2026-cı ildə dövlət torpaqların sporadik qeydiyyatını həyata keçirəcək – “Gürcü arzusu”nun parlamenti qanun layihəsini I oxunuşda dəstəklədi
“Gürcü Arzusu” parlamenti torpaq qeydiyyatı ilə bağlı qanunvericilik dəyişikliklərini birinci oxunuşda qəbul edib.

Qanunvericilik paketi nəzərdə tutur ki, 2026-cı il yanvarın 1-dən etibarən bir il müddətində Milli İctimai Reyestr Agentliyi torpaqların sporadik qeydiyyatını həyata keçirəcək.

Sporadik qeydiyyat nə deməkdir?

Bu, maraqlı şəxsin müraciəti və təqdim etdiyi zəruri sənədlər əsasında torpağın qeydiyyatıdır.

Qanun layihəsinin təşəbbüskarları
bildirirlər ki, Ədliyyə Nazirliyi tərəfindən elan edilmiş torpaqların sistemli qeydiyyatı çərçivəsində mühüm nəticələr əldə olunub. Sistemli qeydiyyat proqramı 2026-cı il yanvarın 1-dək başa çatır. Sistemli qeydiyyat zamanı xidmətdən yararlana bilməyən mülkiyyətçilərə müraciət əsasında torpağın qeydiyyatı imkanı veriləcək.

Qanun layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dək agentlik aşağıdakıları təmin etməlidir:
  1. Gürcüstanın bələdiyyələrində (özünüidarə edən şəhərlər istisna olmaqla) özbaşına zəbt edilmiş torpaq sahələri üzrə mülkiyyət hüququnun tanınması;
  2. Təqdim olunan sənədlərdə göstərilən torpaq sahəsinin eyniliyinin (identifikasiyasının) müəyyən edilməsi.
Layihəyə görə, 2027-ci il yanvarın 1-dək bələdiyyələrin özbaşına zəbt edilmiş torpaq üzərində mülkiyyət hüququnu tanımaq, həyətyanı torpaq sahəsi barədə arayış vermək, torpaq sahəsinin eyniliyini müəyyən etmək və s. səlahiyyətləri dayandırılır.

Mülkiyyət hüququnun tanınması və eyniliyin müəyyən edilməsi sistemli qeydiyyatın coğrafi əraziləri üçün müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Sporadik qeydiyyatın haqqını hökumət müəyyən edəcək.

Bundan əlavə, qanuna “dövlət ölçən” anlayışı əlavə olunur.

Layihəyə əsasən, “dövlət ölçən” qanunun tələblərinə uyğun şəkildə sertifikatlaşdırılmış, planlaşdırma/ölçmə işlərini icra edən şəxsdir. Dövlət ölçən topoqrafik, geodeziya və kadastr planlaşdırma/ölçmə işlərini yerinə yetirəcək.

Dövlət ölçənlərlə paralel olaraq özəl ölçənlər də fəaliyyətini davam etdirəcək və vətəndaş hansı xidmətdən istifadə edəcəyini öz seçə biləcək. Özəl ölçənin gördüyü iş dövlət ölçəni tərəfindən yoxlana bilər.

“Gürcü arzusu” parlamentində müzakirələr zamanı ədliyyə nazirinin müavini Qiorqi Dqebuadze bildirib ki, sistemli torpaq qeydiyyatı çərçivəsində artıq qeydiyyatdan keçmiş torpaq sahələrinin sərhədlərinin düzəldilməsinə planlaşdırılandan xeyli çox sahədə ehtiyac yarandığı üzə çıxıb; həmçinin, özbaşına zəbt edilmiş torpaq sahələrinin sayı proqnoz göstəricisini 2,5 dəfə üstələyib.

Onun sözlərinə görə, sistemli qeydiyyatın yekun mərhələsində daxili və ya xarici miqrasiya və digər səbəblərə görə sahə işlərində iştirak etməyən vətəndaşların müraciətlərinin sayı artıb.

Nazir müavini sistemli qeydiyyatın nəticələrindən də danışıb.

2022–2025-ci illərdə 2 094 707 torpaq sahəsi ölçülüb, onların ümumi sahəsi 1 101 570 hektar təşkil edib.

Qurumun məlumatına görə, 2025-ci il 1 dekabr tarixinə ölkənin kadastrla əhatə olunma səviyyəsi 95%-dən çoxdur.

2022–2025-ci illərdə 1 469 581 vətəndaş torpaq mülkiyyətçisi olub.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google