞ nümayəndə heyətinə
istinadla yazır ki, Berlin danışıqlarında həll olunmamış
məsələlərdən 90 faizi üzrə konsensus əldə olunub.
Zelenski sülh danışıqlarında 'ağrılı' məsələni
açıqladı
Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların
ikinci raundu başa çatıb. Danışıqlarda məqsəd Rusiyanın Ukraynaya
qarşı dörd ilə yaxındır apardığı müharibəni bitirməkdir.
Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidentinin xüsusi
elçiləri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə danışıqlar
dekabrın 14-də start götürüb və beş saatdan çox davam edib.
Medianın məlumatına görə, bazar ertəsi danışıqlar təxminən iki saat
sürüb. Zelenski yenə də danışıqlarda iştirak edib. Daha sonra o,
Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə görüşə gedib.
Görüşdən sonra Zelenski Amerika nümayəndə heyəti ilə danışıqların
məhsuldar və təfsilatlı olduğunu deyib, "ləyaqətli sülh"ə ümid
etdiyini bildirib. O, danışıqların asan olmadığını etiraf edib.
Zelenskinin sözlərinə görə, ağrılı olanı ərazi məsələsidir. "Bütün
məsələlər sadə deyil. Xüsusilə ərazi mübahisələrinə gəldikdə, çox
mürəkkəb məsələlər var", - o əlavə edib.
Bir gün öncə Uitkoff "əhəmiyyətli irəliləyiş" əldə olunduğunu
bildirmişdi. "Reuters" və bir sıra digər media qurumları
mənbələrinə istinadən yazırdı ki, xüsusilə Ukraynanın NATO
üzvlüyünə alternativ ola biləcək təhlükəsizlik zəmanətləri müzakirə
edilib. "The Wall Street Journal" və AFP-nin məlumatına görə, ABŞ
nümayəndələri Ukrayna qoşunlarının Donetsk vilayətinin onların
nəzarəti altında qalan hissəsindən çıxarılmasında israr etməyə
davam ediblər. Bu, Rusiyanın əsas şərtidir. Mənbələrə görə, - Kiyev
nümayəndələri bunu açıq şəkildə də bildiriblər, - Ukrayna tərəfi
buna razı deyil.
Tramp: "Məncə, indi yaxınıq"
ABŞ və Ukrayna rəsmiləri Berlin danışıqlarında "əsaslı proqres"
əldə olunduğunu deyiblər. Məlumatlara görə, Vaşinqton Kiyevə
NATO-nun 5-ci maddəsində qarşılıqlı müdafiə vədinə oxşar
təhlükəsizlik zəmanətləri təklif edib.
Əsas məsələlər, o cümlədən Donetsk vilayətində Kiyevin nəzarətində
olan ərazilərin taleyi barədə suallar qalır.
ABŞ prezidenti Donald Tramp isə Ukrayna müharibəsini bitirəcək
razılaşmanın yaxın olduğunu deyib.
"Bunu həll etməyə çalışırıq, məncə, indi
yaxınıq", – Tramp Berlin danışıqları bitəndən sonra
Oval ofisdə jurnalistlərə deyib.
"Rusiya prezidenti Putinlə saysız danışıqlarımız olub,
məncə, indi həmişəkindən daha çox yaxınıq və görək nə edə
biləcəyik", – Tramp deyib.
O, bu yaxınlarda Putinlə danışdığını söyləsə də, detalları,
söhbətin nə zaman baş tutduğunu açıqlamayıb.
+++
Bir sıra media orqanları ABŞ rəsmilərinə istinadla yazırlar ki,
Berlin danışıqlarında təklif olunan zəmanətlər "5-ci maddəyə
oxşardır".
NATO xartiyasının 5-ci maddəsində deyilir ki, alyansın bir üzvünə
hücum bütün üzvlərə hücum sayılır.
Vaşinqtonun belə zəmanətləri necə verəcəyi detallı bəlli deyil,
amma rəsmilər belə təklifin masa üstündə həmişəlik qalmayacağını da
deyiblər.
Putinin sözçüsü Dmitri Peskov dekabrın 15-də deyib ki, Ukraynanın
NATO üzvlüyündən kənarlaşdırılması Kreml üçün istənilən sülh
sazişinin "əsas sütunudur". Rusiya Berlin danışıqlarından sonra ABŞ
rəsmilərindən məlumat gözləyir.
Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətləri planı təqdim
edib
Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə
danışıqlardan sonra Ukrayna üçün altı bənddən ibarət təhlükəsizlik
zəmanətləri təqdim edib.
1. Ukraynaya daimi hərbi dəstək, dinc dövrdə Ukrayna Silahlı
Qüvvələrinin sayının 800 min nəfər həddində saxlanması;
2. Avropanın rəhbərliyi altında "İstəklilər koalisiyası"
çərçivəsində çoxmillətli qüvvələrin formalaşdırılması və ABŞ-nin
dəstəyi ilə onların Ukrayna ərazisində mümkün fəaliyyətləri;
3. ABŞ-nin rəhbərliyi altında, beynəlxalq nümayəndələrin iştirakı
ilə atəşkəsə nəzarət mexanizmi – bu mexanizm vəziyyətin
monitorinqi, hücumlar barədə erkən xəbərdarlıq, pozuntuların qeydə
alınması və onlara reaksiya verilməsi ilə məşğul olacaq;
4. Ukraynanın bərpasına investisiyalar, yenidənqurma işlərinin
maliyyələşdirilməsi, ticarət sazişləri və Rusiyanın vurduğu zərərə
görə kompensasiya. Rusiyanın Aİ-dəki aktivləri dondurulmuş
qalır;
5. Gərginliyin artması, Ukraynaya hücum halında hərbi, kəşfiyyat,
iqtisadi və diplomatik vasitələrlə cavab vermək öhdəliyi;
6. Ukraynanın Aİ-yə üzvlüyünə dəstək.
14 dekabr
Ukrayna NATO-ya üzvlük niyyətindən əl çəkə bilər,
amma...
Danışıqlar öncəsi Zelenski deyib ki, Qərbdən alternativ
təhlükəsizlik zəmanətləri qarşılığında Ukrayna NATO-ya qoşulmaq
niyyətlərindən əl çəkə bilər.
Amma bu qərar Zelenski üçün asan olmaya bilər, çünki alyansa üzvlük
siyasi məqsəd olaraq Ukrayna konstitusiyasına salınıb.
"Bu gün Ukrayna və ABŞ arasında ikitərəfli
təhlükəsizlik zəmanətləri, ABŞ-dən 5-ci maddəyə bənzər
qarantiyalar, Avropa həmkarlarımızdan, Kanada və Yaponiyadan
təhlükəsizlik zəmanətləri Rusiyanın işğalını önləmək üçün bir
imkandır", – Zelenski WhatsApp söhbətində bir
jurnalistin sualına cavabında deyib. O, ABŞ və Avropadan bəzi
tərəfdaşların Ukraynanın NATO-ya qoşulmaz arzusunu dəstəkləmədiyini
əlavə edib.
"Bu artıq bizim tərəfdən güzəştdir", –
deyən Zelenski zəmanətlərin hüquqi baxımdan məcburiliyi öhdəliyinin
qoyulmasının vacibliyini vurğulayıb.
Kiyevin NATO-dan uzaq tutulması Moskvanın əsas tələblərindən
biridir. NATO üzvlərinin çoxu da Ukrayna üçün bu variantı çıxdaş
ediblər.
Sülh planının 20 bəndə salındığı deyilir
Moskva Berlin danışıqlarının əhəmiyyətini kiçildir. Danışıqlarda
ərazilərə nəzarət, təhlükəsizlik zəmanətləri ilə bağlı fikir
ayrılıqları qalır.
Noyabrda Vaşinqton 28-bəndlik sülh planı təqdim edib. Kiyev
Avropadan müttəfiqləri ilə plana dəyişikliklər etməyə çalışıb.
Rəsmilər planın 20 bəndə salındığını desələr də, detallar
açıqlamayıblar.
Bu arada Ukrayna və Rusiya bir-birinə qarşılıqlı zərbələr
endirir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.